“Azərbaycanın yanında Ermənistan yetim kimi görünür” – Rusiyalı ekspertbackend

"Azərbaycanın yanında Ermənistan yetim kimi görünür" - Rusiyalı ekspert

Cənubi Qafqazda dəyişən geosiyasi vəziyyət Ermənistanı dalana dirəyib və indi ermənilər əzəli müttəfiqindən üz döndərmək qərarına gəlib. Rusiyadan canını qurtarmaq üçün siyasi şantaja əl atan Ermənistan Qərblə əməkdaşlığı bir qədər də gücləndirib. İndi ABŞ və Fransanın dəstəklədiyi Ermənistan açıq-aşkar silahlandırılır. Qərbin bu siyasəti regionda sülhü təhdid altına alır və müharibə riskini artırır.

KONKRET.az xəbər verir ki, rusiyalı siyasi şərhçi Qalina Mixaylova Ermənistan mətbuatına müsahibəsində bəzi məqamlara toxunub və ermənilərin düşdüyü vəziyyəti şərh edib. Politoloq bilidirib ki, Ermənistanın Rusiyadan üz döndərməsinin əsas səbəbi 2-ci Qarabağ müharibəsində üzləşdiyi acı məğlubiyyətdir:

“İkinci Qarabağ müharibəsində Ermənistan gözləyirdi ki, Rusiya onun köməyinə gələcək və ermənilər tərəfdə vuruşacaq. Amma bu, baş vermədi və Rusiya praktiki olaraq müharibənin gedişində heç nəylə yadda qalmadı, ermənilərin də çağırışına etinasız yanaşdı. Bundan sonra Rusiyanın mövqeyi tam bəlli oldu və müharibə Ermənistanın məğlubiyyəti ilə nəticələndi”.

Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması məsələsinə toxunan Mixaylova bildirib ki, Rusiya Cənubi Qafqazda Gürcüstanı çoxdan itirib: “İndi növbə Ermənistanındır və çox güman ki, Ermənistan da Rusiyanın əlindən sivişib çıxacaq. Ermənistanın Rusiyadan üz döndərməsinin kökündə 2-ci Qarabağ müharibəsinin nəticələri dayanır və ermənilər daha ruslara güvənmir. Rusiya sülhməramlıları Laçın dəhlizində üzərilərinə düşən missiyanı yerinə yetirə bilmədilər. Üstəlik, Qarabağdan ermənilərin kütləvi köçü başlandı. İndi sual yaranır, Ermənistan nə etməlidir? Cavab eynidir, ermənilər təhlükəsizliklərini başqa ölkələrdə axtarmalıdırlar”.

Daha sonra ABŞ – Azərbaycan münasibətlərinə toxunan Mixaylova bildirib ki, Amerika özünü dünyanın ağası hesab edir və onlar dövlətlər arasındakı münasibətlərdə birbaşa iştirak etmək istəyirlər: “Vaşinqton üçün Ermənistan məsələsi axırıncı yerdə dayanır. Məsələ burasındadır ki, erməni məsələsi təkcə Vaşinqtonda deyil, Avropa Birliyi ölkələrində də arxa plandadır. Sizə bir məsələni də deyim, hətta onlar Qarabağdan köçən erməniləri də çoxdan unudublar. İsrail – HƏMAS müharibəsi Ermənistan – Azərbaycan münaqişəsini kölgədə qoyub və Qərb üçün bu, o qədər də maraqlı deyil. Dünya KİV-nə də nəzər yetirsəniz, bu məsələ aydın görünəcək. Deməli, Amerika üçün Ermənistan məsələsi o qədər də aktual deyil.

Ermənistan müttəfiqi olmadan Türkiyə və Azərbaycan kimi güclü dövlətlərin arasında sadəcə öz varlığını itirə bilər. Bu ölkələrin arasında Ermənistan beynəlxalq yetim görkəmindədir”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*