Müxtəlif sahələrdə ixtisaslı kadrlara ehtiyac olsa da, bacarıqlı, öz işini mükəmməl bilən mütəxəsis çatışmazlığı mövcuddur. Bütün sahlərdə müşahidə olunan bu problemi yaradan səbəblər var. Beş il universitetə ayaq döyüb, seçdiyi ixtisası mənimsəyə bilməyən, texnoloji anlayışlardan xəbərsiz olan kadrlara isə ehtiyac duyulmur. Deməli, Azərbaycan ali təhsil müəssisələrinin məzunlarının əksəriyyəti əmək bazarının tələblərinə cavab vermir.
Noyabrın 1-də keçirilən Təhsilin İnkişafı Forumunda bu məsələ ətraflı müzakirə edilib. Forumda müzakirə edilən məsələləri və qaldırılan problemləri KONKRET. az-a şərh edən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, Azərbaycanda ilk dəfəydi ki, ali təhsil müəssisələri ilə sənayenin qarşılaşması baş verirdi: “Bu forumda həm Elm və Təhsil Тazirliyi və ona tabe olan universitetlər, həmçinin işə götürənlər – Əmək və Sosial Müdafiə Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər təşkilatlar da iştirak edirdi.
Artıq onlar qarşı-qarşıya gəlib nə istədiklərinin cavabını tapırdılar. İşə götürənlər hansı bilik və bacarıqlara malik mütəxəsis istədiklərini, ali təhsil müəssisələrində kadr hazırlığında ortaya çıxan problemlərlə bağlı danışdılar. Çox maraqlı müzakirələr oldu. Biz neft kapitalını insan kapitalına çevirən bir ölkəyik və Azərbaycanda son illərdə dayanıqlı və davamlı iqtisadiyyatın təmin edilməsi vacib sahədir.
Bu gün Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq reytinqə rəqabət qabiliyyətinin artırılması vacib amil olaraq ortaya qoyulub. Bu istiqamətdə belə forumlar çox əhəmiyyətlidir. Nəzərə alsaq ki, pandemiya dövründən sonra ali təhsil müəssisələrində alternativ təhsil alma formaları ortaya çıxıb.
Bizim universitetlər təəssüf ki, bu prosesdən də geri qalırlar. Müzakirələrdə universitet rəhbərlərinin təkliflərə açıq olması, auditoriyanın onlara rahat suallar verməsi çox yaxşı təsir bağışladı. Hesab edirəm ki, bu tipli müzakirələrin sayı çoxalmalı, nəticəsi olmalıdır. Nəticələrdən gözləntilər böyükdür, xüsusən nəzərə alsaq ki, Azərbaycan ali təhsil müəssisələrinin tələbə qəbulu sayı çoxalır.
Təhsil alanlarımızın alternativ seçim imkanları da var. Bizim abituriyentlər xarici ölkələrə çox rahatlıqla üz tuta bilirlər və ona görə də biz birmənalı şəkildə bu tipli görüşlərin sayını çoxaltmalıyıq. Mənim gözləntim bu tipli görüşlərdən çoxdur, təkliflər səsləndi, xüsusən Azərbaycanda texnoparkların yaradılması gündəmdədir. Bu gün dünyanın aparıcı universitetləri texnoparklar yaradırlar və Azərbaycan ali təhsil müəssisələrində də bu istiqamətdə ciddi iş aparılmalıdır. Güman ki, bunun perspektivi çox olacaq”.
Vəli Həsənov,
KONKREt.az