Bakıda uçan evlə bağlı yeni TƏFƏRRÜATLAR – “Yağışdan çıxıb yağmura düşən” sakinlər İMDAD DİLƏYİRbackend

Bakıda uçan evlə bağlı yeni TƏFƏRRÜATLAR - "Yağışdan çıxıb yağmura düşən" sakinlər İMDAD DİLƏYİR

Ötən həftə intensiv yağan yağışlar nəticəsində Bakının Yasamal rayonunda uçan ikimərtəbəli fərdi yaşayış evi daha təhlükəli hala gəlib.

Bu barədə KONKRET.az-a həmin ərazidə (Abdulla Şaiq, 156) yaşayan sakinlər məlumat veriblər. Bildirilir ki, evin uçub-tökülən qalıqları hələ də dalaniçi yoldan təmizlənməyib və hərəkət imkanını məhdudlaşdırıb. Üstəlik, dünən təkrarlanan yağışlar dağıntıları bir az da yola tərəf sürüşdürüb. Sakinlərin sözlərinə görə, əvvəlki vəziyyətindən əsər-əlamət qalmayan evin digər yarısı da hər an uça, həm ev sahibi, həm də qonşular üçün faciə ilə nəticələnə bilər. Vətəndaşlar onu da qeyd edir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problem həll olunmamış qalır.

Redaksiyamız sakinlərin müraciəti əsasında öncə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə sorğu ünvanlayıb. Lakin nazirlikdən heç bir açıqlama verilmədən müxbirimiz Yasamal Rayon İcra Hakimiyyətinə (RİH) yönləndirilib. RİH-dən isə həmin ünvanda yaşayan sakinlərin narahatlığından xəbərdar olduqları bildirilib. Əlavə edilib ki, ərazi xeyli müddətdir yaşayışa yararsızdır: “Hazırda ev sahibinin bir tərəfi uçmuş evin içində tək yaşadığı iddia olunur. Sakinlər bununla bağlı bizə bir neçə dəfə müraciət ediblər. Qeyd edək ki, uçan ev şəxsi mülkiyyətə aiddir. Qanunvericiliyə görə, bu qəbildən olan yaşayış evləri mülkiyyətçi tərəfindən təmir edilməlidir. O baxımdan yerli icra hakimiyyəti orqanı kimi bizim məsələnin həlli istiqamətində hər hansı addım atmağımız mümkün deyil”.

Beləliklə, verilən cavablardan məlum olur ki, ərazidə yaşayan sakinlərin həyatı hələ də təhlükə altında qalmaqdadır.

Xatırladaq ki, söküntü zonası kimi zamanla gündəmə gələn Abdulla Şaiq küçəsindəki fərdi yaşayış evləri tam köhnəldiyindən böyük əksəriyyəti istismar müddətini itirib. Vətəndaşların sözlərinə əsaslansaq deyə bilərik ki, ərazi həm də infrastruktur baxımından çox bərbad vəziyyətdədir. Bu da sakinlərin sıx yaşadığı həyətlərdə antisanitariyaya da yol açır. Konkret desək, Bakının mərkəzini əhatə edən, vaxtilə adi insanlar tərəfindən kustar üsulla tikilən evlərdə minimum həyat səviyyəsindən belə söhbət gedə bilməz. Və uzun illərdir ərazidə kök salan insanları bu vəziyyətdən özlərinin də həsrətlə gözlədiyi kimi, yalnız evlərin yerli-dibli sökülərək mənzil şəraitlərinin yaxşılaşdırılması çıxara bilər.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*