Cənubi Qafqazda şərtlər dəyişib və indi bütün hadisələr Azərbaycanın diktəsiylə həyata keçirilir. Azərbaycanın Ermənistan qarşısında qoyduğu şərtlər yavaş-yavaş icra olunur. Qazax rayonunun işğal altında olan kəndlərinin geri qaytarılması, sülh gündəliyindəki bəzi maddələrin razılaşdırılması Azərbaycanın diktəsi ilə baş tutub. İndi növbədə Ermənistan Respublikasının Konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddialarının aradan qaldırılması dayanır. Bu, Azərbaycanın Ermənistan qarşısında qaldırdığı şərtlərdən biridir və bu şərt Ermənistanda geniş əks-səda doğurub. Baş nazir Paşinyan isə Ermənistan Konstitusiyasında dəyişiklik etməyin vacibliyini bildirib. Deməli, Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddalarını ehtiva edən bəndlər çıxarılmalı, Zəngəzur dəhlizinin reallaşmasına şərait yaradılmalıdır. Bütün bunlar baş verərsə, Paşinyan ümid etdiyi regional sülhü yaxınlaşdıra bilər. Bəs Paşinyan bu şərtləri yerinə yetirəcəkmi?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, Paşinyan şərtləri yerinə yetirəcək:
“Amma şərtlərin reallaşması daha çox Zəngəzur dəhlizinin icrası məsələsinə dayanır. Hər halda başqa qlobal mərkəzlərin bu proseslərdə həlledici rol oynamasına imkan vermək lazım deyil. Demək istəməzdim ki, dünyada tez-tez vəziyyətin dəyişməsi Ermənistanın manipulyasiya imkanlarını artırır. Sadəcə bu, prosesi genişləndirir. Ermənistan üçün Fransanın, Hindistanın, eləcədə bilmədiyimiz formada Rusiyanın və başqa ölkələrin verdiyi silahlar onlarda revanşizm hissi doğurur. Lakin nəticə dəyişmir. Elə hesab edirəm ki, Azərbaycanın bir variantı da var. Çox güman ki, Ermənistan müəyyən vaxtdan sonra təxribatlara əl atacaq və regionda təhlükəsizlik pozulacaq. O zaman, Azərbaycan BMT-nin 51-ci maddəsinə istinad edib təhlükəsizliyini təmin etmək hüququnu özündə saxlayır. Burada həm də, məsələyə tarixi irs nöqteyi nəzərindən yanaşıla bilər. Hələ məlum deyil ki, beynəlxalq münasibətlərdə üçlü bölgü sxeminin sonu necə bitəcək. Bu baxımdan Azərbaycan üçün yaxın perspektivdə dərhal hərbi addımlar, uzaq perspektivdə isə Azərbaycan-Türkiyə işbirliyi və alternativ Zəngəzur dəhlizi məsələsi gündəmdədir. Məncə bir az da qlobal baxsaq, bu məsələdə Çinin, Britaniya və Avropa İttifaqının mövqeləri az əhəmiyyət daşımayacaq”.
Vəli Həsənoğlu,
KONKRET.az