Azərbaycanda abortun artmasını əngəlləyən dövlət proqramı işə düşdü – TƏFƏRRÜATLARbackend

Azərbaycanda abortun artmasını əngəlləyən dövlət proqramı işə düşdü - TƏFƏRRÜATLAR

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun son hesabatına əsasən, Azərbaycan uşaqların cins seçiminə görə dünyada birinci yerdədir. Yəni 21-ci əsrdə yaşasaq da, hələ də insanlarımız övladlarını cinsiyyətinə görə seçirlər. Təbii ki, bu proses ölkədə abort hallarının kəskin artmasına səbəb olur. Və nəticədə demokrafik böhranla yanaşı, dövlətin beynəlxalq imicinə də təsirsiz ötüşmür.
Mütəxəssislər hesab edirlər ki, bu, çox ciddi siqnaldır və prosesin qarşısının alınması istiqamətində lazımi addımlar atılmalıdır.

Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov məsələ ilə bağlı KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanın belə bir hesabatda ön sırada yer alması düşündürücüdür və bu istiqamətdə ciddi addımların atılmasına ehtiyac var:

“Bu cür beynəlxalq hesabatlarda Azərbaycanın adının hallanması xoşagələn deyil. Biz bu kimi halların aradan qaldırılması üçün addımlar atmalıyıq. Hesab edirəm ki, bu məsələdə ilk növbədə geniş maarifləndirmə və təbliğat işlərinin aparılmasına böyük ehtiyac var. Yəni bu istiqamətdə fəal iş aparmalıyıq ki, insanlar belə yanaşmalara son qoysunlar. Biz bu istiqamətdə iş aparmadıqca, güclü maarifləndirmə tədbirləri həyata keçirmədikcə, bu kimi halları davamlı olaraq yaşayacağıq və bu problemlər özünü hər zaman daha qabarıq göstərəcək. Ona görə də aidiyyəti qurumların bu istiqamətdə maarifləndirmə aparmasına çox böyük ehtiyac var”.

Ailə psixoloqu Sevinc Həbibova isə qeyd edib ki, bir uşağın doğulması ailənin həyatında ən əhəmiyyətli hadisələrdən biridir:

“Yeni bir insanın doğulmasının sevinci ilə yanaşı, uşağın baxımı və tərbiyəsi ilə əlaqəli Allah qarşısında məsuliyyət də valideynlərin üzərinə düşür. Uşağın cinsi nə olacaq — vəziyyətdən asılıdır? Yoxsa bunun arxasında təsirlənə biləcək konkret proseslər var? İnsanlar əsrlər boyu bu suala cavab tapmağa çalışıblar. “Qızlar daha ağıllı və çalışqandırlar”, “ancaq oğlanın lider, rəhbər olmaq şansı daha yüksəkdir”, “qız daha həssasdır”, “oğlan pis bir adamlara qoşula bilər”. Gələcək valideynlər körpənin cinsini əvvəlcədən bilmək üçün seçici abortdan qan yenilənməsinə qədər xüsusi texnikalara müraciət etməyə hazırdırlar.

Selektiv (cinsi seçmə) abort problemi bu gün təkcə Azərbaycanda yox, başqa ölkələrdə də çox aktualdır. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, hər il ölkəmizdə abortların sayı mindən çox artır. Statistika göstərir ki, son illərdə ölkəmizdə yeni doğulmuş oğlanların sayı qızların sayından xeyli çoxdur.

Bir uşağın doğulmasını nə qədər səbirsizliklə gözləyirik. Amma niyə bu gün tez-tez uşağın cinsi ilə bağlı sual yaranır? Müasir elm adamları bir oğlan uşağının doğulmasına üstünlük verən valideynlərin selektiv abort etmək istəyi ilə qarşılaşırlar. Bu, nə dərəcədə düzgündür, bu fenomenin səbəbləri nədir, psixoloqlar bunu necə qiymətləndirirlər?

Ailələrin oğlan və qızlara qarşı qərəzli münasibəti qədimliyə gedir və bu xüsusiyyət yalnız Şərq xalqlarında deyil, Qərbdə də müşahidə olunur. Bir çox valideyn doğulmamış uşağın cinsi ilə də maraqlanır və əksər ailələr ilk övladının oğlan olmasını istəyirlər”, – deyə psixoloq vurğulayıb.

Həbibova əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son on ildə dünyada daha çox oğlan dünyaya gəlir: “Tədqiqat nəticələrinə görə, oğlanlar daha çox inkişaf etmiş ölkələrdə doğulur: Kanada, ABŞ, Danimarka, Böyük Britaniya, Almaniya və Yaponiya. Oğlanların üstünlük təşkil etməsi müasir tibbi vasitələrin doğuş prosesinə müdaxiləsi ilə izah olunur. Son illərdə hamiləliyin ikinci və ya üçüncü aylarında qadınların əksəriyyətinin ultrasəs müayinəsinin köməyi ilə gələcək körpənin cinsiyyətini təyin etdikləri və lazımi qərarı verdikləri sübut edilmişdir. Əksər qadınlar qız gözlədiklərini öyrəndikdən sonra hamiləliyini dayandırırlar. Bu, yeni doğulmuş uşaqlar arasında oğlanların üstünlük təşkil etməsinə səbəb olur.

Qeyd edək ki, azərbaycanlı ailələrin əksəriyyəti uşağın cinsinə həmişə böyük əhəmiyyət verib. Bir çoxları oğlanlara bağlılığı milli mentalitetlə izah edirlər. Azərbaycanda oğlan ailənin davamçısı, müdafiəçisi və lideridir. Bundan başqa, bir çox azərbaycanlıların fikrincə, oğlan böyütmək daha asandır. Hazırda yeni evlənənlər maksimum iki uşaq sahibi olmaq istəyirlər və onlardan birinin mütləq oğlan olması lazımdır”.

“Bəs, selektiv abort hansı psixoloji problemlərə səbəb ola bilər? Stress, intim həyatda problemlər, hamilə qalmaq qorxusu, depressiya. Fikrimcə, bu fenomen məişət zorakılığının elementlərindən biri hesab edilə bilər. Bəs, bu vəziyyətdən çıxış yolu nədir? Şübhəsiz ki, cins seçimi etik bir anla əlaqədardır. Həkimlər və psixoloqlar vaxtaşırı maarifləndirici xarakterli gələcək valideynlərlə seminarlar, söhbətlər aparmalıdırlar.

Gənclər abortun qadın orqanizminə nə qədər zərər verdiyini, bunun hansı nəticələrə səbəb olduğunu bilməlidirlər. Ancaq ən başlıcası, ailədə əsas şeyin sağlam bir uşağın doğulmasıdır. Atalar doğulmamış uşağın cinsindən narazı olaraq, hamilə qadını buna görə günahlandırmamalıdır, çünki elm adamları çoxdan sübut edib ki, uşağın cinsindən məsul olan qadın deyil, atadır”, – deyə müsahibimiz fikrini əsaslandırıb.

Psixoloq son olaraq, 2019-cu ildə millət vəkillərinin doğulmamış uşağın cinsiyyətinin müəyyənləşdirilməsini qadağan edən təklifini xatırladıb: “Ancaq burada da çətinliklər yarandı. Biz ultrasəs müayinəsindən tamamilə imtina edə bilmərik. Çünki bu, qadının və dölün sağlamlıq vəziyyətini izləməyə imkan verir. Valideynlərin uşağın cinsiyyətini onlara bildirəcək həkimdən şikayət etməsi ehtimalı azdır. Buna görə qadağaya necə nəzarət ediləcəyi bəlli deyil.

2020-ci ilin mart ayının əvvəlində hökumət beş il müddətinə hazırlanmış “Uşaq seçiminin ləğvi üçün tədbirlər Planı”nı təsdiqləyib. Ümid edirik ki, bütün bu tədbirlər vəziyyəti düzəltməyə kömək edəcək. Bundan əlavə, selektiv abortun hüquqi aspektlərinə və qadınlara qarşı ayrı-seçkilik məsələsinə diqqət yetirilməsi vacib görünür. Məhəmməd Peyğəmbərin də dediyi kimi, “övladlarınız cənnət kəpənəkləridir. Oğullar mərhəmət, qızlar isə yaxşı əməllərdir. Allah mərhəmətimizə görə bizdən hesabat tələb edəcək, yaxşı əməllərimizə görə isə mükafatlandıracaq”.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*