Ağa dili yox, Ana dilidir dilim!
1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərqərar etməklə SSRİ-nin (oxu: Rusiyanın) işğalından qurtulması həm də Azərbaycan dilinin azadlığa qovuşması demək idi. Güman etmək olardı ki, hər bir vətəndaşımız rəsmi dövlət dilimizin işlək vəziyyətə gətirilməsinə, dilçi alimlərimiz isə onun bütün sahələrdə tətbiqi baxımından inkişaf etməsinə çalışacaqlar. Hər bir azərbaycanlı doğma dilimizdə danışmaqdan, yazmaqdan və düşünməkdən qürur duyacaq. Amma heyhat…
Bu gün Vətənimizin başına min bir müsibət gətirən, torpaqlarımızın işğal olunması məqsədilə Ermənistana havadarlıq edən, öz mediası ilə ölkəmizə qarşı total şəkildə informasiya müharibəsi aparan, kefi istəyəndə saxta politoloqları vasitəsilə hətta dövlət başçımızın ünvanına xoşagəlməz ifadələr işlətdirən, siyasi və iqtisadi elitasında ermənilərin çoxluq təşkil etdiyi, hökumətində erməni əsilli baş nazirin və xarici işlər nazirinin olduğu imperialist və şovinist mahiyyətli Rusiyanın rəsmi dövlət dili müstəqil Azərbaycan dövlətinin kütləvi informasiya vasitələrində meydan sulamağa başlayıb.
Ən qəribəsi odur ki, rus dilində təhsil alanların sayının artması ilə bağlı məsələnin tənqidi gündəmə gələndə özlərini iftixarla “rusdilli” sayanlar bunu az qala top-tüfənglə qarşılayırlar, rus dilində təhsilin “üstünlüyü”ndən puç mühazirə oxumağa başlayırlar. Amma ayaqlarını qardaş Türkiyəyə qoyduqda quzu balası kimi türkcə danışırlar. Hətta Türkiyənin universitetlərində müəllim kimi fəaliyyət göstərən “rusdilli”lər də orada türkcə danışırlar və Azərbaycana gələndə danışıqlarında türk sözlərindən yerli-yersiz istifadə edirlər.
Əlbəttə, bir neçə dili mükəmməl bilmək çox yaxşı çəhətdir. Düşmənin dilini ondan da yaxşı bilmək pis deyil. Amma bu, doğma dilimizin bir kənara atılması, alçaldılması, təhqir edilməsi hesabına həyata keçirilməməlidir. Azərbaycan vətəndaşı poliqlotluğu belə çox sevirsə, öncə rəsmi dövlət dilində mükəmməl danışmağı bacarmalıdır. Vicdanı qoyuruq bir kənara, ən azı, bunu qanun tələb edir.
Bəlkə indiki gənclər bunu bilmirlər, amma sovet dönəmində Gürcüstan, Ermənistan, Latviya, Litva və Estoniyada rus dilində sual verib cavab almaq qeyri-mümkün idi. Gürcü, erməni, latış, litov və eston hətta turistə belə rus dilində cavab vermirdi.
Bizdə isə əksinə idi. Yalnız bizim ölkəmizdə, xüsusilə də Bakıda az qala hər kəs Azərbaycan dilindən başqa istədiyi dildə danışırdı. Əgər məclisdə bir nəfər rus vardısa, hamı rus dilində danışmağa başlayırdı və bununla qonağımıza guya hörmətimizi bildirirdik. Qürrələnirdik ki, gürcüdən, ermənidən, latışdan, litovdan və estondan fərqli olaraq azərbaycanlılar rus dilində ləhcəsiz, təmiz və səlis danışırlar…
Bir tanışım belə əhvalat söylədi. Onun qızı Estoniyada ərə getmişdi. Toyun ertəsi günü təzə bəy xanımına eston dilində lüğət bağışlayaraq, çox tezliklə yaşadığı ölkənin rəsmi dilini öyrənməsini tələb etmişdi. Onu buna görə qınamaq olardımı? Əsla yox. Bu hərəkətin adı – doğma dilə hörmətdir. Bu çür hala bizdə rast gəlmək mümkün idimi? Çox nadir halda. Bizdə başqa millətdən olan qadınla evlənən və ya başqa millətə ərə gedən şəxs dərhal azərbaycanlı olmaqdan çıxıb, həmin millətin nümayəndəsinə, dil daşıyıcısına çevrilir.
Bəli, nəinki gürcüdən, ermənidən, lastışdan, litovdan və estondan, eləcə də qazaxdan, özbəkdən, qırğızdan, türkməndən… fərqli olaraq azərbaycanlılar rus dilində ləhcəsiz, təmiz və səlis danışırdılar. Amma heç fikirləşmirdik ki, doğma dilimizə, deməli, həm də Vətənimizə həqarətlə yanaşır, onu başqasının ayaqları altına atır və beləliklə, öz dilimizdə danışmağa sanki xəcalət çəkirdik…
Əfsuslar olsun ki, hazırda bunun utancverici nümunəsini son illər ərzində proqram siyasətində böyük dəyişikliklərə nail olmuş İctimai TV-də yayımlanan “Səs uşaqlar” televiziya vokal müsabiqəsində müşahidə edirik. Bu yarışa baxanda adam özünü Azərbaycanda deyil, Rusiyada hiss edir. Çünki yarış iştirakçılarının əksəriyyəti rus dilində danışır. “Gülməli”si isə odur ki, yarışın aparıcısı Leyla Quliyeva və özlərini “ustad” adlandıran münsiflər heyətinin üzvləri Murad Arif, Zülfiyyə Xanbabayeva və Çingiz Mustafayev də həmin iştirakçılara qoşularaq, onlarla rus dilində danışırlar. İTV deyə bilər ki, rusca danışanların sözləri tərcümə edilərək subtitrlərdə yazılır. Amma bu, durumu dəyişdirmir. Çünki söhbət Londondan, “BBC” kanalından, ingilis uşaqlarından getmir. Məsələ heç gürcü balalarının sözlərinin tərcüməsində də deyil. Bakıda, İctimai televiziyanın verilişində azərbaycanlı törəmələri və bu torpaqda yaşayanlar rus dilinə üstünlük verirlər. Gələcəyimiz parlaqdır!!! Kremlin qülləsindəki ulduz kimi…
İTV-nin baş direktoru, hörmətli Balaş Qasımovun vətənpərvərliyinə heç bir şübhəmiz yoxdur. Onun ölkəmizdə intellektual yarışların populyarlaşdırılmasında, intellektlər ordusunun formalaşmasında böyük və danılmaz xidmətləri var. Balaş Qasımovun Rusiyanın “1” kanalında yayımlanan “Çto? Qde? Koqda?” proqramında iştirakından və qələbələr qazanmasından da məmnunuq. Amma Balaş Qasımov həmin proqramda azərbaycanca danışa bilərmi? Əlbəttə ki, yox. Çünki ruslar buna yol verməzlər.
Onun İTV-də aparıcısı olduğu “Nə? Harada? Nə vaxt?” verilişində qızğın müzakirələrin sətri tərcüməsinin subtitrlə verilməsini necəsə anlamaq olar. Amma öncədən çəkilən “Səs uşaqlar” vokal yarışına bunun tətbiq olunması düzgün deyil. Birincisi, bu, dilimizə həqarət və hörmətsizlikdir. İkincisi, bu, ölkədəki rus məktəblərində Azərbaycan dilinin çox bərbad şəkildə tədris olunduğunun ən böyük sübutudur. Azərbaycanlı məktəblilər öz fikirlərini Azərbaycan dilində ifadə etməkdə nə üçün çətinlik çəkməlidirlər ki?! Biz nədən efirdən rus dilinə qulaq asmalıyıq?
Maraqlısı və qəribəsi odur ki, bir müddət əvvəl yayımlanmağa başlanan bu müsabiqədə “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunlara zidd hallar baş verir, amma vaxtaşırı telekanalları müxtəlif qüsurlara görə cəzalandıran Milli Teleradio Şurası bu cür böyük qanun pozuntusuna göz yumur.
“Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunda deyilir ki, dövlətimiz “Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır”.
Bu qanunda aydın şəkildə göstərilir ki, “dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur”. Bundan başqa, xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına, bu dildən sərbəst istifadə etmələrinə köməklik göstərilməlidir.
Qanunda o da deyilir ki, başqa dillərdə fəaliyyət göstərən təhsil müəssisələrində dövlət dilinin tədrisi məcburidir, ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir.
Dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etməyin qadağan olduğuna da diqqət cəlb edilir.
Ən əsası isə qanunun 18.2-ci maddəsində bildirilir ki, Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər. Qanun pozan hüquqi, fiziki və vəzifəli şəxslər isə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Bu ilin may ayında Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyənləşib.
Həmin qanuna əsasən, Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.
İndi isə söz Milli Teleradio Şurasınındır. Xanımlar və cənablar, bu, çox ciddi məsələdir. Biz ölkəmizdə və onun aynası olan teleməkanımızda Azərbaycan dilinə hörməti təmin etməliyik. Bizə öncə Azərbaycan dilində mükəmməl bilən, sonra isə digər dilləri mənimsəyən övladlar böyütmək lazımdır. Çünki Azərbaycan dilində özünü ifadə edə bilməyənin düşüncəsi ölkəmizi təhdid edən Rusiyanın informasiya məkanının “birinci ledi”sinə çevrilən Marqarita Simonyandan fərqli olmayacaq.
Bu incəliyə diqqəti vaxtilə rusdilli medianın nümayəndəsi, keçmiş deputat, hazırda Ukraynadakı səfir Elmira Axundova da cəlb etmişdi. O, haqlı olaraq rus məktəblərinin bağlanmasını, digər dillərdə olan azsaylı özəl məktəblər kimi fəaliyyət göstərməsini, rus dilinin xarici dil kimi tədris olunmasını təklif etmişdi.
Bir vaxt 28 aprel, sonra 20 Yanvar, Xocalı, 4 iyun Gəncə qiyamı, Aprel döyüşləri, indi isə Tovuz hadisələri Rusiyanın dövlətimizə, millətimizə qarşı açıq-aşkar təhdidləri bu məsələni günümüzün reallığına çevirib. Tolerantlığın da həddi var… Bu, özünü alçaltmaya çatdıqda, artıq yolverilməzdir.
Xatirə SADİQ,
KONKRET.az
Çox gözəl dediniz bu həqarətdir o yerdə ki o tayda biz bu dilin saxlamağın gündə qan veririk !!!!!!
Bəli, bu mövzu ilə bağlı dəfələrlə məyusedici hallarla qarşılaşmışam. İllər öncə rayonumuzda Sülh Korpusunun nümayəndələri və Türkiyədən gələn layihə ortaqlarımızla birgə sadə bir masa arxasında əyləşərək layihəni müzakirə edirdik. Birdən qızlardan biri turk vətəndaşı ilə rahat olsun deyə türkcə danışmağa başladı. Layihənin ortağı olmuş həmin türk vətəndaşı isə bizim qıza belə bir fikir bildirdi: ” Siz bizimlə türkcə deyil, azericə konuşun!” Baxın, dövlət dilinə hörmətin kiçik bir sübutu..
Təşəkkürlər, Xatirə xanım! Dilimizə göstərdiyiniz sayğıya, ona xor baxanları ifşa etdiyinizə görə qarşınızda baş əyirəm…
Hörmetli mūellif, Sizinle tam raziyam, qaldirdiğiniz problem gūnūmūzūn en actual problemlerindendir…Teessūf ki, realliğimiz utancvericidir.
Təkcə mənə elə gəlir ki, o verilişin azərbaycan dilinə vura biləcəyi zərər mikronla ölçülə bilər?
Hansı veriliş dilə kömək edir ki, hansı da ziyan vursun?!