“İri bankların rəhbərləri ilin mənfəət nəticələrinə görə yaxşı bonuslar alırlar. Söhbət bankın idarə heyətinin sədrindən, müavinlərdən və bəzi departament rəhbərlərindən gedir. Onların hər birinin illik mükafatı bəzən bir neçə milyon manat olur. Ona görə də onlar ilboyu maraqlıdır ki, gəlirlər yüksək, xərclər isə az olsun. Hər yerdən sıxırlar ki, ilin nəticəsində mənfəətə çıxaq və bizə yaxşı bonus versinlər”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. O bildirib ki, böyük bankları birbaşa sahibləri idarə etmir:
“Bəli, belə problemlər var. Bir çox banklara məxsus terminal, bankomat, plastik kart və digər xidmətlərdə tez-tez problemlər meydana gəlir. Xüsusən də iri banklarda özünü daha aktual göstərir. Mən bunun səbəbini həmişə izah etmişəm. İri bankların rəhbərləri ilin mənfəət nəticələrinə görə yaxşı bonuslar alırlar. Söhbət bankın idarə heyətinin sədrindən, müavinlərdən və bəzi departament rəhbərlərindən gedir. Onların hər birinin illik mükafatı bəzən bir neçə milyon manat olur. Ona görə də onlar ilboyu maraqlıdır ki, gəlirlər yüksək, xərclər isə az olsun. Hər yerdən sıxırlar ki, ilin nəticəsində mənfəətə çıxaq və bizə yaxşı bonus versinlər. Burdan sual meydana çıxa bilər ki, niyə məhz böyük banklar? Çünki böyük bankları birbaşa sahibləri idarə etmir. Məsələn, kiçik və orta bankların sahibləri mütəmadi problemlərə nəzarət edirlər”.
Hüquqşünas vurğulayıb ki, bu kimi problemlərlə bağlı Mərkəzi Banka şikayət olunmalıdır və onlar məşğul olmalıdır:
“Düzdür, orta və kiçik banklarda da bonuslar var, amma nəzarət edirlər ki, bank menecerlərinin fikri bonuslara gedib, xidmətlərin keyfiyyətinə ziyan vurmasınlar. Böyük bankların sahibləri isə bankın işi ilə heç maraqlanmır. Onlar sadəcə ayrı-ayrı rəhbərlərin onlara təqdim etdikləri maliyyə hesabatlarına baxırlar. Buna görə də, ümumiyyətlə böyük banklarda xidmət keyfiyyəti qənaətbəxş deyil. Bu kimi problemlərlə bağlı Mərkəzi Banka şikayət olunmalıdır və onlar məşğul olmalıdır. Mərkəzi Banka əgər şikayət daxil olubsa, onlar bu işlə məşğul olur. Hətta son dövrdə AMB ən böyük banklarımıza qarşı belə cərimələr tətbiq edir. Sadəcə bizdə vətəndaşlar mütəmadi şikayət etmilər, düşünürlər ki, onsuz da xeyri yoxdur”.