Bakıda ilk tramvay xətti 1889-cu ildə fəaliyyətə başlayıb və 2004-cü ilə qədər şəhər sakinlərinə xidmət göstərib. Lakin artan avtomobil sıxlığı və infrastrukturun köhnəlməsi səbəbindən tramvay sistemi ləğv edilib. Bəs görəsən, şəhərin nəqliyyat strategiyasında tramvayların yenidən tətbiqi nəzərdə tutulurmu
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov KONKRET.az-a açıqlamasında bildirib ki, Bakıda tramvayların yenidən istifadəyə verilməsi nəzərdə tutulur.
“Bu, 2025–2030-cu illəri əhatə edən “Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturu üzrə Dövlət Proqramı”nda da əksini tapıb. Hazırda tramvayların hansı üslubda və texnologiyada olacağı ilə bağlı layihələndirmə mərhələsi aparılır”.
Ekspert qeyd edir ki, tramvay xətlərindən biri Mehdiabad və Binəqədi ərazilərindən keçərək paytaxtın mərkəzinə, “28 May” metrosu ətrafına qədər uzanacaq. Ümumilikdə iki marşrutun yaradılması nəzərdə tutulur.
“Zaman keçdikcə nəqliyyat texnologiyaları da dəyişir. Müasir dövrdə müxtəlif növ tramvay sistemləri mövcuddur: relsli, relssiz, sensorlu və digər innovativ modellər var. Bakı şəhərinin infrastrukturuna və tələbatına uyğun olan ən optimal versiya seçilərək layihələndiriləcək. Daha sonra isə bu layihənin icrası və tramvayların təşkili ilə bağlı konkret işlərə başlanacaq”.
Aynurə İsmayıl
KONKRET.az