Azərbaycanın dünya arenasında çəkisini artıran tarixi hadisə – MÖHTƏŞƏM GÜNbackend

Azərbaycanın dünya arenasında çəkisini artıran tarixi hadisə - MÖHTƏŞƏM GÜN

Elman Babayev, əməkdar jurnalist

Cənab Qaz Dəhlizi layihəsinin bütün seqmentləri artıq fəaliyyətdədir

Şahdəniz konsorsiumu bu gün Xəzər dənizindəki Şahdəniz yatağından Avropaya yeni Cənub Qaz Dəhlizi vasitəsilə kommersiya qaz nəqlinin başlandığını elan edib. Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan kommersiya məqsədli təbii qaz Avropa bazarına – İtaliya, Yunanıstan və Bolqariyaya çatdırılıb. Beləliklə, ölkəmizin iqtisadi-maliyyə gücünün artmasına, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənab Qaz Dəhlizi layihəsinin bütün seqmentləri artıq fəaliyyətdədir.

Rəsmi məlumatlara əsasən, Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP vasitəsilə qaz nəqlinin başlanması ilə Azərbaycandan Avropaya uzanan 3500 kilometr uzunluğunda bir-birinə bağlanan üç qaz boru xəttinin inşası artıq başa çatıb.

Bu dəhliz zəncirinin son bölümü vasitəsilə nəql başlamazdan əvvəl Şahdəniz yatağından qaz həcmləri 2018-ci ilin ortalarından başlayaraq Cənub Qaz Dəhlizinin ilk iki hissəsi – genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsilə təhlükəsiz və etibarlı şəkildə regional bazara ixrac olunurdu.

Cənub Qaz Dəhlizi “Şahdəniz” yatağından başlayır və ilk dəfə olaraq Xəzərin enerji ehtiyatlarını birbaşa Avropa bazarlarına çatdırmaq üçün inşa olunub. Bu yataqdan Cənub Qaz Dəhlizi vasitəsilə regional və Avropa bazarlarına ildə 16 milyard kubmetr qaz ixracı planlaşdırılır.

Vurğulamaq vacibdir ki, bununla Azərbaycan daha bir mühüm, tarixi qələbə, uğur əldə etdi. Prezident İlham Əliyevin qətiyyəti, milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti ilə daha bir önəmli layihənin həyata keçirilməsi təmin olundu, Azərbaycan dünya bazarına böyük qaz ixracatçısına çevrildi.

Cənub Qaz Dəhlizi Azərbaycana nə vəd edir?

– Qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm faktor olacaq;

– Azərbaycanın regionda və Avropada əhəmiyyətinin artmasını, ölkəmizlə Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək;

– Azərbaycanın təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql edən və tranzit ölkə kimi əhəmiyyəti artacaq;

– Ölkəmiz Avropanın enerji təchizatının şaxələndirilməsində ciddi faktora çevriləcək;

– Region ölkələrinin öz enerji resurslarını dünya bazarına çıxarmaq üçün yeni mənbə rolunu oynayacaq;

– Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyətə malik dövlət statusunu qazanacaq;

– Dövlətlər və xalqlar arasında qarşılıqlı əməkdaşlığın, işgüzar əlaqələrin inkişafına töhfə verəcək;

– Regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir göstərəcək;

– Azərbaycanla Avropa indi birbaşa, təhlükəsiz və etibarlı enerji xətti ilə birləşəcək.

Danılmaz faktdır ki, Azərbaycanın son illərdəki iqtisadi uğurlarının başlanğıc mərhələsi “Əsrin müqaviləsi” dir. Sonrakı iri strateji qlobal layihələr, o cümlədən Cənub Qaz Dəhlizi bu zəncirin möhkəm həlqəsini təşkil edir və Azərbaycanın gələcək inkişafına, dünyanın enerji təhlükəsizliyinə etibarlı töhfə verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*