Hər bir insan mənsub olduğu irqindən, cinsiyyətindən, dilindən, dinindən, siyasi baxışlarından, milli və sosial mənşəyindən, mülkiyyətindən və başqa hallardan asılı olmayaraq insan hüquqlarının da daxil olduğu fundamental azadlıqlara malikdir.
Əslində insan hüquqları qarşılıqlı şəkildə inkişaf etdirilməlidir. Çünki bir tərəfdən hüquq və azadlıqlar istənilən şəxsin cəmiyyət qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir, digər tərəfdən vətəndaşların siyasi və sosial fəallığı hər bir dövlətin inkişafı üçün vacib elementlərdən biri hesab olunur. Son illərdə bir insanın azadlığının digər insanın azadlığının başlandığı sərhədədək olduğu fikrinin meydana çıxması mütləq azadlığın olmadığı qənaətini də yaradır.
Azərbaycan dövlətinin insan hüquqları sahəsində qürur duyacaq tarixi ənənəsi var. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu sahədə çox mütərəqqi addımlar atılıb. Müsəlman ölkəsi olan Azərbaycan qadınlara seçki hüququnun verilməsi sahəsində nəinki Şərqin, hətta Qərbin bir çox aparıcı ölkələrini qabaqlayıb. Həmin dövrdə milli azlıqların parlamentdə təmsil olunması, din və vicdan azadlığı, eləcə də bərabərlik hüququ təmin edilib.
Ən əsası isə Azərbaycan xalqının əzəldən azadlığa, bərabərliyə, ədalətə, siyasi və sosial fəallığa can atması insan hüquqları sahəsinə böyük töhfələr verməsi ilə nəticələnib. Öz əsrinin misilsiz humanist mütəfəkkiri olan Nizami Gəncəvinin yaradıcılığında insan hüquqları, bərabərlik, ədalət, istiqlaliyyət xüsusi yer tuturdu. Qüdrətli söz ustadı əsərlərində insan hüququnu, insanlığı tərənnüm edir, həyatda fəal, cəsur adamlara böyük ehtiyac olduğunu bildirirdi.
Hətta rus çarizminin və sovet imperiyası dövründə baş verən repressiyalar, deportasiyalar, soyqırımlar belə xalqımızı öz azadlıq məfkirəsindən daşındıra bilmədi. Ölməz şairimiz Mikayıl Müşfiq məhz həmin dövrdə belə yazırdı:
“Mənim azadlığım, mənim işimdir,
Həyatım, qüvvətim, yüksəlişimdir.
Mənə öz əməyim, öz haqqım yetər,
Bu zəngin vətənim, bu xalqım yetər”.
Bu baxımdan, SSRİ-nin son illərində öz hüquq və azadlıqları uğrunda bir yumruq kimi mücadiləyə qalxan Azərbaycan xalqının 1989-cu ildə dünya üzrə “İlin xalqı” adına layiq görülməsi də təsadüfi deyildi.
Lakin heç bir zaman unutmaq olmaz ki, 1988-ci ildən başlayan Qarabağ münaqişəsi dünya tarixinə azərbaycanlıların bütün fundamental hüquq və azadlıqlarının, ən əsası isə yaşamaq hüququnun kobudcasına tapdanması kimi yazılıb. Bütün dünyanın gözü qarşısında günahsız, dinc azərbaycanlılar erməni fazişmi ilə üz-üzə qalmışdılar. Soydaşlarımız doğma yurd-yuvalarından qovulur, qətlə yetirilir, yaralanır, soyqırıma, işgəncələrə, şərəf və ləyaqətlərinin alçaldılmasına məruz qalır, əsir götürülürdülər. Dünya birliyi isə cinayətkarcasına susurdu…
Bu gün azad Qarabağda kütləvi məzarların aşkarlanması həmin cinayətləri sübuta yetirən faktlardan biridir. Azərbaycan torpağında yaşayan ermənilərin vəhşiliyi, barbarlığı üzündən soydaşlarımız öz doğma vətənində qaçqın, məcburi köçkün statusuna düşmüşdülər. Və indiyədək dünya birliyinin Ermənistan tərəfindən azərbaycanlıların insan hüquqlarını kobudcasına pozulmasına siyasi-hüquqi qiymət verməməsi böyük təəccüb və təəssüf doğurur. Şübhə yoxdur ki, əgər belə hərəkətə Azərbaycan yol versəydi, dünya birliyi bizi dövlət olmağımıza peşman edərdi. Buna hamımız Qarabağdan sayı 100 min olmayan etnik ermənilərin könüllü şəkildə çıxıb getməsi ətrafında salınmış hay-küy zamanı şahid olduq. Nə yaxşı ki, informasiya texnologiyası inkişaf edib. Azərbaycan hakimiyyətinin etnik ermənilərə qarşı humanist davranışının intenetdə və sosial şəbəkələrdə nümayiş etdirilməsi ermənilərin və havadarlarının əl-qolunu bağladı.
Könül çox istərdi ki, Azərbaycanı insan hüquqları sahəsində tənqid edən müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən bizi sanksiyalarla hədələyən Avropa Parlamentində ermənilərin azərbaycanlılara qarşı törətdikləri bütün vəhşiliklərin, hərbi cinayətlərin, soyqırımların, terror aktlarının görüntüləri fasiləsiz olaraq monitorlarda nümayiş etdirilsin. Görəsən, o zaman Qərb siyasətçiləri xalqımıza qarşı necə böyük haqsızlığa yol verdiklərini, hərbi cinayətlərə cinayətkarcasına susduqlarını anlayardılarmı?!
AXC-nin siyasi varisi olan müstəqil Azərbaycan dövlətinin əsas qanunu sayılan Konstitusiyamızda insanların hüquq və azadlıqlarının müdafiəsi ilə əlaqədar xüsusi müddəalar təsbit olunub. Etnik və dini mənsubiyyətindən asıllı olmayaraq ölkəmizdə bütün vətəndaşlara bərabər hüquq və şərait təmin olunub, siyasi mədəniyyət formalaşdırılıb. Konstruktiv müxalifətin və vətəndaş cəmiyyətinin ictimai rəyə təsiri, qanunun aliliyinin təmin olunması, insan hüquqlarının qorunması istiqamətində səsləndirilən fikirlər, nöqsanların tənqid edilməsi hakimiyyət tərəfindən də səmimi şəkildə qəbul edilir.
Ölkəmizdəki siyasi və ictimai qüvvələr Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, 1993-cü ildə vətəndaş müharibəsinin, ölkəmizin parçalanmasının qarşısının alınması, 2020-ci ildə Qarabağın işğaldan azad edilməsi kimi məsələlərdə bir araya gələ və eyni mövqedən çıxış edə bildiklərini sübut ediblər.
Məhz yetkin vətəndaş cəmiyyəti təşəkkül tapdığından ölkəmizdə hüquqi, demokratik dövlət qurulub. Müasir dövr Azərbaycan dövlətinin vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması istiqamətində böyük yol qət etdiyini göstərir.
Hazırda sosial şəbəkələr bu sahədə misilsiz rol oynayırlar. Həm informasiyalar, həm də siyasi mədəniyyətin, sosial fəaliyyətin inkişafına dəstək olan tədbirlər sosial şəbəkələrdə ildırım sürəti ilə yayılır. İzləyicilər cəmiyyətdə gedən siyasi proseslərə reaksiya verməklə siyasi mədəniyyətin elementinə çevrilirlər. Bu, sosial və siyasi fəallığın inkişafına gətirib çıxarıb.
Ən əsası isə erməni faşizmini tarixin zibilxanasına göndərməklə Azərbaycan dövləti fundamental insan hüquqları və azadlıqları sahəsinə, Cənubi Qafqazda siyasi mədəniyyətin bərqərar olması prosesinə misilsiz töfhə bəxş edib.
Xatirə SADİQ,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusuna uyğun olaraq hazırlanıb.