“Fransadan alınan silahların köməyi ilə ölkə səmasını tamamilə bağlaya biləcəyik”.
KONKRET.az xəbər verir ki, bunu separatçı Samvel Babayan deyib. O bildirib ki, Ermənistanın hansı nəsil silahlar almasından onun xəbəri yoxdur.
“2021-ci ildə mən baş nazirə bu şirkətlə əməkdaşlıq haqqında yazdım. Bu fransız şirkəti çox yaxşı inkişaf etmiş elektronikaya malikdir: o, PUA-ları sıxışdıra və onların əraziyə daxil olmasına mane ola bilər. Sevinirəm ki, Ermənistan nəhayət bu silahları almaq imkanına malikdir. Raket sistemi həm məhv etmək, həm də müdafiə üçün nəzərdə tutulub”, – deyə Samvel Babayan qeyd edib.
Onun sözlərinə görə, 2020-ci il müharibəsindən sonra Rusiyadan heç bir yardım, silah alınmayıb.
“Ona görə də Ermənistan hava hücumundan müdafiə qüvvələrini təkmilləşdirmək və özünə uyğun silah seçmək qərarına gəlib. Onlar (Rusiya – red.) Ukraynada o qədər məşğuldurlar ki, silah tədarük edə bilmirlər və biz də gözləyə bilmərik”, – deyə Babayan vurğulayıb.
O, Ermənistan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sisteminin fransız, artilleriya sistemlərinin isə Hindistan istehsalı olmasında problem görmür.
Rəsmiyyə Şərifova,
KONKRET.az