Azərbaycanda kommunal xidmətlər bahalaşacaq? – VACİB AÇIQLAMAbackend

Azərbaycanda kommunal xidmətlər bahalaşacaq? - VACİB AÇIQLAMA

İranda baş verən son hadisələr və regionda artan gərginlik enerji bazarlarına və ümumilikdə iqtisadi sabitliyə təsir ehtimallarını yenidən gündəmə gətirib. Xüsusilə enerji resurslarının qiymətində mümkün dalğalanmalar fonunda bir sıra ölkələrdə kommunal xidmətlərin maya dəyəri və davamlılığı ilə bağlı suallar aktuallaşıb. Bu proseslərin Azərbaycana təsiri isə daha çox daxili tənzimləmə mexanizmləri çərçivəsində qiymətləndirilir.

Bəs mövcud vəziyyət Azərbaycanda kommunal xidmətlərin qiymətində, təminatında və davamlılığında hər hansı dəyişikliklərə səbəb ola bilərmi?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli KONKRET.az-a açıqlama verib.

Natiq Cəfərli

İqtisadçının sözlərinə görə, Azərbaycanda kommunal xidmətlər dövlət tərəfindən tənzimləndiyi üçün qiymət dəyişiklikləri bazar mexanizmlərindən daha çox inzibati qərarlardan asılıdır. O, qeyd edib ki, qlobal enerji bazarlarında baş verən proseslərin dolayı təsirləri mümkün olsa da, tariflərin dəyişdirilməsi yalnız müvafiq dövlət qurumunun qərarı ilə həyata keçirilə bilər:

“Azərbaycan digər ölkələrdən fərqli olaraq, kommunal xidmətlərin qiymətini Tarif Şurası vasitəsilə tənzimləyir. Bu səbəbdən hər hansı qiymət artımı yalnız inzibati qaydada mümkündür. Hazırkı şəraitdə isə buna ehtiyac görmürəm. Hazırda regionda baş verən hadisələr əsasən hərbi-siyasi Fonunda daşıyır və bu, enerji bazarına qısamüddətli təsirlər göstərə bilər. Yaxın həftələrdə vəziyyətin sabitləşməsi və mümkün atəşkəs ehtimalları fonunda enerji bazarında daha sakit dövrün başlanması gözlənilir”, – deyə iqtisadçı bildirib.

Natiq Cəfərli hesab edir ki, Yaxın Şərqdə vəziyyətin normallaşması halında Azərbaycanda da kommunal xidmətlərin qiymətində artım üçün əsas yaranmayacaq. Buna görə də yaxın perspektivdə tariflərin dəyişməsi gözlənilmir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*