“Azərbaycanda unudulmuş milli oyunlar təbliğ edilir” – Professorbackend

"Azərbaycanda unudulmuş milli oyunlar təbliğ edilir" - Professor

Milli adət-ənənələrimizin tarixindən söhbət düşəndə ilk olaraq milli oyunlarımız yada düşür. Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik milli idman oyunlarımız zaman-zaman inkişaf etdirilib və milli dəyərə çevrilib.

Milli idman oyunlarının araşdırıcısı, pedoqoji elmlər doktoru, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professoru Dilqəm Quliyev KONKRET.az-a açıqlamasında milli oyunların tarixi köklərindən danışaraq bildirdi ki, bu oyunların zəngin ənənələri var: “Ənənəyə görə ordu döyüşə girməzdən əvvəl hər tərəfdən bir pəhləvan ortaya çıxar və güləşərdi. Kim qələbə qazansaydı, onun ordusu qalib hesab edilərdi. Bəzən silaha əl atmağa ehtiyac da qalmazdı və döyüş bitərdi. Xanlıqlar dövrünə kimi Azərbaycanda zorxana geniş yayılmışdı. Milli idman oyunlarının geniş vüsət aldığı həmin dövrlərdə Azərbaycanın müxtəlif bölgələrindən pəhləvanlar bir yerə toplaşar və öz məharətlərini nümayiş etdirərdilər. Xanlıqlar dövründən sonra Şuşa zorxana məktəbinin yetirmələri daha güclü olublar. Pəhləvan Şuşinskinin rəhbərliyi altında adlı-sanlı pəhləvanlar yetişib. Bu barədə “Qarabağ idman tarixi” kitabında ətraflı bəhs etmişəm”.

Daha sonra zorxanın tarixi köklərinə toxunan professor bildirib ki, zorxananın tarixi qədimdir: “Düzdür, zorxananı araşdıran Sarabski bildirirdi ki, bu milli idman növünün tarixi 18-ci əsrdən başlayır. Amma elə deyil, zorxana qədim idman növüdür. Bir məsələyə diqqət yetirin, türklər özünü qanandan çöldə-bayırda güləşiblər axı. Hələ el şənliklərində, milli bayramlarda qara zurnanın sədaları altında milli güləşdən istifadəni demirəm. Azərbaycanda bu ənənənin min ildən artıq yaşı var. Toy şənliklərində pəhləvanların öz məharətlərini nümayiş etdirməsinə qonşu mahallardan da tamaşa etməyə gələrdilər. Cəngi sədaları pəhləvanların gücünə güc qatarmış və onlar daha da ruhlanarmışlar. Pəhləvanlıq sənəti o qədər inkişaf etmişdi ki, güləşənlər bir-birilərinin kürəyini saatlarla yerə vura bilmirmişlər. Milli güləşin, zorxananın əsas mahiyyəti də rəqibin kürəyini yerə vurmaqdır. Yalnız sonda bunu bacaranlar qalib hesab olunurmuşlar. Hətta Azərbaycan güləşində qaydalar müəyyənləşdirmişdilər. Pəhləvanlar dizlərinə güzgü bağlayırmışlar. Kimin dizi yerə dəysəydi, torpağın izi güzgüyə toxunardı və həmin pəhləvan məğlub hesab edilərdi. Hətta güzgüyə toz qonsa belə görüş uduzulurdu.

Bakının Maştağa kəndində Hüseynqulu adlı bir pəhləvan olub. Hüseynqulunu Şamaxıya zorxanaya dəvət edirlər. Məhşur pəhləvan yolda bir çobana rast gəlir. Çobana deyir ki, uzaq yol gəlib, imkan olsa, süddən-qatıqdan bir şey versin yeməyə. Çoban Hüseynquluya bir şərtlə yemək verəcəyini deyir: “Güləşəcəyik, sən qalib gəlsən, bir quzu kəsəcəm, yox mən qələbə qazansam, sən ac getməli olacaqsan”. Razılaşırlar və çoban Hüseynqulunun kürəyini yerə vurur. Pəhləvan yoluna davam edir. Ertəsi gün Şamaxıya çatır. Zorxana qurulur və Hüseynqulu öz rəqibini gözləyir. Zorxanaya tamaşa etməyə gələn çoban Hüseynqulunu görüb gülümsəyir və növbəti dəfə ona qalib gələcəyini düşünür. Hüseynqulunun qarşısına həmin çoban çıxır. Cəngi sədaları altında güləş başlayır və Hüseynqulu bir göz qırpımında çobanın kürəyini yerə vurur. Çobanın pərt olduğunu görən pəhləvan onu yerdən qaldıraraq deyir: “Çoban qardaş, dünən məni yıxanda sən qoyunlarının yanında güclü idin, mən isə musiqi sədaları altında güclüyəm”.

Deməli, pəhləvanlıq sənətində musiqinin xüsusi yeri var və Cəngi pəhləvanlara əlavə ruh verir.

Azərbaycanda zorxana ənənələrinin yaşadıldığını deyən Dilqəm Quliyev bildirib ki, hazırda zorxanada mövcud olan müxtəlif oyunlar bir balaca təkmilləşdirilib:

“1991-ci ildən sonra Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında zorxana kursları yaradıldı. Hətta 1994-cü ildə Beynəlxal Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç Bakıya gələndə İdman Akademiyasında da oldu və zorxananı çox bəyəndi. O vaxtdan zorxana inkişaf etdirilir və akademiyada zorxana kafedrası da fəaliyyət göstərir. Məsələ burasındadır ki, zorxanada mövcud olan müxtəlif oyunlar bir balaca təkmilləşdirilib”.

Digər milli oyunların xarakteristikasına toxunan professor qeyd edib ki, keçmişdə xıy-xıy, dirədöymə kimi oyunlar Novruz bayramına xüsusi rəng qatardı: “Ən azı 200-dən artıq xalq oyunları var, bunların da öz qaydaları mövcuddur. Həmin oyunlar haqqında tək-tək danışsaq, saatlarla vaxt lazım olacaq. Bunların hamısı milli adət-ənənələrimizdir. Hətta bunların bəzilərini qonşu xalqlar bizdən oğurlayıb. Keçmişdə bu oyunların əksəriyyəti proqram üzrə tədris olunurdu, indi yoxdur. Ona görə də ənənələr itir. Məsələn, şatır idman növü olub. Unudulub-yaddan çıxan şatırın metodikası, strukturu müasir atletikaya çox yaxındır. Məsələn, uzaq mahallara məktub göndərəndə dərhal şatırların xidmətindən yararlanarmışlar. Fiziki cəhətdən güclü olan, yorulmaz adamlar günlərlə yol gedər və tapşırığı yerinə yetirərdilər. İndiki atletikada 20-25 km məsafəyə qaçışın adı Marafondur. Amma şatırın tarixi Marafondan qədimdir və bizim maddi dəyərimizdir”

Vəli Həsənov,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği mövzusuna uyğun olaraq dərc edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*