Azərbaycanda İKT sahəsindəki kadr çatışmazlığı nə vaxt aradan qalxacaq? – EKSPERT AÇIQLADIbackend

Azərbaycanda İKT sahəsindəki kadr çatışmazlığı nə vaxt aradan qalxacaq? - EKSPERT AÇIQLADI

Müasir dövrdə cəmiyyətin formalaşmasına təsir edən amillərdən biri də informasiya kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafıdır. Texnologiya artıq günümüzün ayrılmaz bir parçasına çevrilib. İKT-nin insan həyatının bütün sahələrinə inteqrasiya etməsi bu gün onun əhəmiyyətini daha da artırıb. Bunun nəticəsidir ki, Azərbaycanda da son illər ərzində texnologiya sektorunun inkişafı istiqamətində müəyyən addımlar atılır.

KONKRET.az ölkədə bu sahənin inkişafı istiqamətində aparılan islahatlar barədə İKT üzrə ekspert Fərid Kazımovla müsahibəni təqdim edir:
– Fərid bəy, bu gün informasiya texnologiyalarının əhəmiyyətini necə xarakterizə edərdiniz?

– Müasir dövrdə İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) iqtisadiyyatın inkişafına iki tərəfli təsir edir. İlk olaraq, İKT artıq özü iqtisadi sektor olaraq inkişaf edir. Bu gün rəqəmsal iqtisadiyyat üzərindən qurulan dəyər özü artıq bir seqment kimi formalaşıb.
İkincisi, texnologiyaların iqtisadiyyatın digər sahələrinə birbaşa təsir etməsidir. Bu istiqamətdə də çox güclü bir irəliləyiş hiss olunur. Hazırda texnologiyanın təsir etmədiyi bir fəaliyyət sahəsi göstərə bilmərik.

– Yerli İKT sistemində inkişaf yönümlü hansı işlər həyata keçirilir?

– Əgər bu sahədə əsaslı dəyişiklik istəyiriksə, ilk işimiz infrastrukturu qurmaq olmalıdır. Azərbaycan xüsusilə son iki ildə nəzərə çarpacaq dərəcədə İKT sahəsinə diqqəti artırıb. 2021-ci ilə qədər Azərbaycanda yalnız Bakıda genişzolaqlı internetdən istifadə olunurdu. Ölkənin digər regionları internetlə təmin olunsa da, onun sürətli inkişafı təmin edilmirdi. Hazırda isə, artıq 2022-2023-cü illərdə hər bir yaşayış məntəqəsində yüksək sürətli və genişzolaqlı internetin təmin olunması istiqamətində iş aparılır. Keçən ildən başlayan bu proses 2024-cü ilə qədər tam başa çatacaq. Bu yerli istifadəçilərə daha sürətli internetdən istifadə etməyə imkan verəcək. Nəticədə, yaxın bir il yarım ərzində infrastruktur inkişaf edəcək və internet bütün bölgələrdə əlçatan olacaq. Ötən ilin sonunda ölkə rəhbərliyi tərəfindən Azərbaycanda fəaliyyət göstərən proqram təminatı və sistem inteqrasiyası ilə məşğul olan şirkətlərə yaxın 10 il ərzində böyük vergi güzəştləri təmin olunacağı barədə qərar qəbul olunub. Bu yerli İKT sektoru üçün inqilabi dəyişiklikdir. Öncədən də YTP-nin rezidentləri üçün bəzi üstünlüklər var idi, amma onlar fiziki olaraq bu parkda yerləşməli idilər. Yeni qanunvericiliyə əsasən, bu şirkətlər parkın rezidenti olacaq və ölkənin istənilən nöqtəsindən işləmək hüququ əldə edəcəklər.

“TikTok” Azərbaycanda qismən məhdudlaşdırıla bilər

– İT sahəsində hazırlanan yeni qanunvericilik xarici bazarla əlaqəni necə tənzimləyəcək?

– Yeni dəyişikliklər nəticəsində xarici İT şirkətlərin də ölkəmizə marağı artacaq. Biznes vergi və maliyyə məsələsinə həssaslığı onun daha münbit yerlərə axın etməsinə gətirib çıxarır. Bu gün ölkəmizdə həmin münbit şərait yaradılıb. Xarici vətəndaşlar xüsusi razılıq almadan Azərbaycanda İT sahəsində fəaliyyət göstərə biləcək. Artıq bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) müraciətlər daxil olub. Düşünürəm ki, bu bazarda rəqabətin formalaşmasına səbəb olacaq. Rəqabətin yaranması isə yerli mütəxəssislərin inkişafına tövhə verəcək. Artıq startaplar üçün Azərbaycanda vençur fondu yaradılıb. Vençur fondu 10 milyon manatdan artıq məbləği özündə generasiya edir. Bu fond artıq fəaliyyətə başlayan startapşirkətləri maliyyələşdirəcək. Qeyd edim ki, bu il yeni vençur fondunun yaradılması da gözlənilir. Bu da nəinki ölkədə, həm də xaricdə olan startaplar üçün geniş imkanlar yaradacaq.

– Azərbaycanın İKT bazarında kadr çatışmazlığının aradan qaldırılması üçün hansı addımlar atılır?

– Öncəliklə, qeyd edim ki, Azərbaycanda son illər ərzində İT sahəsində karyera qurmaq istəyən gənclərə dəstək vardır. Yaxın 2-3 il ərzində ölkədə 6-7 min nəfərə qədər şəxs İT sahəsində biliklər əldə edəcək. Bu məqsədlə RİNN tərəfindən “Technest” təqaüd proqramı hazırlanmışdır. Sahə üzrə ixtisaslaşmaq istəyənlər proqrama qoşulub, nazirliyin maliyə dəstəyi ilə biliklərini artıra bilərlər. Gənclərin müxtəlif proqramlar vasitəsilə mütəxəssis kimi formalaşıb bazara daxil olması kadr çatışmazlığının qarşısını alacaq.

Fidan Ali,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*