Azərbaycanda əmək kitabçaları dövriyyədən çıxarılır? – Ekspertdən AÇIQLAMAbackend

Azərbaycanda əmək kitabçaları dövriyyədən çıxarılır? - Ekspertdən AÇIQLAMA

Müxtəlif ölkələrdə aparılan hesablamalara görə, əmək kitabçalarının dövriyyədə qalmasının biznesə böyük məbləğdə maddi zərəri var. Belə olan halda əmək kitabçalarının Azərbaycanda da dövriyyədən çıxarılmasına zərurət varmı?

Mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov KONKRET.az-a açıqlamasında bildirib ki, əmək kitabçalarının ölkəmizdə də dövriyyədən çıxarılmasına ciddi ehtiyac var. “Hələ təxminən 9 il öncə ölkəmizdə bu prosesə başlamaq mümkün idi. Çünki Azərbaycan MDB dövlətləri arasında əmək müqavilələrinin elektron informasiya sistemlərini yaradan ilk ölkələrdən biridir. 2014-cü ildən sonra işəgötürülən hər kəsin əmək fəaliyyəti elektron informasiya sistemində mövcuddur. Bununla da istənilən vaxt istənilən şəxs özü barədə məlumatları əldə edə bilər”.

Sahib Məmmədov onu da qeyd edib ki, 2014-cü ildən əvvəlki dövrlərdə olan əmək münasibətləri ilə bağlı məlumatlar, o cümlədən əmək kitabçalarında aparılan qeydlərə dair elektron informasiya sistemində məlumatlar yoxdur. Bu baxımdan əmək kitabçalarının ləğvi yox, onların sadəcə dövriyədən çıxarılaraq şəxslərin özünə saxlamaq üçün verilməsi zəruridir. Ölkədə 2006-cı ildən fərdi uçot sistemi tətbiq edilir. Sığorta stajını bu baxımdan 2006-cı ildən sonra müəyyən etmək mümkündür. Ondan əvvəlki dövrdə isə əmək stajı əsasında müəyyən edilirdi və bunun üçün də əsas sənəd əmək kitabçası idi. Ona görə də müəyyən hallarda əmək kitabçası tələb oluna bilər, o cümlədən 2006-cı ildən əvvəl işləyənlərə əmək pensiyası təyin olunarkən. Amma hazırda əmək kitabçasının dövriyyədə saxlanılması həm işəgötürənlər, həm də dövlət üçün əlavə xərclər yaradır. Ona görə də dövriyyədən çıxarıb sahiblərinə verilməlidir”.

Ekspert deyir ki, respublikamızda əmək kitabçalarının dövriyyədən çıxarılmasına bəzi məqamlar maneə törədir.

“Bu məsələdə ikinci böyük problem normativ-hüquqi aktlarda dəyişikliklərin olmamasıdır. Nazirlər Kabinetinin əmək kitabçaları ilə bağlı qaydalarının ləğv edilməsinə ehtiyac var. Daha sonra əmək kitabçalarının sonrakı taleyi haqqında da qərarlar qəbul edilməlidir. Bütün bu qanuni dəyişikliklər zərf şəklində tətbiq olunmalıdır. Bu istiqamətdə həm Milli Məclis, həm də Nazirlər Kabineti tərəfindən yeni qanun və qərarlar işlənib-hazırlanmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hökumətə qanunvericiliklə bağlı təkliflər hazırlayıb təqdim etməlidir. Təəssüflər olsun ki, Azərbaycanda bu sahədə işlər ləngiyir”, – deyə Sahib Məmmədov vurğulayıb.

Bünyamin Bünyadzadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*