Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti tamamilə iflic olub. Saytımıza daxil olan görüntülərdə yüzlərlə avtomobilin hərəkət etmədiyi və bu səbəbdən də uzun tıxacın yarandığı aydın görünür. Hətta uzun tıxac səbəbi ilə avtomobili xarab olan və istidən halı pisləşənlərə də rast gılinib. Hadisə şahidlərinin bildirdiyinə görə, tıxac Ceyranbatan qəsəbəsindən başlayaraq “20 Yanvar” dairəsinə qədər uzanıb.
KONKRET.az məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlayıb. Qurumdan verilən cavabda bildirilib ki, Bakı–Sumqayıt avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə yüngül maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Sürücülər avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkmədiyinə görə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra avtomobillər kənara çəkilib və hərəkət tam bərpa edilib”.
Qeyd edək ki, yüzlərlə insanın saatlarla tıxacda qalması, insanların sağlamlığının təhlükə altına düşməsi ciddi narazılıq yaradıb. Ümumiyyətlə, son vaxtlar nəinki günün pik saatlarında, hətta adi vaxtlarda da tıxaclar müşahidə olunur. Bəs görəsən, bu hallar niyə yaşanır və çıxış yolu nədir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, tıxacların səbəbi aparılan təmir işləridir: “Bir yerdə sıxlıq yaranırsa, bu digər alternativ yollara da təsir göstərir. Digər tərəfdən, məktəblərin başlamasına az qalıb və tələbələr şəhərə üz tutmağa başlayıb. Onları gətirən avtomobillər də təsir göstərən faktorlar sırasındadır. Eyni zamanda şagirdlər və onların valideynləri məktəb alış-verişi üçün intensiv formada şəhərdəki dükan və mağazalara axışırlar. Sentyabrın 15-də isə vəziyyət pik həddə çatacaq. Odur ki, mümkün qədər insanlar velosiped və skuterlərdən daha çox istifadə etməlidir”.
Müşvqi Tofiqoğlu
KONKRET.az