“Baş həkim mənə dedi ki, belə getsə, qolunu kəsəcəyik. Bu, mənim üçün ölümə bərabər idi” – Qarabağ qazisibackend

“Baş həkim mənə dedi ki, belə getsə, qolunu kəsəcəyik. Bu, mənim üçün ölümə bərabər idi” - Qarabağ qazisi

“Muharibənin ağrılarını bədənimdə hələ də hiss edirəm və mənə elə gəlir ki, ömrüm boyu bu, məni təqib edəcək. On ildən çoxdur şəkər xəstəliyindən əziyyət çəkirəm, böyrəyimin biri demək olar ki, sıradan çıxıb. Ağ ciyərimdə də ciddi problemlər var. Dövlətdən aldığım təqaüd isə dərmanlar üçun yetərli deyil. 45 yaşım var, iki ilə yaxındır xəstəliklə əlaqədər əmək qabiliyyətimi də itirmişəm”.

Bu sözlər müsahibim – Qarabağ müharibəsi qazisi Hacı Həsənxanova aiddir. O Hacıya ki, müharibənin ən qızğın vaxtında – 1992-ci ilin mart ayında 18 yaşındaykən cəbhəyə yollanır və iki dəfə yaralanmasına baxmayaraq, yenidən döyüşə qayıdır, 1996-cı ilin aprel ayına kimi Vətənə xidmət edir. Döyüş yolunun necə başlaması ilə bağlı sual verdikdə cavabı çox maraqlı oldu: “Biz 108 nəfər 20 günlük təlimdən sonra N saylı hərbi hissənin tabeliyinə verildik və 108 nəfərdən cəmi 7 nəfər evə döndü. Əsasən Ağdərə, çox az müddətdə isə Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Döyüş barəsində onu deyə bilərəm ki, burada hadisələr Hollivud filmlərində olduğu kimi cərəyan edir, sadəcə bir fərq var ki, bizim yaşadıqlarımız realdır, film isə elə filmdir!”.

  • Ümumiyyətlə, 1992-ci ildə insanlarda döyüş ruhu necə idi?
  • Onu deyim ki, 1992-ci ildə Ağdərə istiqamətində ordumuz xeyli irəliləmişdi. Ağdərə cəbhəsində Sürət Huseynovun könüllülər dəstəsi, Gəncə batalyonu, Sərdar Həmidovun başçılıq etdiyi Tərtər batalyonu cəbhəboyu vuruşurdu. O vaxt bizim briqada komandirimiz Nəcməddin Sadıqov, batalyon komandirimiz isə Lənkəran Əliyev idi. (Əliyev hazırda Naxçıvanda ordu generalının müavinidir). O Lənkəran Əliyev ki, bizi 8 gün muhasirədən sonra sağ-salamat postumuza qaytara bilmişdi. Mən və daha 5 əsgər yoldaşım kəşfiyyat üçün düşmən arxasına keçmişdik. Məlumat toplayıb geri dönərkən mühasirəyə düşdük. Ərzaq ehtiyatımız tam tükənmişdi və biz beş gün qar suyu və meşədən qar altından tapdıqlarımızla keçinmişik. Səkkiz gündən sonra komandirimizin bacarığı bizi xilas etdi.
  • Bəs işlər tərs getsəydi, necə?

(Dərindən köks ötürür).

  • Hər birimizin üzərində 3-4 qumbara var idi və biz əsir düşməmək üçün hər an onu partlatmağa hazır idik.
  • Bəs necə oldu ki, yaralandınız?
  • Döyüşdə ilk dəfə qolumdan yaralandım. Bu, qəlpə yarası idi. Gözumu hərbi hissənin tibb məntəqəsində açdım. Dörd gün burada qaldıqdan sonra qolum şişməyə başladı və məni Gəncəyə hərbi hospitala göndərdilər. İlk həftə sahibsiz insan kimi xəstəxananın bir küncünə atılmışdım, tibbi personal mənimlə maraqlanmırdı. Artıq qolum sinəmə qədər iltihab etmişdi. Baş həkim mənə dedi ki, belə getsə, qolunu kəsəcəyik. Bu, mənim üçün ölümə bərabər idi.

Palatadan birtəhər dəhlizə çıxıb ilk gördüyüm insana yaxınlaşaraq qonşumuzun telefon nomrəsini ona verib atamı bura cağırmasını xahiş etdim. Sağ olsun Gəncə camaatı, əsgərlərə tez-tez baş çəkir, onlara diqqət göstərirdi. Beləcə atam yanıma gələndən sonra bəlli oldu ki, baş həkimin “dərdi” pul imiş. Və atam ona 2500 rubl verəndən sonra məni başqa palataya köçürdülər, yaxşı müalicə etməyə başladılar. Tezliklə sinəmin, qolumun çirki çəkildi, iki aydan sonra tam sağalıb döyüş mövqeyimə qayıtdım.

Qayıdandan sonra Surət Hüseynovla rəhmətlik Sərdar Həmidov arasında fikir ayrılığı düşənə qədər bir necə uğurlu hücum əməliyyatımız oldu.  Bundan sonra Surət öz qüvvələrini döyüş mövqelərindən geri çəkdi.

İkinci yaralanmağım da həmin vaxtlara təsadüf edir. Cəbhə boyu 40-45 kilometr irəliləmişdik, düşmənin əks-hücuma keçəcəyi də gözlənilirdi. Elə bu hücumların birində dizimdən yaralandım. Yaram ağır idi, çoxlu qan itirmişdim, döyüş meydanında köməksiz qalmışdım. Döyüş yoldaşım, əslən Naxçıvandan olan Bəhruz məni 500 metrə yaxın sürüyərək tibb məntəqəsinə gətirdi. Oradan isə Göyçaya hospitala apardılar. Göyçay camaatından da yerlə göy qədər razıyam, əsgərə qarşı çox diqqətli, qayğıkeş davranırdılar.

Bəhruz məni arxası üstə sürüdüyünə görə, boynum, başım, kürəyim param-parça olmuşdu. Bütün ağrılarım bir-birinə qarışmışdı. Bir həftə bu dözülməz ağrılarla Göyçay Xəstəxanasında qıvrılırdım. Baş həkim vəziyətimin kritik olduğunu və tibbi yardım imkanlarının məhdudluğunu nəzərə alıb məni Bakıya – Papanin hərbi hospitalına göndərdi. Burada iki ay yarımdan çox müalicə aldıqdan sonra tam sağalıb yenidən hərbi hissəyə qayıtdım. Bu dəfə isə məni komandiri Mehman Qəniyev olan 1-ci batalyonun tərkibinə verdilər.

Mənimlə bərabər cəbhəyə gələn 108 cağırışçıdan sonralar heç 10 nəfər də qalmamışdı. Əksəriyyəti şəhid olmuş, digərləri isə əlil kimi tərxis olunmuşdu. Atəşkəsə qədər bir sıra döyuşlərdə, əməliyyatlarda iştirak etdim. Mənim bəxtim onda gətirmişdi ki, komandirim əsl zabit Lənkəran Əliyev idi. Çünki o, ağır döyüşlərdən az itki ilə bizi xilas edirdi. Lakin elə hadisələrin şahidi olmuşam ki… Məsələn, Xan ləqəbli bir komandirin naşılığından tabeliyinə verilən 240 əsgərin 80 nəfəri elə ilk döyüşdəcə şəhid oldu.

Belə hadisələrdən çox danışmaq olar. Bu gün də torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən oğullarımız az deyil. Və bu onu göstərir ki, döyüş əzmimiz qırılmayıb. Ağır döyüşlərdə sağlamlığını itirən bir qazi kimi bütün çətinliklərə baxmayaraq, hər kəsi Vətən uğrunda fədakar olmağa çağırıram.

Elman ŞİRMƏMMƏDOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*