Yaz mövsümündə bazarlarda ən çox tələbat görən meyvələrdən olan çiyələk və alçanın qiyməti bu il hava şəraitindən ciddi şəkildə asılı ola bilər. Son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti kənd təsərrüfatı məhsullarının məhsuldarlığına təsir etməklə yanaşı, bazardan qiymət dalğalanmalarını da aktuallaşdırır.
Bəs dəyişkən hava bu meyvələrin qiymətinə necə təsir edəcək?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, yaz aylarında çiyələk və alça kimi meyvələrin məhsuldarlığı ümumilikdə hava şəraitindən asılı olsa da, bu təsir hər iki məhsul üçün eyni deyil.

Akif Nəsirli
“İstixana şəraitində temperatur, rütubət və suvarma nəzarətdə saxlanıldığı üçün qeyri-sabit hava çiyələk istehsalına açıq sahələrdə olduğu qədər ciddi zərər vurmur.
Alça isə daha çox açıq sahədə yetişdirildiyindən hava dəyişikliklərinə qarşı həssasdır. Uzunmüddətli yağışlar çiçəklərin tozlanmasını əngəlləyə, meyvənin çatlamasına və keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Temperaturun kəskin dəyişməsi də məhsuldarlığa mənfi təsir edir və nəticədə bazara çıxarılan məhsulun həcmi azalır”.
Akif Nəsirli vurğulayıb ki, bu fərq bazar qiymətlərində də özünü açıq şəkildə göstərir.
“Çiyələk üzrə təklif daha sabit qaldığı üçün qiymət dəyişiklikləri nisbətən yumşaq olur. Lakin alçada məhsulun azalması bazarda daha tez hiss edilir və qiymətlər daha sürətlə arta bilər.
Eyni zamanda, qeyri-sabit hava şəraiti məhsulun yığımı və daşınmasına da təsir göstərir. Bu isə bazara çıxarılan məhsulun həcminin müvəqqəti azalmasına və qısa müddətli qiymət artımına səbəb ola bilər”.
Nəticə etibarilə, hər iki meyvə hava şəraitindən təsirlənsə də, istixana şəraitində yetişdirilən çiyələk daha stabil qiymət dinamikasına malikdir. Açıq sahə məhsulu olan alça isə risklərə daha açıq olduğundan bazarda qiymət baxımından daha həssas mövqedə qalır.
Aynurə İsmayıl
KONKRET.az
