“Bahalaşacaq, az yesinlər, ixracı dayandırmalı deyilik ki…” – Azərbaycan Vyetnama ət satacaqbackend

“Bahalaşacaq, az yesinlər, ixracı dayandırmalı deyilik ki...” - Azərbaycan Vyetnama ət satacaq

Azərbaycan Vyetnama hər il 1 000 tondan çox ət və ət məhsulları ixrac edəcək.

Bununla bağlı Bakıda “Canet” MMC və Vyetnam Aşpazlar Assosiasiyası arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

“Canet” MMC-nin rəhbəri Tural Əliyev məlumat verib ki, bu ilin may ayında Vyetnamda keçirilən görüşdə şirkətlərlə bu istiqamətdə danışıqlar aparılıb: “İmzalanan Niyyət protokoluna əsasən, Vyetnam şirkətlərinin tələbatına uyğun olaraq Azərbaycandan ət ixrac ediləcək. İxracın həcminin illik 1 000 tondan çox olacağı proqnozlaşdırılır. Çatdırılma əsasən hava yolu ilə həyata keçiriləcək. Soyudulmuş ətlər hava nəqliyyatı, dondurulmuş ətlər isə avtomobil yolu ilə daşına bilər”.

Maraqlıdır, bu addım ölkədə ətin bahalaşmasına səbəb olacaqmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli hesab edir ki, ölkədə qeyri-neft məhsullarının ixracının zəif olduğunu nəzərə alsaq, ət məhsullarının xarici bazara çıxışının təmin edilməsi sevindirici haldır:

Qarabağ inkişaf etmiş turizm bölgəsinə çevriləcək - Xalid Kərimli

“Azərbaycanda ət istehsalı ilə məşğul olan dövlət müəssisəsi yoxdur. Bununla sahibkarlar məşğul olur. Əgər sahibkar itehsal etdiyi əti ona sərf edəcək qiymətə ixrac etmək imkanı qazanacaqsa, o mütləq şəkildə bunu edəcək. Eyni zamanda onun ixracının qarşısını heç kim ala bilməz. Sahibkar tutaq ki, əti yerli bazarda 2,90 AZN-ə, xaricə isə 3 AZN-ə satmaq seçimi qarşısında qalacaqsa, təbii ki, xaricə satış etməkdə maraqlı olacaq. Sahibkarın məhsulunu xarici bazara çıxarması ölkə iqtisadiyyatı üçün faydalıdır. Ölkə istehsal etdiyi məhsulu daha baha qiymətə satır. Bu, çox yaxşıdır”.

İqtisadçı qeyd edib ki, məhsulun xarici bazara çıxarılması daxili bazarda qiymət artımına səbəb ola bilər:

“İxrac məhsulun qiymətini daxili bazarda artıran amildir. Güman edirəm ki, nəticədə ət bazarında bahalaşma olacaq. Əgər müəssisənin istehsal gücü məhduddur, amma o tam gücü ilə işləyirsə, məhsulunu xarici bazara yönəldir. Ümumiyyətlə, ixracın artması daxili bazarlarda qiymət artımına səbəb olur, necə ki, biz bunu pomidorda görürük”.

Onun sözlərinə görə, ət istehlakının azalması sahibkarın öhdəliyi deyil:

“Sahibkar öz məhsulunu ixrac etməklə pul qazanacaq. Şirkətin istehsalı böyüyəcək, işçi sayı artırılacaq, dövlətə vergi verəcək. Bu iqtsadiyyata müsbət təsir edir. İllik istehlaka, ölkə əhalisinin tələbatına baxanda 1000 ton ciddi rəqəm deyil. İxracın istehlakı azalmasına qalanda isə bu sahibkarın işi deyil. Kimsə çox ət yeyəcək deyə, o məhsulun ixracı dayanmalı deyil. Qiymət artacaqsa, ölkə əhalisi az ət yeyər. Bu iqtisadiyyatın problemi deyil”.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin birinci yarısında Azərbaycandan Vyetnama 302 min ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 282 dəfə azdır. Eyni zamanda bu ilin iki rübündə Azərbaycan Vyetnamdan 63 milyon 386 min ABŞ dolları dəyərində məhsul idxal edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 8 % azalma deməkdir.

Aygün Mirakif

KONKRET.az

  • Alek
    İyul 24, 2024 - 22:27

    Ay Vətən Xayini Onsuzda Sizin Kimilərinə Görə Xalq Əti 2 Aydan Bir Yeyir, Utanmadan Hələdə Deyirsənki “Qiymət artacaqsa, ölkə əhalisi az ət yeyər. Bu iqtisadiyyatın problemi deyil” Sual Verim Sənə, Azərbaycanda Sizin Kimilərdən Başqa Hər Gün Ət Yeyən Başqa İnsanlar Var?!

  • Orxan Məhərrəmov
    İyul 25, 2024 - 14:58

    əla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*