Dünən Bakı metrosunda dünyasını dəyişən sərnişinlə bağlı sosial şəbəkələrdə müzakirə başlayıb. Çoxluq bu kimi faciəvi halların qarşısını almaq məqsədilə metrostansiyalarda təcili tibbi yardım briqadalarının yaradılmasını təklif edib.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, Bakı Metropoliteninin funksiyası sərnişinlərin təhlükəsiz daşınmasıdır:
“Dünənki ölüm faktı metropolitenin funksional fəaliyyəti və ya hansısa texniki nasazlıq səbəbindən baş verməyib. Bu, təbii ölüm idi. Sərnişinin dünyasını dəyişməsinə metropolitenin təbii mühitinin və şəraitinin hər hansı təsirinin olub-olmamasını araşdırmaq aidiyyəti üzrə peşəkar yanaşma tələb edir. Bakı Metropoliteninin funksiyası sərnişindaşımadır. Metropoliten bu və digər mövzularla bağlı rəyi isə yalnız öz səlahiyyətləri çərçivəsində verə bilər”.
O bildirib ki, Bakı Metropolitenində bu kimi hallara həssas yanaşılır:
“Metropolitenin Təcili tibbi yardım xidməti ilə operativ və sürətli əlaqə imkanları var. Bakı Metropolitenində tibbi yardım briqadalarının yaradılması pandemiyaya qədərki dövrdə intensiv müzakirə olunurdu. Pandemiya dövründə isə müzakirələrin intensivliyi azaldı. Səbəb həmin dövrdə sərnişindaşıma fəaliyyətinə məhdudiyyətlərin qoyulması idi. 2023-cü il postpandemiya dövrünə keçid dövrü olduğundan bu istiqamətdə müzakirələrin aparılaraq birgə fəaliyyətin intensivləşdirilməsi planlaşdırılır. Lakin bir daha qeyd etmək lazımdır ki, Bakı Metropolitenində təcili tibbi yardımla bağlı hər hansı ciddi problem yaşanmayıb”.
Fatimə Lətif,
KONKRET.az