“Azərbaycançılıq ideologiyası özündə dövlətimizin və millətimizin ən mühüm ideallarını daşıyır” – AÇIQLAMAbackend

"Azərbaycançılıq ideologiyası özündə dövlətimizin və millətimizin ən mühüm ideallarını daşıyır" - AÇIQLAMA

Dünya azərbaycanlılarını vahid bir ideya ətrafında birləşdirən bünövrə mövcuddur. Bu, azərbaycançılıq ideologiyasıdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyası milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən bir məfkurədir. “Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu dahi fikirlərin müəllifi olan Ulu Öndər Heydər Əliyevin bizə miras qoyduğu azərbaycançılıq ideologiyası hər bir azərbaycanlının qürur mənbəyi olmalıdır. Çünki bu ideologiyanın kökündə Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. Bu, imperiyaya qarşı müqavimət göstərməklə formalaşan, möhkəmlənən bir istiqlal ideologiyasıdır. Azərbaycançılığın tarixi qayəsi məhz öz ərazi bütövlüyünü və xalqın birliyini qorumaqdır. Çünki mütəmadi olaraq işğala məruz qalan bir xalq üçün vətənçilikdən böyük ideal ola bilməz. Xalqımızın milli-mənəvi dəyərlərini müdafiə etməyi, qoruyub-saxlamağı aşılayan, dövlət və vətəndaş mənafelərini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi üçün uğurlu təməldir. Azərbaycançılıq ideologiyası həm də milli dövlətçiliyimizin inkişafında mühüm rola malikdir. Başqa sözlə, azərbaycançılıq dünya azərbaycanlılarını milli maraqlarımız ətrafında birləşdirməklə yanaşı, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafında vacib faktor kimi çıxış edir.

Mövzu ilə bağlı KONKRET.az-a danışan Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu ideologiyanı siyasi kursa çevirib: “Azərbaycan müstəqillik qazandığı vaxtlarda ideoloji məsələlərə münasibət fərqli istiqamətlərdə cərəyan edirdi. Həmin dövrdə bəzi insanlar düşünürdü ki, totalitar quruluşda olmaq özlüyündə ideoloji sistemdə yaşamaq deməkdir. Onların fikrincə, Qərb modelini qurmaq bizdən ideologiyasızlıq tələb edir. Həmin fikir cəmiyyətdə daha çox üstünlük qazanmışdı və tərəfdarları kifayət qədər çox idi. Alimlər, ziyalılar və digər vacib şəxslər bu mövqeni bölüşürdü. Lakin bununla yanaşı o dövrdə partiyaların nizamnaməsində ideoloji məsələlələrə də ayrıca olaraq yer verilirdi. Bu mənada bir-birindən fərqlənməyən, dominantlıqda əsasən Azərbaycanı milli-mədəni və siyasi varlıq kimi qəbul edən konsepsiyanın tərəfdarları da var idi. Ulu Öndər Heydər Əliyev bütün bunları nəzərə alaraq azərbaycançılıq ideologiyasını irəli sürdü və onu dövlət kursuna çevirdi. Ötən on illər ərzində bu barədə ciddi elmi əsərlər yazıldı. Bu ideologiya dərsliklərə daxil edildi və sözügedən sahədə ayrıca cərəyanlar yaradıldı. Beləliklə, azərbaycançılıq ideologiyası işləklik qazandı”.

Millət vəkilinin sözlərinə görə, müstəqilliyin ilk illərində azərbaycançılıq ideologiyasının daşıyıcıları dövlət və millət amalında birləşirdi: “Azərbaycançılıq ideologiyası ilə ölkəmizdə yaşayan bütün milli-etnik toplumları özündə birləşdirən və vahid Azərbaycan amalı uğrunda səfərbər edən bir doktrina meydana gəldi. 1992-1993-cü illərdə hədsiz millətçi mövqedə olan qüvvələr çağırışlar edərək, ölkə daxilində etnik separatizmə geniş meydan verməyə çalışırdı. Etnik separatizmin mənfi izlərini aradan qaldırmaq xeyli vaxt tələb etdi və bu, çox çətin proses idi. Çünki daxildə separatizm alovlandırılmışdı. “Talış-Muğan Respublikası”, Sadvalçılar və “Ləzgistan”, eləcə də digər etnik-milli toplumlar bu ideoloji xəttə bağlı idi. Lakin azərbaycançılıq ideologiyasının daşıyıcıları isə dövlət və millət amalında birləşirdi”.

Zahid Oruc yeni media qanunundakı mübahisəli məsələlərə AYDINLIQ GƏTİRDİ » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Deputat İkinci Qarabağ müharibəsinin Ulu Öndər Heydər Əliyevin başlatdığı azərbaycançılıq ideologiyası modelinin zirvəsi olduğunu da vurğulayıb: “Vətən müharibəsində hamı bir hədəf uğrunda savaşaraq torpaqlarımızın azadlığına nail oldu. Onların sırasında ləzgi, talış, avar, kumuk və digər etnik mənsubiyyətli insanlar da var idi. Vətən müharibəsində qələbə bizi yeni milli kimliyə qovuşdurub. Lakin biz indi azərbaycançılıq ideologiyasını yeni modelə daşımalıyıq. Bir tədqiqat mərkəzinin rəhbəri kimi biz bu istiqamətdə dövlətə müəyyən sənədləri təqdim etməyə çalışırıq. Hesab edirəm ki, biz yeni milli kimlik qazanmışıq və bu, Azərbaycan milləti konsepsiyasıdır. Çünki azərbaycançılıq coğrafi mənsubiyyətdir. Azərbaycan isə sadəcə siyasi addır. Hesab edirəm ki, on illər ərzində azərbaycançılıq ideologiyası dövlətimizin və millətimizin ən mühüm ideallarını özündə daşıyaraq lazımi töhfəsini verib. Amma düşünürəm ki, bu ideologiyanı Vətən müharibəsindən sonrakı dövrün nəticələrinə və yekunlarına uyğunlaşdırmaq hədsiz vacib və önəmlidir. Bu istiqamətdə bütün elmi-siyasi fikir mərkəzləri və qurumlar səfərbər olmalıdır. Dövlət və millət üzərində fəaliyyət aparanların bu yöndə işləri bir araya gəlməlidir. Yalnız belə olan təqdirdə biz uğurlu nəticələr qazana bilərik”.

Şəbnəm Mehdizadə,
KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” mövzusuna uyğun olaraq dərc edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*