“Bu gün Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsini bloklamağa çalışan xeyli sayda dairələr var. Bunların da başında heç şübhəsiz ki, Qərbin siyasi institutları dayanır”.
Bunu KONKRET.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. Ekspertin fikirincə, Azərbaycanla Ermənistan arasındakı sülh yeni regional kommunikasiya, tranzit, nəqliyyat layihələrində Ermənistanın da işinə yarayacaq: “Qərb, xüsusən də Fransa belə anlayır ki, sülh müqaviləsinin imzalanacağı təqdirdə Ermənistanın Türkiyə ilə münasibətləri də yaxşılaşacaq. Bu isə Qərbin tarix boyu Ermənistandan müəyyən geopolitik şərtlər qarşısında istifadə etmək şanslarını limitləyir. Fransa qorxur ki, Ermənistandan Azərbaycan və Türkiyə əleyhinə istifadə edə bilməsin.
Çünki sülh müqaviləsinin imzalanması Ermənistanın Azərbaycan və Türkiyənin patronajlığı altında reallaşan iqtisadi layihələrə qoşulması demək olacaq. Bu iqtisadi layihələrdən də ac-yalavac cəmiyyətini dirçəltmək üçün istifadə edən Ermənistandan, sabah hansısa bir təzyiq vasitəsi kimi Azərbaycan və Türkiyə əleyhinə istifadə etmək kifayət qədər zəif olacaq.
Digər tərəfdən, bu gün Azərbaycanın güc faktoruna çevrilməsi Qərbin bəzi dairələrini də narahat edir. Ona görə də onlar Azərbaycanı hansısa müharibəyə hazırlaşmaqda ittimah edərək feyk xəbərlərlə ölkəmiz əleyhinə kampaniya aparırlar. Amma bunların heç bir əhəmiyyəti yoxdur, çünki Azərbaycanla Ermənistan arasında mütləq şəkildə sülh müqaviləsi imzalanacaq. Azərbaycan dəfələrlə vurğulayıb ki, onun Ermənistanın beynəlxalq hüquqda tanınan suveren ərazilərinə heç bir iddiası yoxdur. Belə olan təqdirdə ölkəmizi hər hansı müharibəyə hazırlaşmaqda ittiham etmək yalnız siyasi avantüradır”.
Vəli Həsənov,
KONKRET.az