Azərbaycanda bütün rayon icra hakimiyyətlərinin ləğvi real görünmürbackend

"Azərbaycanda bütün rayon icra hakimiyyətlərinin ləğvi real görünmür" - DEPUTAT

Son günlər icra hakimiyyətlərinin ləğv edilməsi və rayonların birləşdirilməsi məsələsi müzakirə olunur. Qeyd edək ki, ilkin olaraq Gəncə şəhərinin inzibati ərazisinə daxil olan Nizami və Kəpəz rayonlarının ləğv olunması məsələsi qaldırılıb. Bu rayonlardan başqa Azərbaycanda hansı rayonlar ləğv edilə bilər?

KONKRET.az-ın bununla bağlı sualını cavablandıran deputat Nəsib Məhəməliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əıiyevin rəhbərliyi ilə aparılan kadr və struktur islahatları davam edir və bir-birini təkrarlayan qeyri-effektiv stukturların ləğv olunması normaldır:

“Gəncə şəhərinin inzibati ərazisinə daxil olan Nizami və Kəpəz rayonlarının ləğv olunması zamanın tələbidir və bürokrativ əngəllərin, süründürməçiliyin aradan qaldırılması baxımından olduqca doğru addımdır. Demək olar ki, hər iki rayonun icra hakimiyyətlərinin fəaliyyətləri formal xarakter daşıyır və praktik baxımdan səlahiyyətsiz qurumlardır. Texnologiyanın sürətli inkişafı dövründə hər hansı məsafədən asılı olmayaraq, idarəetmə sistemində operativlik təmin olunur. Gəncə kimi kompakt bir şəhərdə isə, əhali əksər məsələlərlə bağlı müraciətlərini şəhər icra hakimiyyətinə ünvanlayırlar. Bu baxımdan hər iki rayonun ləğv olunması heç bir problem yaratmayacaq. Əksinə, bir çox qeyri-müəyyənliklər aradan qaldırılacaqdır. Ancaq düşünürəm ki, bütövlükdə yerli icra hakimiyyətlərində struktur islahatları davam etdirilməlidir. “Yerli icra hakimiyyətləri haqqında əsasnamə” yenidən işlənməli, mərkəzi və yerli icra orqanları arasındakı ziddiyətli məqamlar aradan qaldırılmalı, fəaliyyət dairələri dəqiqliklə müəyyənləşdirilməlidir. Səhv etmirəmsə, indiki əsasnamə 2012-ci ildə təsdiq olunmuşdur və o zamandan bəri bir çox mərkəzi icra orqanlarında struktur islahatları aparılmışdır. Təbii ki, bu da iş prosesində müəyyən problemlər yaradır”.

Deputat qeyd edib ki, eyni zamanda yerli idarəetmə orqanı olan bələdiyyələrin fəaliyyət dairəsi genişləndirilməli, maliyyə-təsərrüfat, kommunal xarakterli məsələlərin bələdiyyələrin səlahiyyətinə verilməsi məqsədə uyğun olardı:

“Respublika ərazisinin iqtisadi rayonlara bölünməsi və rayonların ləğv olunması barədə müəyyən fikirlər səsləndirilir. Hesab edirəm ki, bu, kökündən yanlış yanaşmadır. Bununla ancaq, qismən büdcə vəsaitlərinə, konkret olaraq əmək haqqı fonduna qənaət etmək olar. Amma idarəetmə baxımdan heç bir effekti ola bilməz.

Belə bir praktika 1962-63- cü illərdə, keçmiş SSRİ-də Nikita Xruşşov tərəfindən sınaqdan keçirilmiş, lakin cəmi il yarımdan sonra ləğv olunmuşdur. Təkrar edirəm. İndiki texniki imkanlarla idarəetmə baxımından heç bir problem yoxdur. Ölkə başçısı tərəfindən son dövrlərdə təyin olunan korrupsiyadan və bir çox neqativlərdən uzaq gənc kadrlar əhali tərəfindən müsbət qiymətləndirilir.

Proses davam etdirilməli, ictimai nüfuzu müsbət peşəkarlar vəzifələrə təyin olunmalıdırlar.

Ümumiyyətlə isə, istənilən islahat iqtisadi qanunlara əsaslanmalıdır. Cəmiyyətdə iki qüvvə mövcuddur. Məhsuldar və qeyri-məhsuldar. Dövlət o halda zəngin olur ki, məhsuldar qüvvələrin sayı, qeyri-məhsuldar qüvvələrin sayını üstələyir. Sadə dillə ifadə etsək, iqtisadiyyatın real sektorunda çalışanların sayı artmalıdır. Hal-hazırda Azərbaycanda bütün rayon icra hakimiyyətlərinin ləğvi real görünmür”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*