“Azəriqaz” İB abonentlərə əsassız cərimələr tətbiq edir – NARAZILIQbackend

“Azəriqaz” İB abonentlərə əsassız cərimələr tətbiq edir - NARAZILIQ

Xaçmaz rayon sakini  Çingiz Qaçayev də “Azəriqaz” tərəfindən cərimələnən yüzlərlə vətəndaşdan biridir. O gah sayğaca müdaxilə edilməsi, gah da təbii qazdan istifadə qaydalarının pozulması iddiası ilə 600 və 493 manat məbləğində cərimələnib. Eyni zamanda,  mənzilinin mavi yanacaqla təchizatı da məhdudlaşdırılıb. “Xəbərimiz olmadan gəlib sayğacımızı çıxarıb aparıblar. Məsələ ilə baglı idarəyə müraciət edəndə isə dedilər ki, sayğaca qanunsuz müdaxilə etmisiniz və 600 manat cərimə yazdılar. Halbuki sayğaca nəzarətçidən başqa heç kim baxmamışdı”. Vətəndaş onu da bildirir ki,  həmin cərimələr tətbiq edilərkən o razılaşma protokolu ilə tanış edilməyib.

“Dəfələrlə “Azəriqaz”a müraciət etsəm də, heç bir xeyri olmadı. Hər dəfə də texniki laboratoriyanın cavabını əsas gətirərək müraciətim rədd edilirdi”, – deyən  Ç.Qocayev bildirir ki, birlik tərəfindən çoxsaylı müraciətlərinə baxılmadığından o, sonda məhkəməyə müraciət edib. Və məhkəmə 24.04.2019-cu il tarixində vətəndaşın iddiasını təmin edərək, cərimələrin silinməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Xaçmazda və ümumən şimal bölgəsində Çingiz Qocayev kimi “Azəriqaz”‘ İB tərəfindən əsassız və qanunsuz cərimələrlə üzləşən yüzlərlə vətəndaş var. Və bu cərimələrin əsassız olduğunu təsdiq edən bir faktı qeyd etmək yetər. Belə ki, təkcə Xaçmazda bir il ərzində cərimələrlə üzləşən 96 şəxs rayon məhkəməsinə müraciət edib və məhkəmə tərəfindən onların hamısının iddiası təmin edilərək cərimələri silinib. Maraqlısı isə odur ki,  qarşı tərəf, yəni  “Azəriqaz” İB  bütün faklar üzrə məhkəmə qərarından heç bir narazılıq bildirməyib.  Və əgər vətəndaşlara tətbiq edilən cərimələr qanunsuz və əsassız deyilsə, “Azəriqaz” niyə öz iddialarının təmin edilməsi üçün bir dəfə də olsun vəsatət qaldırmayıb?

Cəlal Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*