Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində, Bakı-Sumqayıt yolunun başlanğıcında yeni qoyulan yol nişanı sürücülərin narazılığına səbəb olub.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, yol nişanı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Bildirilib ki, ərazidə nəqliyyat vasitələrinin məcburi olaraq sağa dönməsini tələb edən nişan sürücülərin yolunun uzanmasına və yolda sıxlığın yaranmasına səbəb olur.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qeyd edilən ərazidə yol hərəkətinin təşkili ilə bağlı yenilik edilməyib.
“Ərazidəki (“4.1.2″ Sağa hərəkət) yol nişanı əvvəldən mövcud olub, tərəfimizdən sadəcə yol nişanlanma xətləri yenilənib. Yəhya Hüseynov və Rəşid İsmayılov küçələrinin kəsişməsində vətəndaşların müraciəti ilə bağlı müvafiq təhlillər aparılacaq. Yəhya Hüseynov küçəsindən, Biləcəri qəsəbəsindən yol ötürücüsünün altı istiqamətində düzünə hərəkətin təşkili, yol kəsişməsinin işıqforla tənzimlənməsi aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra mümkün ola bilər”,- açıqlamada vurğulanıb.