“Xəngəl”, yoxsa “xingal”? Son vaxtlar bu mövzu hətta TV-lərin sosial proqramlarında müzakirə edilir. Bir neçə gün öncə əməkdar artist Qorxmaz Əlili verilişdə deyib ki, “xingal” deyilməlidir. Onun sözlərinə görə, rayonlular Bakıya gələndən sonra bu söz “xəngəl”ə çevrildi. Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov isə deyir ki, yazılış və deyiliş elə “xəngəl”dir.
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova maraqlı detallara toxunub.
Ətraflı videoda: Onun fikrincə, Qorxmaz Əlilinin dialektinə görə “xingal” deyilə bilər:
“Bilirsiniz, məsələn, “gözüvüzü, üstüvüzü, ağzıvızı”, və s. kimi sözlərdən istifadə edən insanlar var. Bu, həm dialektlə, həm də insanların bəzən rus dilində daha çox danışıb, Azərbaycan dilində, ədəbi dildə düzgün tələffüz edə bilməməsi və ortaq ədəbi dil normalarına riayət etməmələri ilə bağlıdır. Eyni şəkildə də rus dilində danışan, Bakı ləhcəsinə, dialektinə yaxın olan insanlar “xingal” sözünü daha çox istifadə edirlər”.
İlhamə Qəsəbova
İ.Qəsəbova deyib ki, normalda hər bir sözün özünün əski ifadə formaları, danışıq tərzləri var:
“Xəngəl sözü Azərbaycan mətbəxinə məxsusdur. Bizdən əlavə Gürcüstanda da, başqa ölkələrdə də bu söz var. Məsələn, həmin söz Azərbaycanın qərb bölgəsində daha çox istifadə olunur. İstifadə olunan sözün hər birinin ədəbi yazılış forması xəngəldir. Təbii ki, bu, mənə və düşüncələrimə görə belədir. Normal yazılış qaydasında “xəngəl”, Bakı dialektində və daha çox rus dilində danışıb, Azərbaycan dilində indi danışmaq istəyən insanların deyiliş tərzində isə “xingal” kimi istifadə olunub, ifadə edilir”.
Dosentin bildirib ki, el arasında olan rəvayətə görə, xəngəl Xanın gəlişi ilə kəsilən yeməkdir. Öncə “Xan gəl” olub, sonra xəngəl deyilib.