Azərbaycanda tərəvəz ucuzlaşıb: Alıcılar razı, fermerlər isə narazıdırlarbackend

Azərbaycanda tərəvəz ucuzlaşıb: Alıcılar razı, fermerlər isə narazıdırlar

Bu il bazarda tərəvəzlərin qiyməti əvvəlki illərlə müqayisədə o qədər də baha deyil. Xüsusilə də pomidor və xiyarın qiyməti münasibdir.

Bu, nə ilə əlaqədardır? Qiymətlər nə vaxta qədər bu şəkildə davam edəcək?

KONKRET.az “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

“Bazarda tərəvəz boldur”

Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin müəllimi Nahid Əzizli bu il məhsulların qiymətinin uyğun olmasının səbəblərini açıqlayıb: “Səbəblərdən biri yüksək məhsuldarlıqdır. 2025-ci ilin yaz-yay mövsümündə ölkənin bir çox bölgəsində (xüsusilə də Lənkəran, Masallı, Saatlı və Salyan kimi rayonlarda) hava şəraitinin əlverişli keçməsi nəticəsində bol məhsul yığılıb. Su təminatı və temperatur normaya uyğun olub, bu da istixanalarda və açıq sahələrdə məhsulun artmasına rəvac verib. Bununla yanaşı, əkin sahələrinin genişlənməsi, son illərdə dövlətin aqrar sektora subsidiyalar verməsi, ucuz gübrə və toxum dəstəyi əkin sahələrinin genişlənməsinə səbəb olub. Xüsusilə pomidor və xiyar kimi tez yetişən tərəvəzlərə üstünlük verilməsi istehsal həcmini artırıb”.

Ekspert qeyd edir ki, yeni texnologiyaların tətbiqi, xüsusilə hidroponika və damcı-suvarma kimi müasir texnologiyaların yayılması məhsul itkilərinin azalmasına, daha keyfiyyətli və bol məhsul alınmasına şərait yaradıb. Rəqabətli bazar və mövsümi təsir də məhsulun bazara kütləvi daxil olmasına (tələbdən daha çox təklifin olması) şərait yaradıb: “Nəticədə qiymətlərin nisbətən aşağı düşməsinin şahidi oluruq. Yüksəkkeyfiyyətli məhsullar adətən bir qədər yüksək qiymətə satılır. Lakin bolluq zamanı yüksəkkeyfiyyətli məhsulun da qiymətində ciddi artım müşahidə olunmur, çünki təklif çoxdur. Keyfiyyətsiz məhsullar isə ya çox ucuz qiymətə satılır, ya da ümumiyyətlə satılmır. Bazar tələbi keyfiyyətli və ortaqiymətli məhsullara yönəlib”.

“Kiçik fermerlər ciddi çətinlik yaşayırlar”

N.Əzizlinin sözlərinə görə, fermerlərin əksəriyyəti aşağı qiymətlərdən narazıdır: “Çünki toxum, gübrə, yanacaq, suvarma xərcləri qiymətləri artıb. Aşağı satış qiyməti gəlirliliyi azaldır. Zərər etməmək üçün məhsulu ya erkən satmalı olurlar, ya da saxlama imkanı olmayanlar məhsulun bir hissəsini itirirlər. Böyük təsərrüfatlar bu vəziyyətdən az təsirlənir, lakin kiçik fermerlər ciddi çətinlik yaşayırlar”.

Ekspertin fikrincə, mövsümün sonuna doğru qiymətlərdə artım ola bilər: “Qiymətlərin sabit qalması üçün bir sıra addımlar atılmalıdır. Planlı əkin siyasəti həyata keçirilməlidir. Həddindən artıq bir məhsulun eyni vaxtda yetişdirilməsi qiymətlərin düşməsinə səbəb olur. Dövlət və yerli idarələr əkin planlaşdırılmasına yönəlik maarifləndirmə və tənzimləmə aparmalıdır. Məhsulu uzun müddət saxlamaq üçün soyuq anbarların sayı artırılmalıdır. Xarici bazarlara ixrac sabit şəkildə tənzimlənməlidir ki, daxili bazarda qıtlıq yaranmasın. Fermerlərin birləşməsi və məhsullarını birlikdə satmaları bazar qiymətlərinə daha çox nəzarət etməyə imkan verər. Fermerlər üçün zərərin minimuma endirilməsi məqsədilə aqrar sığortaların və subsidiya mexanizmlərinin genişləndirilməsi vacibdir. Qiymətlərin sabit saxlanması üçün isə planlı istehsal, saxlama şəraiti və ixracın tənzimlənməsi kimi amillər önəmlidir. Əgər iqlim şəraiti stabil qalarsa və ixrac kəskin artmazsa, qiymətlərin sabit qalması mümkündür. Lakin avqust ayının sonuna doğru məhsul həcmi azaldıqca qiymətlərdə müəyyən artım ola bilər”.

Rusiyanın istəmədiyi pomidorlar

İqtisadçı Rauf Qarayev isə düşünür ki, siyasi məsələlər də qiymətlərə öz təsirini göstərir: “Bazarda tərəvəzlərin qiymətinin ucuz olması mövsümlə əlaqədardır. Yay aylarında qiymətlərin enməsi müşahidə olunur. Digər səbəb suyun çatdırılmasıdır. Su ehtiyatımızın kifayət qədər olması ucuzlaşmaya gətirib çıxarır. Digər hal isə Rusiya ilə bağlıdır. Rusiya ölkəmizdən gələn məhsulları geri qaytarır. Məsələn, pomidorda bunu müşahidə etdik. “Rosselxoznadzor” Dağıstan ərazisində Azərbaycandan 152 ton məhsulun idxalına qadağa qoyub. Başqa bir gömrük postunda 400 ton məhsul Azərbaycana qaytarılıb. Bu da bazarda məhsulun bol olmasına səbəb olur. Məhsul boldursa, qiymətlər aşağı düşür. Əgər məhsullar kütləvi şəkildə bazarlara yönəldilirsə, onun keyfiyyətinə də baxmaq lazımdır. Qiymətdən asılı olaraq, keyfiyyət fərqli ola bilər”.

İqtisadçının sözlərinə görə, kəskin iqlim dəyişiklikləri baş verərsə, o zaman kəskin qiymət artımları müşahidə edilə bilər: “Çünki istehsal çətinləşir. Daxili bazar qorunmalıdır ki, kəskin qiymət artımı baş verməsin. Hava mövsümün sonuna qədər belə gedərsə, Rusiyanın qadağaları davam edərsə, bazarda məhsul bol olarsa, qiymətlər olduğu kimi qalacaq. Havalar isti keçsə və su bol olsa, qiymət stabilliyi müşahidə ediləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*