Hakimiyyətin kütləvi mədəniyyəti nəzarət altında saxlamağa çalışdığı mühafizəkar Azərbaycanda müstəqil incəsənət zirzəmilərdə inkişaf edir, hətta orda da yer tapmayanlar var.
KONKRET.az dövlətə, ictimai əxlaqa, öz valideynlərinə və kənd falçısına rəğmən müstəqil teatr yaratmış Emin Bədəlovun tarixçəsini təqdim edir.
Qadın kişini qucaqlayıb inildəyir, sonra gülür. Kişi qadına sığınır, onlar birlikdə sürüşüb döşəməyə düşürlər və orda da qucaqlaşıb-öpüşməyə davam edirlər. Kişi qadının paltarını çxarmağa cəhd edir.
Yanımda oturmuş iki qadın sıçrayıb ayağa qalxır. Onlar döşəmədə baş verənləri görə bilmirlər – tamaşa 40 kv. metrlik adi otaqda oynanır, stullar eyni səviyyədə düzülüb.
Qadınlar öz aralarında pıçıldaşırlar, arada “nırç-nırç” edirlər, amma bütün intim səhnələrdə ayağa qalxırlar. Tamaşanın sonuna kimi belə davam edir: aktyorlar uzanan kimi arxa cərgədəkilər dururlar.
Aktyorlarsa tez-tez uzanırlar – bəzən döşəməyə, bəzən masanın üstünə. Axı, tamaşa sevgi haqqındadır.
“MimOda” Bakıdakı kiçik ADO teatrının öz kollektivi tərəfindən yazılmış tamaşadır, “ailə dəyərlərindən” bəhs edir: ehtirasdan, məişət zorakılığından, dindən və cəmiyyətin təzyiqindən. Pyesdə dialoq yoxdur.
ADO-nun tamaşalarına biletlər çox-çox əvvəldən satılır. Bakı teatrları üçün bu, çox nadir haldır. ADO-nun tamaşaçıları əsasən gənclərdir, çoxu sevgilisiylə gəlir; bəzən əcnəbilər də olur.
O darısqal otağa ancaq 50 izləyici yerləşə bilir, qapının ağzında biletyoxlayan qız biletsiz gələnlərə başa salmağa çalışır ki, heç “küncdə dayanmağa” da yer yoxdur. Teatrı əvvəlcə elə bu cür adlandırıblarmış – ODA (otaq). Sonra fikirləşiblər ki, belə çox sadə alınır, ona görə hərflərin yerini dəyişiblər.
ADO-nun, demək olar ki, səssiz, amma nümayişkar tamaşaları Azərbaycan cəmiyyətində az danışılan mövzular haqqındadır – seks, ailədaxili zorakılıq, şəxsi azadlıq. Elə təqdimat da Azərbaycan teatrlarına xas olmayan tərzdədir.
“Hələ lap əvvəldən mən bizim mədəniyyətimizə, ənənəvi teatrımıza təkan vermək, problemli mövzulardan danışmaq istəyirdim. Çünki insanlar problemləri görməyə başlasalar, bu artıq onların həllində müəyyən irəliləyiş demək olar,” – teatrın yaradıcısı Elmin Bədəlov belə deyir.
Sehirli su
Azərbaycan kifayət qədər mühafizəkar ölkədir. Burada homoseksuallara qarşı reydlər keçirilir, qadın hüquqlarıyla bağlı aksiyalar dağıdılır; burada erkən nikahlar dəbdədir, güclü patriarxal ənənələr var. Üstəlik, paytaxtdan uzaqlaşdıqca, cəmiyyət daha da mühafizəkarlaşır.
Elmin Bədəlov uzaq dağ kəndində doğulub-böyüyüb. Biz onunla Bakının mərkəzindəki gözəl bir hipster kafedə əyləşib çaxır içirik. Elmin mənə necə gəlib “bu günə” düşdüyünü danışır.
Dediyinə görə, onun “dissident” həyatı Azərbaycanın cənub-şərqindəki Biləsuvar rayonunda – doğma kəndlərində başlayıb: ailəsinin ziddinə gedərək teatra maraq göstərib. Onda kəndin bütün mədəni həyatı sovet dövründən qalan, hər mərtəbəsində bir özfəzliyyət dərnəyi yerləşən mədəniyyət evində cəmləşibmiş.
“O vaxt mən poeziya kursuna gedirdim. Bir gün pilləkənlə aşağı enəndə açıq qapıdan teatr dərnəyinin məşqini gördüm. Onsuz da zəif şeirlər yazırdım, indi onları oxuyanda utanıram,” – Elmin teatrla bağlı ilk xatirəsini danışır.
Anası Elminin İncəsənət Universitetinə daxil olmaq arzusundan xəbər tutanda “Bircə artistimiz çatmırdı” deyib köks ötürür, sonra da qonşuya – insanların arzularını kağıza yazmaqla onların həyata keçməsini “təşkil edən” falçı qadının yanına gedir. Amma falçının verdiyi kağızı əvvəlcə yandırmaq, sonra külünü suya qarışdırıb adamın başına tökmək lazımıydı.
“Adətən, bizim həyətdəkilər ali məktəbə daxil olmağı arzulayırdılar və sonra da daxil olurdular. Ona görə də böyüklər falçının qabiliyyətinə inanırdılar,” deyən Elmin özü sehirbazlığı ciddi qəbul etməyib, küllü suyu da etiraz olaraq gizlicə kənara töküb.
Amma o, Neft və Sənaye Universitetinə daxil olub, sonra gizlicə aktyorluq kurslarına gedə bilmək üçün jurnalistikayla məşğul olmağa başlayıb. Nəticəsi universitetdən çıxarılmaq olub – yataqxananın özəlləşdirilməsiylə bağlı yazdığı məqaləyə görə. Universitet rəhbərliyi onun kəsirlərə görə xaric edildiyini bildirir.
“Mən buna sevindim, çünki heç vaxt neftçi olmaq istəməmişdim. Qohumlarım dedilər ki, teatrın qazancıyla dolanmaq olmaz – axı, mən bir azdan ailə də qurmalıydım. Onlara bu işlə pula görə məşğul olmadığımı dedim”.
Sehirli suyu kənara tökdüyünü Elmin anasına ancaq o günlərdə etiraf edir.
“Görürsən? Mənə inanmırdın. O suyu içmiş olsaydın, qovulmazdın,” – anasının cavabı belə olur.
Üç il sonra Elmin ADO-nu yaradır və problemləri çoxalıb ailə çərçivəsindən çıxır.
Yer axtarışı
Elmin bu işə həm tanınmış aktyor, həm də müxalifətçi olan İlqar Cahangirlə birlikdə başlayır. Onda incəsənətlə müstəqil məşğul ola bilmək üçün İlqar dövlət teatrını yenicə tərk edibmiş.
“Müəllimlərin dərsləri mənimçün müəyyən mənada bazaydı, çünki mən buna əsasən müasir və dövlətdən asılı olmayan müstəqil teatr yaratmaq istəyirdim,” – Elmin belə deyir.
Əvvəlcə tamaşaları zirzəmidə nümayiş etdirirlər. Ora cəmi 30 tamaşaçı yerləşirmiş.
Cəmi ik ay sonra zirzəmiyə polislər gəlir. Bir dəstə adamım zirzəmiyə toplaşması onlara şübhəli görünübmüş: “Onlar bizə inanmırdılar, deyidilər ki, yalandır, belə yerdə teatr ola bilməz”.
7 il ərzində ADO 6 dəfə yer dəyişib. İkinci dəfə bunu qəribə aktivistlər-təxribatçılar ucbatından etməli olublar: “Tanımadığımız adamlar gəlib bizə və tamaşaçılara irad bildirməyə başladılar ki, niyə şort geyinmisiz. Ardınca polislər gəldilər, dedilər ki, qaydaları pozursuz”.
Sonra teatrın yerləşdiyi mənzilin sahibini polisə çağırıblar, o da qayıdan kimi ADO-çulardan dərhal mənzili boşaltmalarını xahiş edib.
Başqa bir dəfə hakimiyyət nümayəndələri binanın “qəzalı” olduğunu və söküləcəyini deyərək teatrı yerindən edib. O vaxtdan üç il keçib, amma həmin bina hələ də öz yerindədir.
İki dəfə kollektiv kirayə pulunu ödəyə bilmədiyi üçün yer dəyişməli olub. Belə çətin dövrlərin birində dövlət özü ADO-nun yanına gəlib. Elmin o günü belə xatırlayır:
“Mədəniyyət Nazirliyindən gələn şəxslər dedilər ki, bizə yer ayıra, aktyorlarımıza təlim keçə bilərlər, ancaq bunun üçün bizim tamaşalarla tanış olmalıdırlar. Pul təklif etdilər, amma biz dərhal imtina etdik. Dedik ki, siz senzura təklif edirsiz”.
Az sonra nazirlik heç bir şərt irəli sürmədən teatra Bakıdan 30 kilometr məsafədə yerləşən 300 nəfərlik yer təklif edib. “Biz bu təklifi də rədd etdik. Həm uzağıydı, həm də mənə elə gəldi ki, onlar bizi şəhərin mərkəzindən uzaqlaşdırmaq istəyirlər”. Nazirlik BBC-nin bununla bağlı suallarına cavab verməyib.
Dövlətin qanadı altında
Azərbaycan mədəniyyəti sovet dövründə Müslüm Maqomayev (ingilis dilli “Vikipediya” onu “Sovet Sinatrası” adlandırır) və Rəşid Behbudov kimi məşhur müğənnilər sayəsində populyarlaşıb. Behbudov həm də filmlərə çəkilib, Rac Kapur “Avara” filmində 1954-cü ildə film SSRİ-də nümayiş etdiriləndə onun səsiylə oxuyub.
Daha bir tanınmış müğənni Polad Bülbüloğlu SSRİ-də “Zəng et” mahnısına və “Qorxma, mən səninləyəm” adlı komediya-döyüş filmindəki roluna görə məşhurlaşıb. Hazırda Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiridir.
Kino aləminin məşhur müəlliflərdən biri olan Rüstəm İbrahimbəyovu Rusiya tamaşaçıları “Səhranın ağ günəşi” və “Günəşdən usanmışlar” filmlərinin ssenari müəllifi kimi tanıyırlar.
Hazırda Azərbaycan mədəniyyətini bu səviyyədə tanıdan şəxslər yoxdur. Ölkədə həm dövlət vəsaiti hesabına, həm də müstəqil kampaniyalar tərəfindən müxtəlif filmlər çəkilir, ancaq sənətşünas Ülvi Mehtinin fikrinə görə, onlar aşağı keyfiyyətli komediya filmləridir. Nüfuzlu festivallara aparılan həqiqətən dəyərli və müstəqil kino dövlət tərəfindən dəstəklənmir.
Ülvi Mehdi deyir ki, azad Azərbaycan kinosunun çiçəklənməsi dövrü sovet dövrünün sonuna və SSRİ-nin süqutundan sonrakı ilk illərə təsadüf edir.
Həqiqətən müstəqil kino işlərindən biri Qarabağ münaqişəsinə həsr edilmiş “Hər şey yaxşılığa doğru” adlı antimüharibə tragikomediyasıdır. Filmin rejissoru Vaqif Mustafayev sonrakı illərdə indiki prezidentin atası, əvvəlki prezident Heydər Əliyev haqqında 13 sənədli film çəkib.
Rejissor və rəssam Teymur Daimi qeyd edir ki, indiki internet əsrində total qeyri-azadlıqdan danışmaq çətindir, amma bircə müasir rəssam da böyük muzeylərdə protest məzmunlu sərgi keçirə bilmir:
“Ancaq mən o sərgini öz evimdə və ya bağımda təşkil edə bilərəm”
2000-ci illərdə formalaşan və tanınan Azərbaycan yazıçılarından bəziləri hakimiyyətlə münasibələrinin pisləşməsi ucbatından ölkəni tərk ediblər. 90-cı illərdə rəssamlar da, musiqiçilər də olub, “amma sonra hakimiyyət hər şeyi ələ alıb,” – musiqişünas Elmir Mirzoyev belə deyir.
Böyük qeyri-hökumət yaradıcılıq platforması – səhnəsi, qalereyaları, açıq sahəsi olan YARAT dəniz kənarında yerləşir. Burda konsertlər, sərgilər, təqdimatlar keçirilir; təşkilatçılar xaricdən tanınmış sənət adamlarını dəvət edirlər.
Platformanın qurucusu Aida Mahmudovadır.
Teymur Daimi deyir ki, “Azərbaycanda mədəniyyətin böyük hissəsi dövlət nəzarəti altındadır, hakimiyyət bu sahəni hələ 2000-ci illərdə özəlləşdirib. Doğrudur, gənclər arasında özünütəşkilatlandırma cəhdləri var, amma çox azdır. Bütün parlaq hadisələr, müasir incəsənət, biennale, bahalı layihələr – hamısı hakimiyyət tərəfindən dəstəklənir”.
Rəsmi senzura orqanının olmadığı indiki dövrdə hakimiyyət nəzarəti pul vasitəsilə həyata keçirir. Prezidentin şəxsi sərəncamlarıyla mədəniyyət xadimlərinə stipendiya və təqaüdlər təyin edilir, yaradıcılıq birliklərinə büdcə vəsaiti ayrılır.
“Bütün layihələr investisiya tələb edir, bizdə isə pul ancaq hakimiyyətdə var,” – Daimi belə deyir.
O əlavə edir ki, belə situasiyada “rəssamın daxili senzoru” işə düşür: “Bu gün bütün mədəniyyət xadimləri, təcrübəli yazıçılar, rəssamlar nəyin mümkün, nəyin qeyri-mümkün, nəyin ümumiyyətlə yolverilməz olduğunu yaxşı bilirlər”.
Azərbaycanda, demək olar ki, bütün teatrlar dövlət mülkiyyətindədir. O səhnələrdə, adətən, ya klassik əsərlər, ya da şərq koloritli, nostalgiya ruhlu tamaşalar nümayiş etdirilir.
“Milli identifikasiya axtarışlarında biz keşmişin ən dərin qatlarına, hətta paleolitə qədər enməyə hazırıq,” – sənətşünas Ülvi Mehti belə deyir.
Onun sözlərinə görə, müasir mövzular klassik stildə səhnələşdirilir və çox vaxt da eskiz xarakteri daşıyır.
“Adam içinə çıxmaq”
“İndi bizdə teatr populyar deyil. Hətta o qədər populyar deyil ki, bəzən məktəbləri bilet almağa məcbur edirlər. Bu, dəstək deyil, əksinə, uşaqlarda teatra nifrət yaranır,” – Elmin Bədəlov belə deyir.
O hesab edir ki, hazırda teatrı populyarlaşdırmağın ən yaxşı üsulu küçədə çıxış etməkdir: “Adamları teatra cəlb etmək üçün biz özümüz adam içinə çıxmalıyıq”.
ADO-nun truppası bir neçə dəfə Gürcüstan, Fransa, Türkiyə və hətta İran küçələrində çıxış edib. Ancaq Azərbaycanda bunu etmək mümkün olmayıb – Bakı İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyi bir-birinə istinadla küçə çıxışlarına icazə verməyiblər.
Mədəniyyət Nazirliyi bu barədə sualına cavab verərkən də səlahiyyət sahibi kimi İcra Hakimiyyətini nişan verib, İcra Hakimiyyəti isə sualı cavabsız qoyub.
İndi ADO-nun rəhbərliyi hər iki orqandan məhkəmə vasitəsilə rəsmi-yazılı cavab istəyərək teatrı küçəyə buraxmaq səlahiyyətinin kimdə olduğunu aydınlaşdırmalarını tələb edir.
Əyalətlərdə çıxış etməkçün yerli hakimiyyət nümayəndələrindən icazə almaq lazım gəlir. Bir dəfə Vari adlı dağ kəndində tamaşanın başlamasına az qalmış Elminə zəng vurub deyiblər ki, nümayiş üçün yer verə bilməyəcəklər.
“Adamlar dərhal bizə yazıb öz evlərini və həyətlərini təklif etməyə başladılar. Düşündük ki, (hakimiyyət nümayəndələri) tamaşanın nümayişinə mane ola bilərlər, ona görə də tamaşaçılarımıza yazdıq ki, yer haqqında tamaşaya bir saat qalmış dəqiq məlumat verəcəyik”.
Tamaşa öncəsi məlum olub ki, xeyli adama yer çatmır. “Onda ev yiyəsi təklif etdi ki, pəncərə və qapıları yerindən çıxarıb tamaşanın digər otaqlardan da görünməsini təmin edək. İnsanlar ən gözəl paltarlarını geyinmişdilər, elə bil bayrama gəlmişdilər. Axı, onların yanına heç vaxt heç kim getmir. Teatr heç getmir”.
“Daxili aləmin zənginliyinə uyğun deyil”
Yaradıcı kollektivlərə hər hansı formada təzyiq olunduğunu hakimiyyət Mədəniyyət Nazirliyinin “diliylə” inkar edir. Ancaq pul ayırdığı kollektivlərdən onun “bədii-etik” kriteriyalarına uyğun fəaliyyət tələb etmək haqqını da özündə saxlayır.
“Hakimiyyət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik,” – mədəniyyət naziri Əbülfəs Qarayev Milli Şuranın bir neçə tanınmış aktyorun da qatıldığı mitinqindən sonra belə deyib.
Nazirin sözlərinə görə, “dövlətə qarşı belə çıxışlar heç bir mədəniyyət işçisinin daxili aləminin zənginliyinə uyğun deyil”.
Nazirliyin incəsənət şöbəsinin rəhbəri İsmayıl Hüseynov sitatın dəqiqliyini təsdiqləyib, qeyd edib ki, nazirin sözləri məsləhət xarakteri daşıyır. O həmçinin bildirib ki, dövlət repertuar seçimində teatrları dəstəkləsə də, yaradıcı fəaliyyəti kollektivlərin öz ixtiyarına buraxır:
“Qeyri-dövlət teatrlarının işinə isə nazirlik ümumiyyətlə qarışmır”.
Amma müstəqil ADO teatrı son vaxtlara qədər aktyor çatışmazlığından əziyyət çəkib. Elmin deyir ki, yerli aktrisalar onların səhnəsində çıxış etməyə qorxublar:
“Qorxurdular ki, əsas iş yerlərindən çıxararalar və ifa etdikləri rollara görə cəmiyyət onları qınayar. Bəzi aktrisalar bir müddət bizimlə çalışandan sonra çıxıb gedirdilər – ya rəsmi iş yerlərinin rəhbərlərinin, ya da ailələrinin təzyiqinə görə”.
Bədəlovun sözlərinə görə, aktyor və aktrisaları təhdid ediblər, deyiblər ki, ADO-da çıxış etdiklərinə görə başqa heç bir teatrda işə götürülməyəcəklər: “Bəziləri qorxub gedir, daha möhkəm olanlar qalırdılar. Nəticədə bizdə möhkəm və mehriban kollektiv yarandı, indi bizə təzyiq etmək çətindir”.
Ekssentrizm və buffonada?
ADO-dakı teatr atmosferi və tamaşalara qeyri-standart, bəzən hətta şok yaradan yanaşma tərzi çoxlarını cəlb edir.
“STOP” adlı tamaşa zamanı aktyorların səhnəyə çıxardığı tamaşaçılar arasında mən də vardım. Hadisələrin sonrakı inkişafının təsviri Rusiyanın “qeyri-ənənəvi cinsi münasibətlərin” təbliğatı haqqında qanununa tuş gələ bilər.
Vəziyyətin yöndəmsizliyindən qurtulmaq üçün qapıya doğru gedirəm, amma məni tutub geri qaytarırlar. Telefonumu çıxarıb həyat yoldaşıma “Məni burdan çıxar” yazıram. Hay-küy, havada uçuşan konfettilər, adamlar gülür və inildəyirlər. Yanımda duran tamaşaçı qadının üzü qızarıb. Tamaşaya nə üçün belə bir ad qoyulduğunu mən ancaq indi başa düşürəm: “Stop!” – indi mənim qışqıraraq demək istədiyim söz budur.
“STOP!” ADO-nun uğurlu tamaşalarından biridir. İnsanlar gəlirlər, qeyzlənirlər, qızarırlar, amma sonra yenə gəlirlər.
“Bunun harası incəsənətdir, ancaq açıq sinələr”, – tamaşadan sonra yaşlı bir qadın mənə belə deyir. Bəzi başqa tanışlarım da bu fikirdədirlər. Hərçənd, onlar heç vaxt ADO-nun tamaşalarına getməyiblər.
Yazıçı Nika Musəvi deyir ki, “onlarda orta əsr səyyar artistlərinə bənzəyən cəhətlər var”. Musəvi səmimiyyətlərinə və entuziazmlarına görə ADO-nun aktyorlarına hörmət etdiyini deyir:
“Çox bəyəndiyimi deyə bilmərəm, ekssentrizmi və buffonadanı sevmirəm. Buna baxmayaraq zaman-zaman onların tamaşalarına gedirəm, çünki bu kiçik, amma qürurlu teatra simpatiyam var. ADO Bakıda yeganə qeyri-formal eksperimental teatrdır”.
Teatrı kifayət qədər cəsarətli olmamaqda qınayanlar da var. Dramaturq Əjdər Ulduz deyir ki, “MimOda” tamaşasında dinin ailəyə təsirini araşdıran müəlliflər islamı xristianlıqla əvəz ediblər:
“Tənqid obyekti olaraq xristianlıq seçilib. Lap sovet dövrünün anekdotundakı kimi: bizdə də Qızıl meydana çıxıb “Reyqan axmaqdır” demək olar. Niyə özünüzü araşdırmağa cəsarət etmirsiz? Bu, ehtiyatlı cəsarətdir. Amma cəsarətin heç olmasa, bu qədəri də müsbət haldır”.
***
Bu il ADO-nun bütün tamaşaları anşlaqla keçir. Hətta Elminin qohumları da teatra gəlməyə başlayıblar. Onlar Elminin uğurlarına sevindiklərini və tamaşalarını bəyəndiklərini deyirlər. Bircə iradları var – erotika bir az çoxdur.
Elminin sözlərinə görə, artıq anası da vəziyyətlə barışıb, hətta tamaşalara baxmağa da gəlir, heç bir premyeranı buraxmır:
“Ən çox “Toy” tamaşasından xoşu gəlir. Yəqin fikirləşir ki, mən də nə vaxtsa evlənəcəm”.
İllüstrasiyaların müəllifi: Məhərrəm Zeynalov
BBC