“Azərbaycanın qələbəsi Orta Asiya ölkələrinə DƏRS OLDU” – Şerali Rizoyonbackend

"Azərbaycanın qələbəsi Orta Asiya ölkələrinə DƏRS OLDU" - Şerali Rizoyon

Son günlər Qarabağda baş verən hadisələr dünya mətbuatının əsas müzakirə mövzusudur. Məsələyə Orta Asiya ölkələrində də böyük maraq var və mövzu ilə bağlı Tacikstan mətbuatı geniş məqalə dərc edib.

KONKRET.az xəbər verir ki, problemə müxtəlif kontekstdən yanaşan Şerali Rizoyon bildirib ki, postsovet məkanında ən çox uzanan münaqişələrdən birinə son qoyuldu.

Daha sonra müəllif münaqişənin başlanmasına, onun müharibəyə çevrilməsinə diqqət çəkir. Otuzillik dövrü əks etdirən bəzi məqamlara gəlincə, yazı müəllifi bildirib ki, iki ölkə arasında münasibətlərdə yaranan qarşıdurma ermənilərin Azərbaycandan, azərbaycanlıların isə Ermənistandan köçürülməsinə səbəb olub.

“Qətllər, yanğınlar baş verib, buna görə tərəflər bir-birini ittiham ediblər. Nəticədə 1994-cü ildə Birinci Qarabağ müharibəsi Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini nəzarətə götürməsilə nəticələnib. 2020-ci ilin sonunda Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibə baş verdi. Amma Qarabağda heç bir ölkə tərəfindən tanınmayan qondarma “respublika”nın varlığına son qoyulmadı. Bu il sentyabrın 19-da antiterror əməliyyatı başladı və nəticədə erməni separatçı qüvvələri silahlarını təhvil verdilər. 2024-cü il yanvarın 1-dən Qarabağ “respublika” kimi yox olacaq və Azərbaycanın əyalətlərindən birinə çevriləcək.

Müstəqillik dövründə İrəvan və Bakı bu münaqişəni öz xeyrinə bitirmək üçün bütün xarici siyasət strategiyasını həyata keçirib. Bəzən birvektorlu, ya da çoxvektorlu siyasət yürüdüblər. 2020-ci ilin 44 günlük müharibəsinə qədər tərəflərin məsələni öz xeyrinə həll etmək üçün bərabər imkanları var idi. Bakı neft və qaz satışından gələn böyük maliyyə resurslarından, İrəvan da mədənçilikdən və erməni diasporunun imkanlarından əldə olunan kapitaldan istifadə edib. Gəlin görək, Bakının qələbəsinə və İrəvanın məğlubiyyətinə nə səbəb oldu və Orta Asiya ölkələri bu vəziyyətdən hansı dərsləri götürə bilər?

Birincisi, son üç əsrdə Cənubi Qafqaz regionu Çar Rusiyası, Osmanlı Türkiyəsi və İran arasında rəqabət meydanı sayılır. Hazırkı vəziyyətdə bu ölkələr regionu öz strateji maraqlarının sahəsi hesab edir və əsas aktorlardır. Böyük Britaniya, Fransa və İsrail Cənubi Qafqazda ikinci dərəcəli dövlətlər sayılır. Onların regionda mövcudluğu və təsir motivləri fərqlidir”.

Müəllif daha sonra qeyd edir ki, Azərbaycan Qarabağın etnik ermənilərinin reinteqrasiyası üçün plan hazırlayıb: “İrəvan və Bakı Moskva ilə əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsində hesab edir. Rusiya, Türkiyə və İranın bölgədə fərqli məqsədləri var.

Dünyada gedən prosesləri nəzərə alsaq, bu güclərin hər biri müəyyən qədər öz maraqlarına nail olacaq və görünən odur ki, yalnız Qarabağ erməniləri uduzurlar. Beləliklə, birinci dərs ondan ibarətdir ki, regionda böyük dövlətlər arasında artan rəqabət ölkələrin birinin məğlubiyyəti ilə nəticələnməlidir ki, bu da hər zaman gərginlik və münaqişənin yaranma ehtimalını artırır. Məğlub olan ölkə daim qisas almaq istəyir. Odur ki, Mərkəzi Asiyada böyük güclərin gərgin rəqabətinin başlanmasının qarşısının alınması regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün mühüm şərtdir.

İkincisi, bu problemin həllində Azərbaycan daha çox Türkiyəyə, Ermənistan isə Rusiyaya arxalanıb. Bakı və Ankara “bir millət, iki dövlət” konsepsiyasını həyata keçirir. Ermənistanda bu məsələyə sivilizasiya və din baxımından yanaşılır. 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanın xarici siyasətində sürüşmələr müşahidə olunmağa başlayıb.

Əgər 2020-ci ilin 44 günlük müharibəsinə qədər Azərbaycan Qarabağ bölgəsinə xüsusi statusun verilməsinə razılıq vermişdisə, bu gün bu məsələ danışıqların gündəliyindən tamamilə çıxarılıb. Beləliklə, Mərkəzi Asiya ölkələri üçün ikinci dərs ondan ibarətdir ki, onlar çoxvektorlu xarici siyasətini ardıcıl şəkildə həyata keçirməli və onun birvektorlu olmasına imkan verməməlidirlər.

Üçüncüsü, dünya siyasəti öz transformasiyasının qeyri-müəyyən mərhələsindədir və çətin dövrünü yaşayır. Aydındır ki, dünya siyasətinin bu spesifikliyi daha on il davam edəcək. İndiki mərhələdə hər bir ölkənin yeganə etibarlı tərəfdaşı heç bir məqsəd və maraq olmadan Vətəninin sabit inkişafını ürəkdən arzulayan özü və xalqıdır.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*