Azərbaycanda hər il 100-dən çox insanı ilan sancırbackend

Azərbaycanda hər il 100-dən çox insanı ilan sancır

Dünyada olduğu kimi, Azərbaycanda da yay mövsümünda ilan və əqrəblərin fəallaşması baş verir. Nəticədə sancmalarla bağlı yay aylarında əhalinin toksikoloji mərkəzlərə müraciəti artır. “Toksikoloqlara ən çox hansı zəhərlənmələrlə bağlı müraciətlər olur?”, “Sancmaların əlamətləri nə ilə fərqlənir?”.

KONKRET.az xəbər verir ki, bu və digər suallara Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru İsmayıl Əfəndiyev aydınlıq gətirib.

O bildirib ki, toksikologiya Azərbaycanda çox unikal bir mütəxəssis sahəsidir: “Bu sahə ölkəmizdə 1982-ci ildə açılıb. Bu ilə qədər kəskin kimyəvi maddələrdən ölüm faizi həddindən artıq çox idi. Hətta mən deyə bilərəm ki, 1982-ci ildə zəhərlənmələrdən stasionar ölüm səviyyəsi 10%-ə yaxın idi. Toksikologiya xidməti yaradıldıqdan sonra bu istiqamətdə ölüm faizi 1,8 faizə qədər düşmüş. Toksikologiya hazırda ÜST-ün dəyərləndirməsi ilə ən aktual sahədir. İldən-ilə dünya miqyasında kimyəvi maddələrin sayı artır. Dünyada hər il tək ilan sancmalara 2,5 milyondan artıq insan intoksikasiya olur və on milyonlarla dəm qazı, müxtəlif dərmanlardan, qara bazara çıxan yeni narkotik maddələr və istehsalda, sənayədə istifadə olunan digər kimyəvi maddələrin zəhərlənmə halı ilə müraciət edirlər. Həmçinin kənd təsərüfatınında inkişafı ilə birlikdə pestisid maddələrlə zəhərlənmələr hər il artmaqdadır. Kimyəvi sənayə inkişaf etdikcə ÜST-nin proqnozu da bu sahəyə toksikoloji xidmətinə tələbin artacağını qeyd edir. Hətta müharibələrdə belə kimyəvi maddələrdən silah kimi istifadə olunur”.İ.Əfəndiyev daha çox hansı zəhərlənmələrlə bağlı müraciətlər olduğunu açıqlayıb: “Sirkə turşusu, dərman zəhərlənmələri, narkotik maddələr və alkoqola bağlı zəhərlənmələr demək olar ki, il boyu eyni proporsiyada olur. Digər intoksikasiyalar isə toksikologiyada mövsümi xarakteri daşıyır. Məsələn, yay üçün zəhərli heyvan sancmaları, payız üçün daha çox göbələklərlə zəhərlənmələr, qış mövsümi üçün dəm qazı zəhərlənmələri daha çox müşahidə olunur. Yay fəslində olduğumuz üçün söhbətimizi bu istiqamətdə davam edək. Azərbaycanda hər il 100-dən çox ilan sancmaları ilə zəhərlənmələr müşahidə olunur. Bu müraciətlərə əsasən aprelin əvvəlindən noyabr ayına kimi rast gəlinir.

O, sancma baş verən zaman sancma yerinə baxmaq lazım olduğunu bildirib: “Əgər ilan sancmasıdırsa 2 nöqtəvari yer olur. Biz həmin an həkimə müraciət etməliyik. Çünki zaman çox böyük rol oynayır. Zəhərli hörümçəklər balaca olduğuna görə insan çox bu sancmaları dərhal hiss etmir. Bir müddət sonra bədəndə şiddətli ağrılar, əzələ gərginliyi, titrəmə baş verir. Ölkəmizdə olan əqrəblərin zəhəri nisbətən azdı. Sancmalar zamanı nahiyədə böyük şişlər müşahidə olunur”.

Dosent bu hallarda ilkin tibbi yardım zamanı nələr etmək lazım olduğuna diqqət çəkib: “Bu mövzuda nə qədər maarifləndirmə aparsaq da doğru bilinən yanlışlar bu halları daha da çətinləşdirir. Bütün ölüm hadisələri, ağırlaşmalar, qanda laxtalanma o insanlarda baş verir ki, ilan sancmadan sonra ətrafı bağlayaraq sıxır və ya nahiyəni çərtməklə zəhəri sorma üsulu ilə çıxartmağa çalışır. Bunlar doğru üsullar deyil. Bəzən bu yolla infeksiyanın daha çox yayılmağına səbəb oluruq. Bəs nə etməliyik? İlk növbədə qorxmaq lazım deyil. İlan sancmadan sonra 12 saat ərzində həkimə çatıb, həkim təyinatı ilə zərdab vurulmalıdır. Bir daha qeyd etmək istəyirəm bu zərdab yalnız həkim nəzarətində və təyinatında vurulmalıdır. Çünki bu zərdab at qanından alınan immunoloji preparatdı və bir çox insanda allergik anafilaktik reaksiya baş verə bilər. Necə müdaxilə edə bilərik: həmin nahiyəni az hərəkət etdirməliyik. Hərəkət etdikcə zəhərin yayılmasına səbəb oluruq. Bilmək lazımdır ki, ilkin mərhələdə ilan zəhəri bədənə qanla deyil limfatik yollarla yayılır. Bu səbəbdən qan damarlarını sıxmaq olmaz. Nahiyəyə soyuq, sıxmayan sarğı qoymaq, 2 yaxın oynağın hərəkətini azaldaraq həkimə müraciət etmək lazımdır. Ev şəraitində ağrıkəsici və antihistamin preparatlar qəbul etmək olar.

Əgər görsəniz ki, sizi hörümçək sancdı və ehtimalladır ki, zəhərli hörümçəkdir. İlk 2 dəqiqə ərizində kibrit vasitəsi ilə həmin nahiyəni yandırsanız termokoaqulyasiya ilə zəhərin yayılmasının qarşısını ala bilərsiniz”.

“İlan sancmalarından sonra uzun müddət biz fəsadlar görə bilirik. Bunun əsas səbəblərdən biri də zəhər limfatik yolla yayıldığı üçün bədən limfatik damarlar zədələnir və həmin nahiyədə şişkinlik olur. Bəzən bu hal uzun illər davam edir. Həmin nahiyəni sıxmaq sağalmanı çox gecikdirir. Nə ola bilər: ayağın şişməsi, müxtəlif damar problemləri, tromblaşma hətta amputasiyaya qədər gətirib çıxara bilir. Bir daha tövsiyəmiz: bu hallarda həkimə zamanında müraciət etməkdir”, – o əlavə edib. Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*