Şair Məmməd İsmayıl “Ruhani” sədaları ilə son mənzilə yola salınıb. Belə dəfn mərasimi ictimaiyyət tərəfindən maraq və rəğbətlə qarşılanıb.
Maraqlıdır ki, son illər bu cür mərasimlər tez-tez təşkil edilir, lakin bəzi tənqidçilər bunun İslam dininin qaydalarına uyğun olmadığını bildirirlər
Belə mərasimlər dinə ziddir?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan türkoloq, araşdırmaçı-yazar Əkbər Qoşalı deyib ki, Türk dünyasının görkəmli ədəbiyyat və ictimai xadimi Məmməd İsmayılın “Ruhani” saz havası və özünün anlamlı şeiri ilə haqq dünyasına yola salınması birmənalı qarşılanmamış ola bilər:
“Lakin bu, nə ilk deyil, nə də son olacaq. Uzağa getməyək, nə vaxtsa, mənim vəsiyyət etmək fürsətim olarsa, bir qızılbarmaq aşığın ifasında “Dilqəmi”ni istərdim. Yəni, Azərbaycanda, özəlliklə də Tovuzda, ümumən Günbatar bölgəsində bu cür mərasimlər az olmayıb.
Əslində, burada əsas meyar insanın öz istəyi və doğmalarının münasibətidir. Əgər mərhumun özü belə bir vəsiyyət edibsə, yaxud ailəsi, yaxınları belə ahəngi münasib biliblərsə – bu, artıq hörmət edilməli seçimdir. Biz ərəb deyilik, fars deyilik, türkük və türkün tarixində də, mədəniyyətində də, sənətində də sazın özünəxas uca yeri var. Körpənin beşiyi başında da çalınıb, igidin toyunda da, ərənin, ustadın yasında da. Deməli, saz təkcə musiqi aləti deyil, həm də ruhaniyyətin daşıyıcısıdır”.
Türkoloq bildirib ki, bəziləri bu halı “dini qaydalara zidd” kimi qələmə verir, amma İslamdan öncə də türk ulusunun özünəxas inanc sistemi, ritualları vardı:
“Bunu unutmaq olmaz. Əcdadımız dövlətimizi müqəddəs bilib, deyərdim, bəlkə məhz bu amal – dövlətçilik uğrunda dinini də dəyişib – bütün səmavi dinləri qəbul edib. Amma sazı, sözü, musiqini heç vaxt yaddan çıxarmayıb, necə deyərlər, davam və inkişaf etdirib. Bu gün də həmin ruhaniyyətin yaşaması, ulusun yaddaşına bağlı qalması təbii sayılmalıdır.
Mənim üçün Məmməd İsmayılın sazla – “Ruhani” havası ilə haqq dünyasına yola salınması təsadüfi deyildi. O, ömrü boyu bütün Türk dünyasına səslənib, sözünün gücü ilə həm Azərbaycana, həm Qafqaza, Anadoluya və nəhayət, uzaq coğrafiyalara yol açıb. Bu gün isə onun ruhunun sazla, onun ruhani nəfəsi ilə yad olunması, uzaq Saxa-Yakutiyadan üzübəri Türk dünyasından qələm yoldaşlarınının, oxucularının minnətdarlıqla, sevgiylə xatırlaması çox anlamlıdır. Burada ziddiyyət axtarmaq yox, əksinə, həm inancın, həm də milli ruhun, mədəni yaddaşın birləşməsini görmək daha uhulət-suhulətli yanaşma olardı. Çünki bir ustadı haqq dünyasına doğru müşayiət edən saz havası, əslində, bizləri də birliyə, vicdana, haqq-ədalətə çağırır”.
İlahiyyatçı Tural İrfan qeyd edib ki, islamda musiqi icazəlidir və Quranda qiyamət günü mələk İsrafilin sur çalacağı dəfələrlə deyilir:
“Allah musiqiyə o qədər önəm verir ki, hətta böyük bir prosesin başlanğıcına da melodiya ilə start verməyi nəzərdə tutub. Peyğəmbərlər də musiqiyə rəğbətlə yanaşıb. Övliya Çələbi yazır ki, Musa peyğəmbər ney çalardı. Davud peyğəmbərin gözəl mahnılar oxuduğu deyilir. Həzrət Muhəmməd Məkkədən Mədinəyə köçəndə mədinəlilər onu dəf, ney sədaları altında nəğmələrlə qarşılayıblar.
Doğrudur, dəfn zamanı musiqi ifa etmək dinimizdə yoxdur. Xristianlarda belə ənənələr sonralar meydana gəlib. Türk xalqlarında isə saz, qopuz ifa etmək var. Sazla başqa musiqi alətini qarışdırmaq olmaz. Saz əslində şənlik və kef məclisində ifa etmək, rəqs üçün deyil. İndi bunu əndazədən çıxarıblar. Saz el ağsaqqallarının, müdrik ulularımızın, Dədə Qorqudun nəsihət və öyüdlərini müşaiyət etmək, diqqət cəlb etmək üçün istifadə olunub. Koroğlu saz çaldırıb rəqs etmirdi, sazla şeir deyib nəsihət verirdi. Sazın fəlsəfəsi dərindir. Türkün bir neçə milli simvolu var ki, biri də sazdır. Odur ki, dəfn zamanı vəsiyyətə uyğun olaraq dinin tələbləri icra edildikdən sonra saz ifa etmək mümkündür. İbrətamiz bir neçə şeir söyləmək də olar. Necə ki, bəzi bölgələrdə mərsiyyə oxunur və şeirlər söylənilir. “Ruhani” havası ruhla bağlıdır, dərin fəlsəfəsi və ilahi mahiyyəti var. Digər musiqi alətlərinin ifasını məqbul hesab etmirəm. Çünki ağını çıxarmaq olmaz. Lakin yalnız saz olar. O da ona görə ki, kökü, mənbəyi, mənası və mahiyyəti məlumdur”.
İlahiyyatçı əlavə edib ki, xalq şairi Zəlimxan Yaqub, aşıq Ədalət Nəsibov, yazıçı Vidadi Babanlı da Məmməd İsmayıl kimi saz ifası altında dəfn olunublar:
“Bəzi radikal və mühafizəkar mollalar guya musiqinin haram olduğunu deyirlər. Bu, böhtan və dinə qarşı iftiradır. Haram olsaydı, Allah İsrafilə sur ifa etdirməzdi. Demək Tanrı özü də ölümü və dirilişi musiqi ilə həyata keçirir. Quranın verdiyi məlumata görə, İsrafil bir hava ifa edəndə bütün bəşəriyyət öləcək, müəyyən proseslər baş verdikdən sonra yenidən başqa nəğmə ifa edəcək və hamı diriləcək. Görün, Allahın musiqiyə verdiyi ən böyük dəyərə baxın.
Vəsiyyətə uyğun olaraq saz ifa etmək dinə müxalif sayılmır. Amma bunu hamı üçün, ənənə şəklinə salmaq məqsədəuyğun deyil. Əsasən, saza bağlı Qərbi Azərbaycan əhalisi arasında bu yayqındır. İslamda vəsiyyət, əgər haram işlərdən deyilsə, mütləq icra edilməlidir. Dəfn zamanı əndazəni aşmadan, vəsiyyətə uyğun olaraq ibrətamiz şeirlər söyləməklə saz ifa etməyə heç bir maneə yoxdur. Əksinə, böyük bir ibrətdir, milliliyin simvoludur, dinin də əleyhinə deyil. Başqaları mərsiyyə deyib, sinə vuranda, şüar səsləndirəndə olur, saz çalanda olmur?”