Bakıda “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” mövzusunda sammit keçirildi – FOTOLARbackend

Bakıda “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” mövzusunda sammit keçirildi - FOTOLAR

Bu gün Bakıda ilk dəfə olaraq “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” mövzusunda sammit keçirilib.

KONKRET.az xəbər verir ki, tədbir “İnterProbe” şirkəti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) birgə təşkilatçılığı ilə “Baku Marriott Boulevard Hotel”də baş tutub.

Azərbaycan, Türkiyə və İsraildən olan nümayəndələrin qatıldığı konfransın açılış mərasimində öncə dost və qardaş ölkələrin kibertəhlükəsizlik sahəsindəki əməkdaşlığına dair video-çarx nümayiş etdirilib.

Daha sonra Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev, AKTA-nın İdarə heyətinin sədri Rahid Ələkbərli, Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov,”bp” şirkətinin xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və ”Swiss Cyber Institute”un rəhbəri Samir Əliyev çıxış ediblər.

Məruzəçilər kibertəhlükəsizlik sahəsində son illər ölkəmizdə həyata keçirilən tədbirlər və əldə olunan nəticələrdən bəhs ediblər, bu sahədə dövlət və özəl sektor arasındakı əməkdaşlığı yüksək dəyərləndiriblər. Azərbaycan-Türkiyə-İsrail qardaşlığının kibertəhlükəsizlik sahəsinə də daşındığını xüsusilə qeyd ediblər. Çıxışçılar sammitin gələcəkdə kiber təhdidlərə qarşı mübarizədə ölkələrimiz arasında əməkdaşlığa böyük töhfələr verəcəyini vurğulayıblar.

Sonra sammit panel müzakirələrlə davam etdirilib. Tədbirdə kiberdünyada cərəyan edən hadisələr, ölkələrin kiberhazırlığı, kibertəhsil, kibergüclərin birgə fəaliyyəti, iqtisadiyyatın müxtəlif sahələrindəki kiberfəaliyətlər və kiberpotensial idarəçiliyi sahəsindəki aktual məsələlər Azərbaycan, Türkiyə və İsrail kiber-ekspertləri ilə birgə müzakirə edilib. Geniş dinləyici auditoriyasının diqqətini cəlb edən forumlar çərçivəsində “Davamlı kibertəhlükəsizlik modelinin qurulması”, “Maliyyə sahəsində rəqəmsal transformasiya və kiber risklər”, ”Əvvəldən axıra təhlükəsizlik mümkündürmü?”, ”Kiber-potensialın gücləndirilməsi” və s. kimi mövzularda müzakirələr aparılıb.

Konfrans çərçivəsində 600-ə yaxın ekspertin iştirakı ilə müxtəlif interaktiv sorğular keçirilib, kibergigiyena, kiber-mühit, sosial və idarəçilik təcrübələrinə aid sorğular xüsusi olaraq qiymətləndirilib və interaktiv iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırılıb. Konfrans zamanı müzakirə olunmuş məsələlər üzrə gələcək fəaliyyətlərin AKTA, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu, Türkiyənin “CyberThink” və Kiber Diplomatiya Assosiasiyası kimi düşüncə mərkəzlərində davam etdirilməsi qərarlaşdırılıb.

Sevinc Paşayeva,

İqbal Rzayev

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*