Azərbaycanın Afrika Şəhərsalma Forumunda təmsilçiliyi uğurla yekunlaşıb – FOTOLARbackend

Azərbaycanın Afrika Şəhərsalma Forumunda təmsilçiliyi uğurla yekunlaşıb - FOTOLAR

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) milli koordinatoru Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Keniya Respublikasının paytaxtı Nayrobi şəhərində keçirilən 2-ci Afrika Şəhərsalma Forumunda (AUF2) iştirak edib. Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti yüksəksəviyyəli sessiya və görüşlərdə təmsil olunub.

KONKRET.az xəbər verir ki, Afrika Şəhərsalma Forumu dayanıqlı şəhərlərin gələcəyini formalaşdıran liderləri və mütəxəssisləri bir araya gətirən şəhər inkişafı və urbanizasiya ilə bağlı mühüm qitə platformalarından biridir. O, Afrika ölkələrində sürətli urbanizasiya prosesini daha planlı, inklüziv və davamlı şəkildə idarə etmək üçün Afrika İttifaqı (African Union) ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşəbbüsü ilə yaradılıb və Afrika qitəsi üçün vahid şəhər gündəliyinin formalaşdırılması məqsədini daşıyır. Forumun başlıca hədəfləri Afrikada davamlı urbanizasiya siyasətini inkişaf etdirmək, əlçatan və adekvat mənzil imkanlarını genişləndirmək, şəhərlərdə iqtisadi inkişaf və məşğulluğu təşviq etmək, iqlim dəyişikliyi və ekoloji problemlərə uyğun şəhər modelləri yaratmaq və şəhər idarəçiliyində inklüzivlik və bərabərliyi artırmaqdır. AUF-un ümumi məqsədi Afrikanın şəhərlərini daha dayanıqlı və iqtisadi cəhətdən güclü mərkəzlərə çevirməkdir.

AUF qlobal səviyyədə keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF) regional ekvivalenti kimi düşünülüb. Qeyd edək ki, 1-ci Afrika Şəhərsalma Forumuna 2024-cü ildə Efiopiyanın paytaxtı Əddis-Əbəbə ev sahibliyi edib.

On mindən artıq iştirakçının qatıldığı builki Forumun açılışında Keniya Respublikasının Prezidenti Uilyam Samoei Rutonun, eləcə də bir çox hökumət və beynəlxalq qurumların rəhbər şəxslərinin iştirakı tədbirdə müzakirə edilən məsələlərin aktuallığının və diqqət mərkəzində olduğunun vacib göstəricisidir.

Tədbirin açılış mərasimində çıxış edən Komitə sədri Anar Quliyev bildirib ki, ölkəmiz əlçatan mənzil və dayanıqlı şəhər inkişafı məsələlərini qlobal gündəliyin əsas prioritetləri kimi qəbul edir və bu sahələrdə öz fəaliyyətini həm beynəlxalq əməkdaşlıq, həm də milli təcrübə əsasında ardıcıl şəkildə davam etdirir. Bu kontekstdə cari ilin 17-22 may tarixlərində Bakı şəhərində keçiriləcək WUF13-ün qlobal dialoqun davam etdirilməsi baxımından mühüm platforma olacağı bir daha beynəlxalq auditoriyanın diqqətinə çatdırılıb.

Forum çərçivəsində həmçinin “Mənzil və şəhər inkişafı üçün innovativ maliyyələşmə: dövlət-özəl tərəfdaşlığı” mövzusunda keçirilən Nazirlər Sessiyasında iştirak edən Anar Quliyev “Hər kəs üçün münasib mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupun həmsədri qismində Azərbaycan və Somali adından Birgə Bəyannamə ilə çıxış edib. Çıxış zamanı dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, iqlim və qarışıq maliyyələşdirmə mexanizmlərinin inkişafı, eləcə də mənzil əlçatanlığını təmin edən dayanıqlı modellərin tətbiqinin əhəmiyyəti vurğulanıb.

Layiqli mənzil üzrə açıq tərkibli İşçi Qrup”un yan tədbirində çıxış edən Azərbaycan Respublikasının Keniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Nayrobi şəhərindəki daimi nümayəndəsi Sultan Hacıyev isə Azərbaycanın şəhər gündəliyi və iqlim siyasəti sahəsində yanaşmalarını diqqətə çatdırıb. O qeyd edib ki, COP29-a ev sahibliyi etmiş Azərbaycan mövcud tərəfdaşlıqlardan yararlanmaqla yanaşı, iqlim dəyişikliyi ilə mübarizədə yeni əməkdaşlıq imkanlarını da genişləndirir və bu istiqamət WUF13 çərçivəsində əsas prioritetlərdən biri olacaq.

Tədbirdə ikitərəfli əməkdaşlığın inkişafı da diqqət mərkəzindədir. Bu çərçivədə Komitə sədri tərəfindən artıq Afrika ölkələrinin və regional təşkilatların rəhbərləri ilə bir sıra məhsuldar görüşlər keçirilib. Afrika İttifaqının komissarı Moses Vilakati, Keniya Respublikasının Torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri Elis Vahome, Zimbabve Respublikasının Yerli idarəetmə və ictimai işlər naziri Daniel Garve, Tanzaniya Respublikasının Torpaq, mənzil və insan məskənlərinin inkişafı naziri Leonard Douglas Akvilapo, Somali Federativ Respublikasının İctimai işlər, yenidənqurma və mənzil təminatı naziri Said Mohamed M. Haid, Ruanda Respublikasının İnfrastruktur naziri Jean de Dieu Uvihanganye, Kamerun Respublikasının Mənzil və şəhərsalma naziri Celestine Ketcha Courtes, Efiopiya Federativ Demokratik Respublikasının Şəhər və infrastrukturun inkişafı naziri Chaltu Sani, Tanzaniya Birləşmiş Respublikasının Dar əs Salam Şəhər Şurasının meri Nurdin Bilal Juma, Nayrobi şəhər dairəsinin qubernatoru Johnson Sakaja, Keniya Respublikasının Mənzil, Şəhər Planlaşdırılması və İctimai İşlər Komitəsinin sədr müavini Rindikiri Mugambi Murvithania, “Shelter Afrique” Beynəlxalq Maliyyə Təşkilatının icraçı direktoru Thierno-Habib Hann, “Equity Bank” (Kenya) Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Moses Nyabanda və digər nümayəndələrlə keçirilən görüşlərdə Azərbaycan ilə Afrika ölkələri arasında əməkdaşlığın müsbət inkişaf dinamikası qeyd olunub, dayanıqlı şəhər inkişafı, mənzil siyasəti və müvafiq institutlar arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində eyni zamanda Anar Quliyevlə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax arasında növbəti işgüzar görüş keçirilib və tərəflər Bakı şəhərində keçiriləcək WUF13-ə hazırlıq məsələlərini müzakirə ediblər. Bildirilib ki, artıq 16 mindən çox iştirakçının qeydiyyatdan keçməsi tədbirə yüksək beynəlxalq marağın əyani göstəricisidir.

Qeyd edək ki, 2-ci Afrika Şəhərsalma Forumunda Azərbaycan nümayəndə heyətinin iştirakı gələn ay paytaxtımızda keçiriləcək WUF13-ə beynəlxalq tərəfdaşların cəlb edilməsinə möhkəm zəmin yaradır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*