Azərbaycanda unikal dələduzluq üsulu: Bu şəxslərdən özünüzü qoruyun – XƏBƏRDARLIQbackend

Azərbaycanda unikal dələduzluq üsulu: Bu şəxslərdən özünüzü qoruyun - XƏBƏRDARLIQ

Son dövrlərdə sosial şəbəkələrdə vətəndaşlara “asan qazanc” vədi ilə edilən şübhəli təkliflərin sayı artmaqdadır. Belə ki, bəzi şəxslər insanlara öz adlarına mağazalardan kreditlə məişət texnikası və ya digər məhsullar almağı, əvəzində isə müəyyən məbləğdə nağd pul əldə etməyi təklif edirlər. İlk baxışdan cəlbedici görünən bu sxemlərin arxasında isə ciddi maliyyə yükü və hüquqi risklər gizlənir.

Bəs bu cür əməliyyatlar nə dərəcədə qanunidir və vətəndaşları hansı təhlükələr gözləyir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, bu cür sxemlərdə əsas məsuliyyət tam şəkildə vətəndaşın üzərində qalır:

Razi Abbasbəyli

“İstehlak krediti üçün müraciət edən şəxs hüquqi baxımdan borclu tərəf kimi tanınır və kredit öhdəliyini daşıyır. Kreditlə alınan məhsul isə bazar qiymətindən daha baha başa gəlir. Daha sonra həmin məhsul vasitəçiyə verildikdə, vətəndaş həm aldığı məhsulun kreditini ödəməyə davam edir, həm də qarşı tərəfdən aldığı nağd vəsaitə görə əlavə faiz yükü ilə üzləşir”.

Ekspert qeyd edir ki, bu prosesdə vətəndaş faktiki olaraq ikiqat borclanmış olur:

– bir tərəfdən mağaza və ya bank qarşısında kredit öhdəliyi yaranır;
– digər tərəfdən isə məhsulu girov qoyaraq əldə etdiyi vəsaitə görə əlavə faiz ödəməli olur.
Beləliklə, vətəndaş həm baha qiymətə məhsul alır, həm də əlavə kredit yükü altına düşür. Halbuki bu sxemi təklif edən şəxslər heç bir hüquqi məsuliyyət daşımır və prosesdə rəsmi tərəf kimi iştirak etmirlər.

Məsələnin hüquqi tərəfinə toxunan Razi Abbasbəyli vurğulayıb ki, burada bir sıra qanun pozuntuları mövcuddur.

“Belə ki, vətəndaşları kredit götürməyə təşviq etmək, onların adına öhdəlik yaratmaq müqabilində nağd pul təklif olunması və kreditlə alınmış əşyaların girov kimi qəbul edilməsi qanunvericiliyin tələblərinə ziddir.
Kreditlə alınan məhsul müddət bitənə qədər tam şəkildə vətəndaşın mülkiyyətində hesab olunmur. Müqavilə şərtlərinə əsasən, ödənişlər həyata keçirilmədiyi halda həmin əşyalar müsadirə oluna və ya məhkəmə yolu ilə geri qaytarıla bilər.
Bu isə vətəndaşı daha ağır vəziyyətə salır. Çünki o, həm aldığı nağd vəsaiti geri qaytarmalı, həm də kredit öhdəliyini yerinə yetirməlidir. Ödənişlər yerinə yetirilmədiyi təqdirdə isə eyni anda bir neçə maliyyə öhdəliyi ilə üz-üzə qalır.
Nəticə etibarilə, bu cür təkliflər vətəndaşlar üçün “asan qazanc” deyil, əksinə, ciddi maliyyə və hüquqi problemlərə yol açan riskli sxemdir”.

Ekspert hesab edir ki, problemin qarşısının alınması üçün məsələyə daha çox hüquqi prizmadan yanaşılmalı və bu cür hallara qarşı nəzarət gücləndirilməlidir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*