Azərbaycanın “Prius”lu İNDİSİ və “TikTok”lu GƏLƏCƏYİ – TƏHLİLbackend

Azərbaycanın "Prius"lu İNDİSİ və "TikTok"lu GƏLƏCƏYİ - TƏHLİL

Əvvəlcə qeyd edək ki, yaşayış minimumu ilə ehtiyac meyarının məbləğləri ilk dəfə olaraq bərabərləşdiriləcək və hər ikisi 246 manat təşkil edəcək. Bunu sosial-iqtisadi sahədə aparılan islahatların uğurlu nəticəsi kimi xarakterizə edirlər. Yəni minimum əmək haqqı (300 AZN) yaşamaq üçün 50 manat artıqlaması ilə bəsdir. Bahalaşma fonunda aylıq ərzaq məsrəflərinin (392) 400 manat olduğu ölkədə 246 ilə 300 AZN minimumları azca gülməli görünür. Lakin bunu çarəsizlik də adlandırmaq düz olmaz. İllər öncə deputatlardan birinin dediyi kimi – “maaşın azdır, işdən sonra daş daşı, taksi sür, pul qazan”. Yəni hazırda kreditlə və ya arendaya sərfəli maşın olan “Prius” götürüb “xaltura” ilə çörəkpulu qazanmaq olur. Ciddiyəm. Yəni sosial ədalətsizlik ucbatından maşın sürdü-sürmədi hər kəs taksi sürücülüyü ilə xoşbəxt olur. İnsanlar xeyir-şər olmayan aylar sevincək halda nəzir verir. Di gəl ki, tərsinə olmalıdır. Məgər bu, milləti zombiləşdirmək deyil? Niyə hamının pulu hər şeyə çatacaq məbləğdə olmalı deyil? Hər şey deyəndə sürdüyünüz yüzminlik maşın, yediyiniz kürü, qəbul etdiyiniz bal-süd vannaları, xarici hesab, villalar, bizim evin dəyərindəki paltarlarınızı nəzərdə tutmuram. Bircə aldığımız maaş ancaq broyler və şorla qurtarmasın. Həftəsonu görək, dəvətnaməyə görə kreditə girməyək. Niyə “Prius”a məhkum olmalıyıq ki?

“Niyə bədbinsiniz? Sərfəli honda, opel, şevroletlər də var. Sırf prius alın deyə məcbur etmirik. Belə monopoliya yoxdur”.

Bilirəm, monopoliya Azərbaycana yad termindir. Zarafat bir yana, ölkədəki çətin durumu müxtəlif trendlərlə unutdururlar. Gah hansısa deputatın meyvə bayağılığı, digər populyarın qəsdən qatıqlaması, xarici siyasət aktuallığı, sosial media feykləri ilə daxili vəziyyətə pərdə çəkilir.

KONKRET.az xəbər verir ki, hazırda çəkilən bu pərdənin ən populyar vasitəsi “TikTok”dur. Həmin kontentdən istifadə (əsasən şeir, tarixi-siyasi və dostluq paylaşımları ilə) edən biri kimi pozğunluq, kriminal və narkomaniyanın necə təbliğ olunduğunun şahidiyəm. Ən çox izlənilənlər arasında sadalanan hər üç arzuolunmaz istiqamətin təmsilçiləri üstünlük təşkil edir.

Buna görə də orta və ali təhsil müəssisələri yetişən nəsli belə mənfi təsirlərdən qorumalıdır.

“Bərəkallah ustadına, guya biz nə edirik ki?”.

Siz mənfi təsirlərdən “qorumalıdır”ı axmaq vərdişləri “qurmalıdır, sırımalıdır” kimi eşitmisiniz. İclaslarda yatanda belə olur da. Qıllanmış qulaqlarınız cümlənin əvvəli ilə axırını uzlaşmış formada eşidə bilmir. Yoxsa İqtisad Universitetinin akt zalında tiktokerlərlə tələbələrin görüşünü təşkil etməzdiniz. Təsəvvür edin, Azərbaycan iqtisadiyyatının gələcək sütunları “TikTok” mühazirələri ilə böyümüşlərə həvalə olunacaq. Bu halda hansı nailiyyətə ümid edək? Uzaqbaşı 10 il sonrakı Azərbaycan iqtisadiyyatında “intim qoruyucuların pulsuz satışının əsasları” kitabı çıxacaq. Yeri gəlmişkən, Makronun qərarı ilə 2023-də Fransada 18-25 yaşarası vətəndaşlar üçün intim qoruyucular pulsuz olacaq. Hər halda Əsrin Müqaviləsi, Davos abu havası olmalı təhsil ocağını “TikTok”a çevirmək cəmiyyətlə məzələnməkdir. Çünki müasirlik adı altında əhalidə “TikTok” vərdişlərini çoxaltmaq insanların həyatını gödəltməkdir:

– Az maaş olan işlərdə sutkanın azı 9 saatı gedir;

– Süni tıxaclar vaxt itkisini 11 saat edir;

– Evə çatıb xörək tapıb, çay içilsə, 12;

– 1 saat teleserial 13;

– 1 saat “facebook-ınstagram” 14;

– 2 saat “TikTok” 16;

– 8 saat yatıb-durandan sonra eyni ssenarini təkrarlayasınız;

Və beləcə gün keçdi, ömür getdi. Durum qorxuncdur. Avropaya qaçan suriyalılara yazığımız gələn vaxtlar olub. İndi özümüz viza axtarışındayıq. Sözügedən boşluqları duyan valideynlər övladlarının xaricdə təhsilinə çalışırlar. Öz sözləri ilə desək, “barı onlar gün görsün”.

KONKRET.az-ın Araşdırma Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*