Babək Göyüş: Maqadan – Yol qeydləribackend

Babək Göyüş: Maqadan – Yol qeydləri

Giriş əvəzi. Bir şəhər, bir yer və orada yaşayan soydaşlarımız haqqında yazmaq üçün öncə gərək oralara aid olan informasiyaları internet vasitəsilə toplayasan, ya da bilet götürüb gedəsən o şəhərə. Biz bu yazını yazmaq üçün hər ikisini seçdik.

Seçimimizdə isə heç yanılmadıq, çünki gedəcəyimiz yer elə yer idi ki, ora sovetlər dönəmində “QULAQ arxipelaqı“ adı ilə hər bir sovet adamının qan, qorxu və ölüm yaddaşının tən ortasında dayanmışdı. İndi bizi oraya getməyə sövq edən nə idi? Təbii ki, iş. Çünki müasir zamanda insan boş-boşuna heç yerə getməz. İstər o yer Bermud üçbucağı, istərsə də Çin səddi olsun.

“QULAQ arxipelaqı“

Gəlin, səfərdən öncə “QULAQ arxipelaqı“nı bir az açıqlayaq. QULAQ – Qlavnoe Upravlenie LAQerey (Düşərgələrin baş idarəsi) sözünün abbreviaturasıdır. Çoxları isə bu sözü rus yazıçısı Soljenitsınla əlaqələndirirlər. O əlaqələndirilmə də ondan ibarətdir ki, Soljenistın 1958-ci ildən 1968-ci ilədək gizli yazdığı “QULAQ arxipelaqı“ əsərində “QULAQ“ sözünü daha da məhşurlaşdırıb. Daha doğrusu, qısaldılmış “SSRİ“ sözü kimi tarixə yazıb. “QULAQ“ əsərini elə indinin özündə də kommunizmi məhv edən bir əsər kimi tanıyırlar.

Haşiyə. Oxucu soruşa bilər ki, bütün bunların Maqadana nə dəxli var? Dəxli var, özü də birbaşa. Çünki Soljenitsın kimi minlərlə məhbusun həbs həyatı məhz burada – Maqadan çöllərində yaşanıb…

Uzun yolun dərdi

İndi isə yola çıxmaq zamanıdır. Soljenitsın haqda danışmağa yenə vaxtımız olacaq. Biz Rusiyaya elə bir dövrdə səfər edirdik ki, Moskva ətrafındakı meşələr od tutub yanırdı. Həm də Bakıdan fərqli olaraq təbiət möcüzəsi kimi Moskvada havanın temperaturu Bakıdan daha isti idi. Biz o istiliyi AZAL hava yoluna məxsus olan təyyarədən yerə enərkən hiss etdik və özümüzü o an isti qazanın “içində“ gördük. Mənimlə yol yoldaşı olan iş yoldaşlarımı bilmirəm, şəxsən mən o assosiasiyanı yaşamalı oldum. Domodedovo hava limanında 6 saat Maqadana uçacaq təyyarəni gözləməyimizin özü az qala Soljenitsının keçirdiyi məhbus həyatına bərabər idi. Bir az şişirdici alınsa da, əslində bu, beləydi, çünki çəkiliş qrupumuz oturmaq üçün hava limanının içində var-gəl edirdi və əsas vaxtın necə qısalması üçün baş sındırırdı.

Yağışın sərinliyi

Nəhayət, Lenin demişkən, gözlədiyimiz an gəlib çatdı. Biz təyyarəyə minmək üçün avtobusa minirik. Bayırdakı hava o dəqiqə hamının ayağından “girib“ başından yuxarı “çıxır“. Hadisələri qabaqlayaraq deyim ki, getdiyimiz Maqadan şəhərində havanın temperaturu müsbət 12 dərəcə idi, həm də internetin proqnozuna görə, oralarda yağış da yağırdı. Bir sözlə, əsl sərinləmək yeridir. Əvvəllər Rusiyanın uzaq şəhərlərinə uçmaq üçün həmişə rusların İL-96 və İL-86 təyyarələriylə 10-12 saata uçurduq. İndisə önündə dayandığımız təyyarə Boeing-767 idi və düşündük ki, yəqin, bu hava gəmisi o yola bir az sərinlik gətirəcək, yəni az vaxta uçacaq.

Bir abzas öncə Leninin adını çəkdiyimə görə yazıçı Soljenitsının onun haqqında dediyi sözləri oxuculara çatdırmasam, insafsızlıq olar. Soljenitsın “Dünyanın ən bədəməl adamı“ əsərində Lenin haqqında belə yazıb. “Lenin heç vaxt Rusiyanı sevməyib“. Bunları ona görə yazıram ki, 230 nəfər sərnişin tutan “Boeing”ə daxil olmaq üçün bir az vaxtımız var. Görəsən, dissident yazıçını bu sözləri yazmağa nə vadar edib? Vadar edən də odur ki, Lenin inqilab qurulan ərəfədə jurnal redaksiyalarının birinə belə məzmunda bir məktub göndərib: “Jurnalı redaktə etmək üçün alman, yaxud isveçrəli dəvət edin. Rus idiotlarına isə texniki və fəhlə işlərini həvalə edin“. Soljenitsın isə Lenini bu məktubuna görə “bədəməl“ adlandırıb və qəti fikrə gəlib ki, Lenin öz vətənində gedən müharibənin məğlubiyyətinə görə hakimiyyətə gəlib və bu məğlubiyyət üçün var gücü ilə çalışıb.

Styuardessaların gülüşləri həmişə seçilir. Təyyarələrdə tez-tez səfərlərə çıxan insanlar bunu yaxşı bilir. Onların yemək gətirdiklərinin və əyilib ədəb-ərkanla nə yeyəcəyin haqqında soruşmaqlarının ayrıca bir dünyası var. O dünya isə yalnız göydə olur. Elə bil yerdə insanlar kobudlaşır və başqalaşır.

İlk gördüyümüz azərbaycanlı

Uçuş talonumuza görə yerimiz təyyarənin lap sonuna yaxın bir yerdə idi. Yerimizə yaxınlaşanda hiss etdim ki, kimsə diqqətlə bizim gəlişimizə baxır. Başımı qaldıranda öncə gözlərindən duydum ki, bu, azərbaycanlıdır. Ancaq sifət quruluşundan onun hansı millətdən olmasını bilmədim. Bir də göyün yeddi qatına çıxan ərəfədə insanları millətlərə ayırmağın heç lüzumu yoxdur. Burada hamı eynidir və eyni xörəkləri yeyib, eyni styuardessaların yerişinə baxacaqlar. Yol yoldaşım deyinə-deyinə əl çantasını yerləşdirəndə özündən asılı olmayaraq “12 saat necə uçacağıq?“ deməsi “gözü bizdə olan“ sərnişinin dillənməsiylə nəticələndi: “Qorxmayın, 7 saat 15 dəqiqədir“. Deməli, gözlərim məni aldatmamışdı, o, azərbaycanlı idi. Oturandan sonra çönüb tanış olduq. Adı Pərviz idi. Yazını qabaqlayıb deyirəm ki, qayıdanda bizi Maqadan hava limanına ötürən iki nəfərdən biri də məhz bu oğlan olacaq…

Hazırda biz göyün 7-ci qatında 159 nömrəli Moskva- Maqadan reysiylə Uzaq Şərqə – Oxot dənizinin sahilinə tərəf uçuruq. Siz isə yerdə bu yazını oxuyursunuz. Bəlkə göydə də oxuyanlar tapılar. Ancaq hələlik veb saytlara girmək üçün adi sərnişin təyyarələrində internet şəbəkəsi quraşdırılmayıb. Oxumayanlara daha heç nə deyə bilmərəm. Yəqin, onlara çoxlu informasiya yüklü qeyri-adi yol qeydləri lazım deyil.

Göy və yer

Göydə yola çıxmaq hər insanın xoşuna gəlmir. Əsasən təyyarənin qalxma və enmə anları bir az həyəcanlı olur. Bu həyəcana hava boşluğunu da əlavə etsək, təyyarənin, doğrudan da, təhlükəli bir nəqliyyat növü olduğu göz önünə gələr. Ancaq neyləyək ki, hələlik A məntəqəsindən B məntəqəsinədək getmək üçün təyyarədən sürətli başqa bir nəqliyyat vasitəsi yoxdur.

İlk təəssüratlar

Bu da Maqadanın hava limanı. İlk görünüşdən əyalətin köhnə avtovağzalına bənzəyir. Qarşılayanlar bizi o dəqiqə tapırlar, çünki istər geyimimizə, istərsə də üz rəngimizə görə hamıdan seçilirdik. Həmin an sevindik ki, nə yaxşı ki seçilirik, yoxsa soydaşlarımız bizi tapa bilməzdilər və biz də Mayn Ridin “başsız atlı“sı kimi Maqadan çöllərində itib-batardıq.

Qarşılayanlar özlərini təqdim etdilər. Yasər və Şirəli. Yasər uzunboylu, bir az da üzü tüklü idi. Geyimindən milis işçisinə bənzəyirdi. Şirəli isə geyiminə görə elə bil Bakıdan indicə gəlmişdi. Sonra şəhərə gələnədək elə özü yolda söylədi ki, Azərbaycandan təzəcə gəlib. Deməli, zənnim məni aldatmamışdı. Bakıdan fərqli olaraq Maqadan aeroportdan 56 kilometr uzaqdaydı. Şəhərdəki “Qafqaz“ kafesinə gələnədək 56 kilometrin necə tez keçməsi də mənə qəribə gəldi. İlk təəssüratlar isə göz qabağında idi. Yamyaşıl meşələr, sovetdən qalma asfalt yollar, uzaqdan görünən dağlar və sol tərəfimizdə sanki bizimlə qoşa addımlayan Oxot dənizi.

Hava və rütubət

Maqadan şəhəri Rusiyanın əksər şəhərlərindən fərqlənmirdi. Stalinka evlər, köhnə yapon maşınları, tör-töküntülü səkilər və yaşıllıq bu şəhərin sanki simvolu idi. Şəhərə gəlişimiz günorta saatlarına və bazar gününə düşdüyündən elə fərz edirdik ki, şəhərdə gəzişən insanların sayı daha çox olacaq. Ancaq bunun tam əksini gördük. Bura ilk gələn turist o dəqiqə düşünər ki, hamı “QULAQ arxipelaqı“ndan qorxaraq köçüb gedib. Əslinə qalanda bu köçmə məsələsində bir az həqiqət var idi. Həqiqət də o idi ki, yay aylarında şəhər əhalisinin böyük əksəriyyəti dincəlmək və təmiz hava udmaq üçün dövlət hesabına onların diliylə desək, “materikə“ gedir. Gedənlərin xeyli hissəsi sonradan ev əşyalarını satıb daha isti və mülayim yerlərə köçür. Məlumat üçün deyək ki, burada havanın rütubəti 98 faizə çatır, havadakı oksigen azlığı isə təyyarədən yerə enən kimi hiss olunur.

Çukotiyadan keçən həyat yolu

Hər insanın yolu bir yerdən keçib bir yerdə qərarlaşır. Bizi uzaq Maqadana dəvət edən Mikayıl müəllim Azərbaycanın Xaçmaz rayonunun Üçgün kəndində doğulmasına baxmayaraq, tale onu gənc vaxtlarından Çukotiyaya – əmisinin yanına aparıb. Sonra isə Maqadan Politexnik İnstitutunda oxuduğuna görə bu şəhərdə qalmağa üstünlük verib. Mikayıl müəllim indi özünün yaratdığı “İnveststroy“ şirkətinin baş direktoru, həm də Maqadan vilayətində fəaliyyət göstərən “Birlik“ cəmiyyətinin sədridir.

Onunla ilk görüşümüz “Qafqaz“ kafesinin önündə oldu. Qafqazlılara məxsus olan bir istiqanlıqla qarşılandıq və o istiqanlıq biz Bakıya qayıdanadək davam elədi.

Maqadan haqqında

 

Maqadan adını sovetlər dövründə mən rus şansonunun əfsanəsi, blatnoy janrın yaranmasında ən böyük pay sahiblərindən biri olan Mixail Kruqun “Maqadan“ mahnısında eşitmişəm. Özü də fərz edə bilməzsiniz harada? Sovetlərin blatnoy şəhəri olan Rostovda. 2006-cı il “Eurovision“ mahnı müsabiqəsində isə Ukraynanı təmsil edən Tina Karolun tərcümeyi-halını oxuyanda onun Maqadan şəhərində anadan olduğunu da bilirdim.

Bir də “QULAQ arxipelaqı“ndan. Onu da sovetlər dövründə oxumaq hər adama nəsib olmayıb. Sözün düzü, o əsəri mən də tam oxumamışam, sadəcə, SSRİ dağılan ərəfədə bir neçə hissəsini rus jurnalında oxumuşam…

İndi isə “Maqadan“ sözünün necə yaranması tarixi haqqında bir neçə kəlmə yazaq. Rus tarixçilərinin yazdığına görə, 1928-ci ilin avqustunda Çareqradski və geoloq Kazanlı öz bələdçiləri və yük daşıyan fəhlələrlə birgə Olsk körfəzi boyunca Olı məskənindən ta Naqayev buxtasınadək piyada gəlməyi planlaşdırıblar. Onlar yolboyunda Qertner buxtasına tökülən balaca bir dağ çayına rast gəliblər. Və onları burada bir neçə evenk yurtları “qarşılayıb“. Onları bura gətirən bələdçi isə buraların evenk dilindən “Monqo“, “Monqodan“ olduğunu başa salıb. Və elə o gündən də Çareqradski öz xəritəsində buraları “Monqodan“ kimi tarixə yazıb və sonradan da bu söz dəyişərək Maqadan olub.

Okeanın Qafqazı

 

Qafqaz dünya xəritəsində Qafqazda yerləşir. Ancaq Qafqazda yaşayanlar üçün bu ad elə müqəddəsdir ki, qafqazlılar hara getsələr də, o adı əbədiləşdirməyə çalışırlar. Elə Maqadanda ilk gördüyümüz doğma yer Qafqaz evindəki azərbaycanlıların “Birlik“ cəmiyyətinin ofisi, doğma insanlar isə gəlişimizi eşidən soydaşlarımız oldu. Onların hansı peşənin sahibi olmalarından yazmayacağam, çünki azərbaycanlılar Rusiyanın şəhərlərində müxtəlif işlərlə məşğul olurlar. Yaxşı və orta biznesi olanlar, alış-veriş edənlər, hətta dövlət işlərində çalışanlar yetərincədir. Uzaq Maqadanın çətin iqlim şəraitinə baxmayaraq, burada yaşayan eloğlularımız buranı dogulub boya-başa çatdıqları el-obamız kimi çox sevirlər. Torpaq sevgisində isə məhdudiyyət yoxdur, istər o yer bizim gözəl Qəbələmiz olsun, istərsə də qışı 60-70 dərəcə şaxta olan Maqadan vilayəti. Hətta Maqadan vilayəti bu sarıdan bir az “toya getməlidir“. Buradan şimala, Şimal Buzlu Okeana tərəf gedəndə o temperatur daha da yüksəlir. Ancaq neyləyəsən, uzaq Anadır, Yakutsk şəhərlərində də oraları sevib oralarda məskunlaşan çoxsaylı azərbaycanlılarımız var.

Hüseyn Cavid

Azərbaycanın böyük yazıçısı Hüseyn Cavidin “QULAQ arxipelaqı“na bir aidiyyəti yoxdur, ancaq deyilənə görə, o, bir günlüyə də olsa, gəmiylə buraya gətirilib və səhəri gün geri qaytarılıb. “Onun gəmisinin“ hansı limana yan almasını və oradan piyada Maqadan adlı bir yerə gəlməsini addım-addım gözümüzün yaddaşına “köçürürük“. Oxucularımız üçün xatırladaq ki, o qorxunu, qanı və ölümü görənlər arasında Hüseyn Caviddən başqa 1000 nəfərdən çox soydaşımız olub. Onların bir çoxunun ad və soyadı indi mənim bilgisayarımdadır… Hüseyn Mirzəliyev, Məmməd Əhmədov, Kamal Əbilzadə, Həsən Karasu, Arşal Abbasov, Güləm Səmədov, Məmməd İsmayılov…

Son

Bu Maqadan yazısı elə maraqlı alındı ki, monitorun ağ səhifəsi birnəfəsə doldu. İndi isə bu işdə əməyi keçən bütün insanlara “sağ olun“ deyirəm. Və bizi gülərüz yola salan Mikayıl müəllimə, Yasərə, Şirəliyə, Ədalətə, Ceyhuna, Əliyə, İntiqama, Abdula, Pərvizə, Knyaza, Araza, Firudinə, Rizvana, Təranə və Fərhad Məmmədovlara, Elşada, karateçi Ramilə və təbii ki, Göydəki Tanrıma. Tanrım bütün yol boyu bizim yol yoldaşımız oldu…

Maqadanda yaşayan həmyerlilərimizin hər biri günəşin bir zərrəcikləridir. Harada olsalar da, onların ürəklərində tarixi vətənləri olan Azərbaycan adlı tək bir məmləkət var.

Nədənsə, “son“ deməyə adamın dili gəlmir. Heç bu dəfə də deyə bilmirəm, barmaqlarım isə deyir. Elə barmaqla dili bir-birindən fəqləndirən budur. İnsanların isə bir-birindən fəqlənməsini heç istəməzdim, çünki onların o dünyaya aparacaqları heç nə yoxdur. Nə qazanıb yaradırlarsa, elə bu dünyada qalır. Bu yazı kimi…

P.S. Yol qeydləri 2010-cu ildə qələmə alınıb. Maqadan və orada yaşayan azərbaycanlılar haqda çəkilən veriliş isə elə həmin il Azərbaycan televiziyalarının birində efirə gedib.

Babək Göyüş

  • Niyaz Suleymanov
    May 20, 2020 - 06:57

    Ezizim Babek,elmi-bedii cehetden sanballi yazidir.Yol qeydlerinden bir daha mene tekraren melum oldu ki,sen savadli,bedii tefekkure malik,mentiqli,hec bir seye bigane olmayan, texeyyullu bir yazicisan.Arzu edirem ki ugurlarin daim bol olsun.Yenisini gormek arzusu ile,opurem seni.Hormetle,qohumun Niyaz muellim.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*