Vətəndaşlar tez-tez üz tutduqları poliklinika, xəstəxana və sağlamlıq mərkəzlərində ixtisaslı həkim çatışmazlığı ilə qarşılaşdıqlarından şikayətlənirlər.
Bir müddət öncə sağlamlıq arayışının alınması ilə bağlı reportajımızda qeyd etmişdik ki, Zabrat Sağlamlıq Mərkəzində dermatoloq, kardioloq, endokrinoloq, 2 saylı Birləşmiş Şəhər Xəstəxanasında stomatoloq, dermatoloq ixtisasları üzrə həkimlər yoxdur və ya yerində deyillər. Müraciət edən vətəndaşlara isə bildirilir ki, həkim ya məzuniyyətdədir, ya da bələdiyyə seçkisinə cəlb olunub.
KONKRET.az xəbər verir ki, ixtisaslı həkim çatışmazlığı ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, son zamanlarda sözügedən məsələ geniş müzakirə mövzusudur və müvafiq idarəetmə orqanları arasında bununla bağlı geniş təhlil aparılır. O deyib ki, bu məsələdə problemin həm obyektiv, həm də subyektiv səbəbləri var.
Öncə bölgələrimizdə yaşanan ixtisaslı həkim çatışmazlığı probleminə toxunan deputat bildirib ki, bunun səbəblərindən biri həkimlərin böyük hissəsinin iqtisadi aktivliyin daha çox olduğu böyük şəhərlərdə cəmləşməsi ilə bağlıdır:
“Bu, cəmiyyətin bütün sahələrində, həmçinin də bazar iqtisadiyyatı olan bütün ölkələrdə müşahidə edilən haldır. Eyni zamanda özəl sektorun inkişaf etdiyi yerlərdə də həkimlərin bir qismi bu istiqamətə yönəlir. Bu, müəyyən qədər iqtisadi baxımdan başadüşülən olsa da, səhiyyə siyasəti baxımından problemlər yaradır və buna görə hazırda ixtisaslı həkim çatışmazlığını müşahidə edirik”.
Deputat deyib ki, inkişaf etmiş ölkələrdə belə, ilkin ixtisas həkimlərinə olan tələbat yüksəkdir:
“Hazırda həkimlərimizin bir çoxu rezidentura təhsili almaq üçün Almaniyaya üz tutur. Çünki həmin dövlət bunun üçün kadrları stimullaşdırır və rezident orada yetişdikdən sonra ixtisasına uyğun işlə təmin olunur. Bundan sonra onun ölkəyə geri dönüşü sual yaradır. Bu da ixtisaslı həkim çatışmazlığına səbəb olan amillər sırasındadır”.
M.Məmmədlinin fikrincə, digər səbəb isə subyektiv məsələlərdən qaynaqlanır:
“Buraya kadrların yerləşdirilməsində çevikliyin təmin olunması, müvafiq ixtisaslı gənc mütəxəssislərə rahat şəraitin yaradılması, onların bölgələrdə ev təminatını həyata keçirmək, iqtisadi stimullaşdırma amillərini daha da intensivləşdirmək kimi məqamlar aiddir. Bu məsələdə istər Səhiyyə Nazirliyi, istərsə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən müəyyən addımlar atılmalıdır və atılır da. Bildiyimiz kimi, Baş nazir tərəfindən həkim və orta tibb işçilərinin işə qəbulunun vahid standartı və forması artıq müəyyənləşib. Düşünürəm ki, bu, sözügedən məsələdə daha çevik hərəkət etməni stimullaşdıracaq”.
Məzuniyyət və ya ödənişsiz məzuniyyət vaxtı ixtisas həkiminin əvəzlənməməsi ilə bağlı sualımızı cavablandıran M.Məmmədli bildirib ki, bu, səhiyyə menecmentində addımların atılmasını tələb edən haldır:
“Hər bir tibb müəssisəsinin rəhbəri təcili məsələlər ortaya çıxmasa, həkimlərin planlı şəkildə məzuniyyətə getməsi və ya hansısa aksiyada iştirak edəcəyi (kurslar, vətəndaş fəallığını tələb edən məsələlər ola bilər və s.) hallarda işi elə qurmalıdır ki, problem yaranmasın. Bu hallarda həmin bölgədəki digər tibb müəssisələrindən həkimlər cəlb edilə, yaxud müvəqqəti olaraq vəzifə funksiyaları başqasına həvalə oluna bilər. Bu hallarda çatışmazlıq ortaya çıxırsa, bu, müvafiq sahədə çalışan səhiyyə işçisinin işini düzgün qura bilməməsi deməkdir və bu, birbaşa subyektiv amildir”.
Qeyd edək ki, adıçəkilən xəstəxanalarda ixtisaslı həkim çatışmazlığı ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlasaq da, cavab almaq mümkün olmayıb.