Azərbaycanla bağlı ŞOK PLAN: Gədəbəydəki təxribatların arxasında kimlərin dayandığı məlum oldu – İLGİNC DETALLARbackend

Azərbaycanla bağlı ŞOK PLAN: Gədəbəydəki təxribatların arxasında kimlərin dayandığı məlum oldu - İLGİNC DETALLAR

“Gədəbəyin Söyüdlü kəndi təsadüfi seçilməyib. Belə ki, “R.V. Investment” şirkəti ABŞ-a məxsusdur və 11 ildir Azərbaycanda fəaliyyət göstərir. Düz 11 ildən sonra hadisələrin birdən-birə bu formada gündəmə gəlməsi təsadüf sayıla bilməz”

Bu fikirləri Gədəbəydə baş verən hadisələri KONKRET.az-a şərh edərkən politoloq Cümşüd Nuriyev səsləndirib. O bildirib ki, Gədəbəy hadisələri yüksək planlı və çox gözəl şəkildə hazırlanan bir təxribatdır: “Apardığımız araşdırmalara əsasən əminliklə demək olar ki, bu təxribatın araxasında Rusiya və İran dayanır. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında razılıq Avropa platformasındakı görüşlərdən sonra gündəmə gəlib. Rusya isə bunu çox qısqanclıqla qarşılayıb. Son günlər Overçukun və Zaxarovanın çıxışları göstərir ki, bu məsələni Rusiya gündəmə gətirib və Kreml hər şeyin Moskva platforması çərçivəsində həll olunmasını istəyir. Əslində isə Kreml bu məsələnin həllinə tərəfdar deyil. Çünki sülh müqaviləsinin imzalanması Rusiyanın Cənubi Qafqazı siyasi cəhətdən tərk etməsinə səbəb olacaq. Bu məsələdə ABŞ-la Rusiyanın maraqları toqquşur. Gədəbəyin Söyüdlü kəndi isə təsadüfi seçilməyib. Belə ki, “R.V. Investment” şirkəti ABŞ-a məxsusdur və 11 ildir Azərbaycanda fəaliyyət göstərir. Düz 11 ildən sonra hadisələrin birdən-birə bu formada gündəmə gəlməsi təsadüf sayıla bilməz. Hazırda Vaşinqton-Brüssel platforması güclənir, Moskva platforması isə zəifləyir. Digər tərəfdən, Paşinyan Rusiyaya təzyiq edərək Şuşanın itirilməsində Kremli günahlandırır. İran isə Zəngəzur dəhlizini özünün qırmızı xətti elan edir. Bütün bunların fonunda 11 il Gədəbəydə fəaliyyət göstərən şirkətin süni göl yaratmaq məsələsi gündəmə gəlir. Görünən odur ki, insanları da, polisi də təxribata çəkiblər”.

Politoloqun sözlərinə görə, təxribatı törətməkdə Rusiyanın “5-ci kolon”unun məqsədi var: “Moskvada hazırlanan təxribat planını çox uğurlu şəkildə həyata keçirməyə çalışırlar. Birincisi, Azərbaycana sərmayə qoyuluşunu dayandırmaq istəyirlər. Guya ölkəmizdə dayanıqlı siyasi sabitliyin olmadığına diqqət çəkmək niyyətindədirlər. Məqsəd Qarabağ və Şərqi Zəngəzura qayıdış planını gündəmdən çıxarmaqdır. Bu, Rusiyanın planıdır. İkincisi, son zamanlar ABŞ birmənalı şəkildə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında ardıcıl siyasət yürüdür. ABŞ-ın rəsmi Bakını dəstəkləməsi, Azərbaycanı özünün strateji tərəfdaşı adlandırması Rusiya və İranı qıcıqlandırır. Ona görə də məqsəd Azərbaycana təzyiq göstərmək və ölkəmizi yenidən Rusiyanın nüfuz dairəsinə salmaqdır. Bu, Azərbaycana qarşı tətbiq edilən bir cəza mexanizmidir. Təbii ki, Söyüdlü camaatı öz haqlarını tələb etməlidir və aqressiv hərəkət sərgiləyən polislər də cəzalanmalıdır. Amma nəzərə almaq lazımdır ki, indiyədək heç bir aksiyada uşaq və qadınlardan istifadə olunmayıb. Görünür, polisə qarşı Azərbaycan xalqında nifrət yaratmaq məqsədi də var. Kimlərsə Vilayət Eyvazovun yerinə göz dikə bilər. Digər bir məqsəd isə ABŞ-Azərbaycan münasibətlərini korlamaqdır. Çünki ABŞ Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasını istəyir”.

Cümşüd Nuriyev son günlər ermənilərin Başkənd məsələsini gündəmə gətirməsinə də toxunub: “Bəzi qüvvələr qarşıdurma olmasını istəyirlər. Beləcə Vilayət Eyvazovun əvəzlənməsinə, Rusiyayönlü rəhbərin təyin edilməsinə, üstəlik dövlət çevrilişi hazırlamağa niyyətlidirlər. Kənd camaatı isə bu siyasi gedişatı görmür. Amma “5-ci kolon” birbaşa ermənilərin əlinə işləyir. Onların heç biri xalqın milli maraqlarına xidmət etmir. Məqsəd Azərbaycanın imicini yerə vurmaq, ölkəmizi yenidən Rusiyanın təsir dairəsinə salmaq və siyasi rəhbərliyə təzyiq göstərmək, həmçinin Azərbaycan-İran və Azərbaycan-Rusiya qarşıdurmasından yararlanaraq ermənilərin maraqlarını təmin etməkdir. Böyük miqyasda götürsək, məqsəd həm də ABŞ-Rusiya qarşıdurmasında Azərbaycanın maraqlarını qurban verməkdir. Təsəvvür edin ki, Tunisdə bir işçinin özünü bazarda yandırması ilə “Ərəb Baharı” başladı. Hər şey adi hadisələrdən start götürür. Ona görə də siyasi nəticələrə diqqət yetirmək lazımdır. Biz təxribatlara uymamalıyıq. Dövlət isə bu məsələləri yerində həll etməlidir. Təhlükəsizlik orqanları təxribatların arxasında kimlərin dayandığını müəyyənləşdirməlidir. Azərbaycanda heç vaxt kişi qadını qabağa verməyib. Polisə daş atmaq, eyni zamanda güc strukturunun qadına qarşı zor tətbiq etməsi yolverilməzdir. Hesab edirəm ki, İrana və Rusiyaya bağlı qüvvələr araşdırılmalıdır. Niyə məhz “R.V. Investment” şirkətinin hədəf seçilməsi müəyyənləşdirilməlidir. İnsanlar isə ayıq başla düşünməli və təxribata getməməlidir. Çünki məsələlər araşdırıldıqdan sonra Söyüdlü camaatının problemləri də həllini tapacaq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*