Azərbaycanda bütün kitabların qiyməti 25-30 faiz BAHALAŞACAQ – SƏBƏBbackend

Azərbaycanda bütün kitabların qiyməti 25-30 faiz BAHALAŞACAQ - SƏBƏB

Rusiyada son bir ildə kitabların qiymətində baş verən artım diqqətdən yayınmır. Mütəxəssislər bu artımı müxtəlif səbəblərlə izah edirlər. Belə ki, səbəblər arasında kağız və çap avadanlıqlarının qiymətinin bahalaşması əsas arqument kimi göstərilir. Rusiyada kitab qiymətlərinin bahalaşması Azərbaycanda da bu sahədə dəyişikliklərin ola biləcəyini gündəmə gətirir. Bəs görəsən, Azərbaycanda kağız və çap avadanlıqlarının, eləcə də kitabların qiymətində dəyişikliklər varmı? Ümumiyyətlə bu sahədə vəziyyət necədir?

Mövzunu KONKRET.az-a şərh edən “Altun-kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov Rusiyada kağız istehsalında bahalaşma baş verdiyini təsdiqləyib:

“Onlar ağ kağız əldə etmək üçün lazım olan inqredientləri Avropadan alırdılar. Müharibədən sonra Rusiyaya qarşı sanksiyalar tətbiq olunduğndan lazım olan məhsulları Çindən almağa məcbur qaldılar. Ona görə də Rusiyada kağızın qiyməti bahalaşmaya doğru gedir və biz bunu hiss edirik. Azərbaycanda isə kağıza görə tətbiq olunan ƏDV aradan qaldırılıb və bu, yaxşı haldır. Amma buna rəğmən kağız və karton məmulatlarının qiymətində artım müşahidə olunur. Xüsusilə, bristol kağız növünün qiyməti demək olar ki, 80-100 faiz bahalaşıb. Əvvəllər bristol kağız növlərini Rusiyadan daha ucuz qiymətə alıb ölkəyə gətirmək olurdu. Yəni onlar Avropa keyfiyyətinə yaxın idilər. Amma indi Rusiyadan alınan həmin kağız növlərinin keyfiyyəti çox aşağı düşüb. Bu, yəqin ki, bayaq dediyimiz inqredientlərin yoxluğu ilə əlaqədardır. Avropadan alınan bristol kağız növünün qiyməti isə bir qədər bahadır. Son illər xüsusilə karton və digər qalın kağız növlərinin qiyməti artır. Doğrudur, Azərbaycanda kağıza görə ƏDV aradan qalxdığı üçün qiymət artımı o qədər də hiss olunmur. Amma hər bir halda bu artım gözlənilir və kitabların qiymətində insanlar dəyişikliyi hiss edəcəklər”.

Rafiq İsmayılovun sözlərinə görə, eyni poliqrafik xüsusiyyətlərə malik kitabı bu il mətbəədə ötən ilki qiymətə çap etmək mümkün olmayacaq:

“Biz indi daha baha qiymətlərlə üzləşirik. Ona görə də Azərbaycanda kitabın qiymətində məcburi artım gözlənilir. Bu artım təxminən 25-30 faiz təşkil edəcək. Əlavə dərs vəsaitləri də daxil olmaqla kağızdan çap olunan bütün kitabların qiymətində artım baş verəcək. Ölkəyə gətirilən çap avadanlıqlarının qiymətində bahalaşma olub-olmadığı haqda isə mətbəələr daha dəqiq məlumat verə bilərlər. Ancaq bildiyim qədərilə mətbəə avadanlıqlarından rüsumlar götürülüb, yalnız ƏDV saxlanılıb. Ona görə də ölkəyə gətirilən çap avadanlıqlarının qiyməti elə də baha olmamalıdır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*