2024-cü ilin ilkin məlumatlarına görə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilə nisbətən 8,1% artaraq 1 009,2 manat təşkil edib.
KONKRET.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Bu il yanvarın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara görə 1 milyon 778,5 min nəfər olub, onlardan 882,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Məlumata görə, muzdla işləyənlərin 18,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,5%-i təhsil, 13,5%-i sənaye, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i tikinti, 6,3%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 2,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2%-i maliyyə və sığorta fəaliyyəti, 15,1%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.