Səhm bazarı Azərbaycanda o qədər də aktiv olmayan bir sektordur. Lakin zaman-zaman bir sıra şirkət və banklar özlərinə investisiya cəlb etmək üçün bu sektora addım ataraq, fiziki şəxslərə də səhm əldə etmək üçün müəyyən təkliflər irəli sürürlər.
Bəs vətəndaşların bu sahəyə marağı varmı? Səhm satın almaq onlara qazanc gətirə bilər?
KONKRET.az xəbər verir ki, məsələni şərh edən iqtisadçı Eyyub Kərimli bildirib ki, hər bir vətəndaş əgər qanuni olan hansısa təşkilatın, qurumun səhimini əldə edirsə, bu, yalnız ona gələcəkdə yatırım kimi nəzərə alına bilər:
“Ölkədə səhm bazarı çox inkişaf etməsə də, səhmlər satışa çıxarılır. Vətəndaşlar bu cür səhmləri banklardan da əldə edə bilər. Sözügedən məsələ hər kəsin şəxsi büdcəsindən asılıdır.
Bundan bir müddət öncə SOCAR da şirkət səhmlərini müəyyən valyuta qarşılığında satışa çıxarmışdı. Hansısa bank və ya şirkət bu səhimi satırsa, bu, inkişafı üçün əlavə investisiya cəlb etmək məqsədi daşıyır. Əlbəttə, hər bir şəxs araşdırma apararaq, istənilən bank, təşkilat, yaxud qurumun, həmçinin də, özəl sektorun səhmlərini əldə edə bilər. Gələcəkdə isə bu səhmlərdən müəyyən dividentlər qazana bilər. Burada əsas məqam səhmdar qurumun şəffaf, düzgün fəaliyyət göstərməyi, qanunlar çərçivəsində dividentləri vaxtında ödəməyidir”.
Ekspert qeyd edib ki, sözügedən mövzu bizdə o qədər də aktual deyil:
“Səhm bazarı ölkəmizdə yetəri qədər inkişaf etməyib. Dünyada isə insanların əksər hissəsi oxşar fəaliyyətlə məşğul olur və hansısa səhmlərə investisiya yatırımı edərək əlavə gəlir əldə edirlər. Bu həm divident formasında olur, həm də təşkilatlar gələcəkdə işlərini daha da inkişaf etdirdikdə, səhmlərin də qiyməti artır. Həmin sektorda müəyyən risklərin mövcudluğu danılmazdır. Səhm satan şirkət, bank anidən müflis ola, yaxud səhmlər dəyər itirə bilər. Bu baxımdan ciddi araşdırma apardıqdan sonra səhm almaq daha doğru seçimdir”./“Yeni Sabah”