Parisdə keçiriləcək «Qətiyyətli Koalisiya» görüşündə Avropa diplomatları Qrenlandiya məsələsini gündəmə gətirməkdən çəkinəcəklər.
KONKRET.az xəbər verir ki, məqsəd ABŞ prezidenti Donald Trampın adada mümkün hərəkətləri ilə bağlı gərginlik yaratmadan Ukrayna üzrə danışıqları davam etdirməkdir.
ABŞ liderinin iştirak edəcəyi görüşdə əsas müzakirə mövzusu Kiyevə təhlükəsizlik zəmanətləri və Ukrayna-Rusiya müharibəsinin sona çatdırılması olacaq.
Fransanın nümayəndəsi bildirib ki, görüşün əsas məqsədi Ukrayna, Avropa və ABŞ arasında hərəkətlərin uyğunluğunu gücləndirməkdir.
Danimarka Baş naziri Mette Frederiksen əvvəlcədən xəbərdarlıq edib ki, ABŞ-ın Qrenlandiyaya hər hansı hərbi müdaxiləsi NATO-nun sonu olacaq.
Buna baxmayaraq, görüşün əvvəlində Qrenlandiya mövzusu mətbuat brifinqində qeyd olunmayıb.
Avropa rəsmiləri bildiriblər ki, danışıqların pozulmaması üçün diqqət əsasən Ukrayna ilə bağlı altı-yeddi sənəd layihəsinə və mümkün təhlükəsizlik zəmanətlərinə yönəldiləcək. ABŞ tərəfdən görüşdə xüsusi nümayəndə Stiven Uitkof və Trampın kürəkəni Jarred Kuşner iştirak edəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az
