Ermənistan baş naziri Nikol Paşinyanın Çinə uçuş zamanı ilk dəfə Azərbaycan hava məkanından keçməsi regionda sülh və etimadın göstəricisi kimi qiymətləndirilir. Bu hadisə həm də hava məkanlarının qarşılıqlı açılması perspektivini gündəmə gətirib. Belə addımların iki qonşu ölkə arasında münasibətlərin normallaşması və etimadın güclənməsi baxımından əhəmiyyətli olacağı bildirilir.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Badamov News24.az-a açıqlamasında bildirib ki, müqavilənin paraflanması münaqişə dövrünün başa çatması deməkdir və Ermənistan konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddiaları çıxarıldıqdan sonra iki ölkə arasında ikitərəfli münasibətlərin formalaşmasına mane olan məsələlər aradan qalxacaq:
“Növbəti mərhələdə yekun sülh sazişi imzalanandan sonra iki ölkə arasında diplomatik əlaqələrin yaradılması və münasibətlərin formalaşdırılması prosesi başlayacaq. Amma indiki mərhələdə iki ölkənin hava məkanından qarşılıqlı istifadə olunması qonşu ölkələr olaraq bizi sülhə daha da yaxınlaşdırır. Bu gün Azərbaycan Naxçıvana uçuşlarını Ermənistanın hava məkanından istifadə edərək həyata keçirir. Həmçinin Ermənistan baş naziri Nikol Paşinyanın Çinə uçan təyyarəsinin Azərbaycan hava məkanı üzərindən keçməsi iki ölkə arasında yaranmış etimad mühitindən irəli gəlir”.
Azər Badamov əlavə edib ki, yaxın vaxtlarda Zəngəzur dəhlizinin açılışı da sülh və əməkdaşlıq prosesinə töhfə verəcək:
“İki ölkə arasında münasibətlərin formalaşması üçün mümkün addımlar atılmalı, münaqişənin yenidən baş verməsinə imkan verilməməlidir. Cənubi Qafqaz kifayət qədər müharibə və münaqişələrə şahidlik edib. İndi məqsədimiz yalnız sülh və əməkdaşlıq içində yaşamaqdır”.