Bakıda 20 yaşlı Dərya Şahin qızı Ağayeva ağır vəziyyətdə çatdırıldığı xəstəxanada vəfat edib. Onun qarpızdan zəhərləndiyi iddia olunurdu.
Qida Təhlükəsizliyi Agentliyindən KONKRET.az-a bildirilib ki, qida zəhərlənməsi ilə bağlı yayılan məlumatlar təsdiqini tapmayıb.
“Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsi 22 ünvanından ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilmiş Saatlı rayon sakininin “qida zəhərlənməsi” (qarpız) səbəbindən vəfat etməsi ilə bağlı yayılmış məlumatlar təsdiqini tapmayıb.
Belə ki, məsələ ilə bağlı aidiyyəti üzrə araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb. Zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər”, – Agentlikdən bildirilib.
TƏBİB-dən isə qeyd olunub ki, iyunun 7-də 20 yaşlı şəxs (qadın cinsli) qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.
Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.