Marneuli şəhər meri Daur İsmayılovun qardaşı Kənan İsmayılov barəsində məhkəmə qərar çıxarıb.
KONKRET.az-ın məlumatına görə, Kənan İsmayılov çörəyin qiymətini artırmadığı üçün bir sahibkarı döyməkdə ittiham olunur və məhkəmənin qərarı ilə 2 ay müddətinə həbsdə saxlanılacaq.
İctimai fəal Samirə Bayramova bildirib ki, təqsirləndirilən şəxsin ailəsi onun azadlığa buraxılması üçün 100 000 lari girov təklif etsə də, məhkəmə bu təklifi qəbul etməyib. O, Kənan İsmayılovun həmin sahibkarı qrup halında döyməkdə iştirak etdiyini vurğulayıb.
Samirə Bayramovanın sözlərinə görə, merin ailə üzvləri biznes maraqları səbəbindən çörəyin qiymətini süni şəkildə artırıb və digər sahibkarları da buna məcbur ediblər. Qiymət artımına tabe olmayan şəxslərin isə zorakılıqla üzləşdiyi iddia olunur. Bildirilir ki, sahibkarlardan birinin amansızcasına döyülməsində iştirak edən qruplardan birinə məhz merin qardaşı rəhbərlik edib.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaqı Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1 prima hissəsinin “b” bəndi (qrup halında zorakılıq) üzrə aparıb./müsavat.com
