“Azərbaycan qanunvericiliyində şəxsin əlil olub-olmamasına əsaslanaraq kreditin verilib-verilməməsi nəzərdə tutulmur. Yəni, bu istiqamətdə hər hansı bir ayrıseçkilik mövcud deyil. Lakin əlilliyi olan şəxslərin gəlirləri nisbətən aşağıdır. Bu isə onların kredit götürmə imkanlarını məhdudlaşdırır”.
Bu fikiləri iqtisadçı Xalid Kərimli KONKRET.az-a açıqlmasında səsləndirib.
“Əlilliyi olan şəxslərin işləmək imkanları məhduddur. Bu isə onların gəlirlərinin azlığına səbəb olur. Eyni zamanda, onların tibbi xidmətlər və digər ehtiyaclar üzrə əlavə xərcləri də mövcuddur. Banklar kredit qərarı verərkən ilk növbədə borcalanın gəlirlərinə və xərclərinə nəzər yetirir. Yəni, şəxsin aylıq gəlirlərindən gündəlik xərclər çıxıldıqdan sonra qalan məbləğ qiymətləndirilir. Bank bu vəsaitin kreditin geri qaytarılması üçün yetərli olub-olmadığını araşdırır.
Kreditin məbləği borcalanın ödəmə qabiliyyəti əsasında müəyyən olunur. Mərkəzi Bankın tələblərinə əsasən, vətəndaşın kredit ödənişləri onun ümumi aylıq gəlirinin 45 faizindən artıq ola bilməz. Bu borc-gəlir nisbəti banklar üçün vacib göstəricidir”.
İqtisadçı qeyd edib ki, əlilliyi olan şəxslər sosial cəhətdən həssas təbəqə sayıldığından onların kreditləri üzrə risk göstəriciləri banklar üçün yüksək ola bilər.
“Çünki belə şəxslərlə potensial mübahisələr cəmiyyət və media üçün daha həssas xarakter daşıyır. Buna görə də banklar bu məsələdə daha ehtiyatla yanaşmağa çalışırlar.
Nəticə etibarilə, problem şəxsin əlil statusu ilə deyil, onun maliyyə imkanları, gəlir səviyyəsi və xərcləri ilə bağlıdır. Gəlirləri aşağı olduğu üçün banklar bu şəxslərə kredit verməkdə çətinlik çəkə bilirlər”.
Aynurə İsmayıl
KONKRET.az