Bakı metrosunda pik saatlarda interval azaldıldı – RƏSMİbackend

Bakı metrosunda pik saatlarda interval azaldıldı - RƏSMİ

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC son 16 ildə ilk dəfə intervalın azaldılmasına nail olub.

KONKRET.az xəbər verir ki, bu barədə QSC məlumat yayıb.

Məlumata görə, qatar cütlərinin sayı 30-dan 32-yə yüksəldilərək, yeni, daha sıx hərəkət cədvəli tətbiq edilib. Bu dəyişiklik nəticəsində pik saatlarda qatarlararası interval 1 dəqiqə 52 saniyəyə qədər azaldılıb.

Metropoliten xətlərində qatar sayında sonuncu artım 2009-cu ildə olub və o vaxtdan sistem maksimal 30 cüt qatar/saat prinsipi ilə fəaliyyət göstərib. 2025-ci ildə atılan bu addım strateji əhəmiyyət daşıyan irəliləyiş hesab olunur.

Hazırda Bakı metropoliteni iş günlərində orta hesabla 740 minə yaxın sərnişinə xidmət göstərir. Qatarlar gün ərzində artan tendensiya ilə xəttə çıxarılaraq pik saatlarda 30 cütə çatdırılırdı. Artıq bu rəqəm 32-yə çatdırılıb. “Cüt qatar” anlayışı – bir saat ərzində müəyyən bir stansiyadan keçən qatar sayını bildirir və bu, infrastrukturun, xüsusən qatarların hərəkət təhlükəsizliyi sisteminin texniki imkanları ilə müəyyən olunur.

Yeni hərəkət qrafikinin hazırlanması çərçivəsində:

– Qatarların hərəkətinin təşkilində istifadə edilən köhnə, kağız əsaslı qrafikdən imtina olunaraq yeni rəqəmsal proqram təminatı istifadəyə verilib;

– İşarəvermə və idarəetmə sistemləri təkmilləşdirilib, stansiyalara giriş-çıxış və dayanma rejimləri optimallaşdırılıb;

– Maşinist heyətinə təlimlər keçirilib, stansiyalarda əlavə nəzarət tədbirləri görülüb.

Gündəlik səhər və axşam pik saatlarda (cəmi 3 saat ərzində) stansiyalardan əlavə 4 qatarın keçməsi sayəsində 19 min əlavə sərnişin daşınması imkanı yaranıb. Bu isə illik hesabla təxminən 5 milyon sərnişin artımı deməkdir.

Müvafiq normativ və təhlükəsizlik standartları nəzərə alınmaqla, son 1 ay ərzində sınaqlar tətbiq olunub və uğurlu nəticələr əldə edilib. Hazırda sərnişin sayında artım müşahidə olunmasa da, pik saatlarda platformalarda sıxlıq nisbətən azalıb. Bu, sərnişin rahatlığı və təhlükəsizliyi baxımından müsbət nəticə olmaqla yanaşı, sərnişin axınının artmasına zəmin yaradacaq.

“Bakı metropoliteni sərnişinlərinin rahatlığını və təhlükəsizliyini artırmaq məqsədilə texnoloji modernləşmə və insan resurslarının inkişafı istiqamətində fəaliyyətini davam etdirir”, – deyə məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*