Bakıda “Nutrilak” uşaq qidasının içindən qurd çıxdı – Ekspert həyəcan təbili çaldı -VİDEObackend

Bakıda “Nutrilak” uşaq qidasının içindən qurd çıxdı - Ekspert həyəcan təbili çaldı - VİDEO

Bakıda uşaq qidasının içindən qurd çıxıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı şikayətçi Asəf Abbasov verib.

O bildirib ki, 9 oktyabr tarixində Biləcəridə yerləşən “Şəfa” aptekindən uşaq yeməyi olan “Nutrilak” alıb. Bir neçə dəfə uşağa həmin qidadan verildikdən sonra, qutunun içərisində qurd olduğu müəyyən olunub. Ata hətta bu səbəbdən övladının dərisinin səpdiyini də iddia edib:

“Məhsulun istifadə müddəti də bitməyib.  Aptekə müraciət etmişəm, dedilər ki, onlarlıq deyil. Mən də Səhiyyə Nazirliyinə müraciət edirəm ki, apteklərdə satılan bu kimi məhsulların mənşəyini araşdırsın”.

Mövcud problemlə əlaqədar KONKRET.AZ –a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ölkənin əmtəə bazarı, xüsusən də qida sektoru mükəmməl qorunmur: “Özündə böyük səlahiyyətləri birləşdirən Qida Təhlükəsizliyi Agentliyi kimi bir qurumun mövcudluğuna baxmayaraq, hələ effektiv iş gözə dəymir. Azərbaycan bazarı dünya iqtisadiyyatına inteqrasiya olduğundan, kim nə istəyirsə satır.  Ölkədə biznes qurmaq üçün toxunulmazlıq  şəraiti yaradılıb. Bundan biznes qurumları istifadə edərək, hər cür məhsulu ölkəyə gətirir və satırlar”.

Eyyub Hüseynov əlavə edib ki, körpə qidaları 20 dərəcədən aşağı temperaturda saxlanılmalıdır: “Körpə qidalarını isti yay günlərində necə gəldi saxlayır və satırlar. Ona görə də körpə qidasının vaxtının keçdiyi və bu səbəbdən də içərisindən qurd çıxdığı istisna olunmur. Təəssüflər olsun ki, ərzaq məhsullarının təhlükəsizliyinə nəzarət edən qurumlar adətən vaxtı keçən malı satışdan çıxararaq bir yerə toplayırlar.  Satıcılara isə bu məhsulların məhv edilməsini və saxta aktın göstərilməsini tapşırırlar. Bu hal doğru deyil. Çünki əksər hallarda bu cür qidaların son ünvanı yenə alıcılar olur. Biz təklif vermişik ki, vaxtı keçən qidalar istehsalçı və distribüterə qaytarılmasın və birbaşa zibilxanaya aparılsın. Lakin bu təklifi nəzərə alan yoxdur. Hər gün tonlarla vaxtı keçmiş qidalar yığılır və sonradan təkrar istehlakçılara satılır”.

Ekspert qeyd edib ki, bu cür hallar baş verdikdə istehlakçı məhsulu geri vermək və pulunu almaq hüququna malikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*