“Hakimiyyət iki geosiyasi mərkəz arasında manevr edir. Amma bir gün onun qarşısına sərt bir tələb qoyulacaq”.
KONKRET.az xəbər verir ki, bu sözləri İrəvan Dövlət Universitetinin beynəlxalq münasibətlər və diplomatiya üzrə sədri Qriqor Balasanyan bildirib.
Onun sözlərinə görə , KTMT nizamnaməsinin 11-ci maddəsində göstərilir ki, hər hansı dövlət təşkilatdan çıxmaq istəyirsə, bu barədə 6 ay əvvəl məlumat verməlidir. Və 6 aydan sonra ərizə geri götürülməzsə, o zaman KTMT-ni tərk etmiş sayılır. Ancaq nizamnamədə münasibətlərin dondurulması ilə bağlı heç bir məqam yoxdur.
“Hüquqi baxımdan üzvlüyün dondurulması üçün belə bir prosedur yoxdur. Dövlət ya təşkilatın üzvü olur, ya da olmur. Belə təəssürat var ki, Paşinyanın Mur və Şoltsla görüşündən sonra Ermənistanın KTMT-dən çıxması ilə bağlı tələb irəli sürülüb. Lakin Ermənistan rəhbərliyi onun fəlakətli nəticələrini çox yaxşı anlayaraq, aralıq bəyanatlar verir ki, nə Qərbi narahat etsin, nə də ruslarla və KTMT ilə münasibətləri birdəfəlik pozmasın”, – Qriqor Balasanyan bildirib.
Ekspert vurğulayıb ki, Nikol Paşinyanın KTMT üzvlüyünün dondurulması ilə bağlı bəyanatı vaxt udmaq üçün atılan addım idi. Ancaq Ermənistana nə qədər vaxt veriləcəyi məlum deyil.
“Əgər Ermənistan hökuməti davamlı olaraq iki geosiyasi mərkəz arasında bu cür manevrlər aparmağa çalışırsa, o, açıq şəkildə başa düşməlidir ki, bir gün onun qarşısında bu və ya digər şəkildə tələb irəli sürüləcək. Ona görə də B planı varsa, vaxt qazanmaq olar, amma yoxdursa, vaxt qazanmaq heç nə verməyəcək, əksinə, iki geosiyasi mərkəz arasında münasibətləri daha da gərginləşdirəcək”, – deyə o qeyd edib.
Balasanyan hesab edir ki, hazırda Ermənistanın Rusiyadan başqa heç bir dövlətlə müttəfiqlik münasibətləri yoxdur: “Tərəfdaşlıq, bir-birinə gülümsəmək, avropalıların ermənicə salam verməsi onların Ermənistanın müttəfiqi olması demək deyil. NATO-nun iki ildir silahla təmin etdiyi ən yüksək əməkdaşlıq statusuna malik olan Ukrayna belə, Qərbin müttəfiqi olduğunu bəyan etmir”.
“Ermənistan hökuməti müttəfiqi ilə münasibətləri pozur, lakin digər tərəfdən Qərbdən heç bir status belə almır. Amma buna baxmayaraq, potensial düşmənlərimizə mesaj verirlər ki, Ermənistan artıq müdafiəsiz deyil, nə istəsələr, edə bilərlər. Bu, təhlükəlidir”, – Qriqor Balasanyan vurğulayıb.
Natiq Səlim,
KONKRET.az