“Baş verənlər ABŞ-ın öz əleyhinə çevriləcək” – AÇIQLAMAbackend

“Baş verənlər ABŞ-ın öz əleyhinə çevriləcək” - AÇIQLAMA

“Qərbin Ermənistanı silahlandırması Azərbaycana qarşıdır və bununla ölkəmizi Ermənistanın “gündəliyi” əsasında sülhə məcbur edirlər”.

Bunu KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib. Əlavə edib ki, hətta Nikol Paşinyan Azərbaycanın Ermənistanın şərtləri daxilində sülhə imza atmalı olduğunu bildirib: “Azərbaycanın buna getməyəcəyi aydındır. Göründüyü kimi, Paşinyan Azərbaycana qarşı konkret olaraq Qərbin əliylə təzyiq mexanizmləri formalaşdırmaq və Azərbaycanı sülhə məcbur etmək niyyətindədir. Ona görə də Ermənistan silahlandırılır.

Bunun baş verməsi həm də Rusiyanın mövqeyinin zəifləməsinə xidmət edir. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanmadığına görə Ermənistan tərəfi konkret olaraq Azərbaycana qarşı yeni hərbi təxribatlara əl ata bilər.

Ümumiyyətlə, ABŞ-ın Azərbaycana qarşı bu qərəzinin arxasında İran faktoru dayanır. ABŞ Zəngəzur dəhlizinin İran ərazisindən keçən hissəsini qəti şəkildə qəbul etmir. Buna görə də ABŞ Ermənistanın “gündəliyi” ilə çıxış edir, Ermənistanın “dünyanın kəsişməsi” adı altında planını dəstəkləyir. Ona görə də Azərbaycana ciddi təzyiq etməyə çalışır. ABŞ hesab edir ki, Azərbaycan İran və Rusiyayla ortaq çalışır və Zəngəzuru hərbi əməliyyatla götürmək istəyir. Azərbaycan tərəfi isə artıq Zəngəzur dəhlizinin Azərbaycan üçün cəlbedici olmadığını vurğulayıb.

Buna baxmayaraq, ABŞ Azərbaycana qarşı təhdidlər yaradır. Hesab edirəm ki, burada erməni lobbisi, islamafobiya və türkçülük əsas rol oynayır. Türkiyənin Azərbaycanla koordinasiyalı fəaliyyəti 2-ci Qarabağ müharibəsində öz bəhrəsini verib. Bundan sonra yaranan geosiyasi reallıqları ABŞ Cənubi Qafqazda öz strateji planlarına zidd hesab edir. Türkiyənin burada əhəmiyyətli dərəcədə mövqeyinin güclənməsi qəbul edilmir. Erməni lobbisinin təsiri ilə öz geosiyasi maraqlarını da qurban verir. Ümumiyyətlə, ABŞ regionda yaranan türk-islam, xüsusilə Türkiyə-Azərbaycan birliyinin formalaşmasını qəbul etmir.

Halbuki Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə dəstək versəydi, ikitərəfli danışıqlara əvvəlki kimi praktik yanaşsaydı, regiona sülh gələr, Rusiya da buradan çıxardı, ABŞ-ın da geosiyasi mövqeyi güclənərdi. Türkiyənin də rolu əlbəttə ki, əhəmiyyətli dərəcədə artardı.

Amma göründüyü kimi, ABŞ-ın erməni sevgisinin arxasında həm də Azərbaycanın türk dövləti olması dayanır. Görünür, ABŞ ermənilərə üstünlük vermək strategiyasına malikdir. Təbii ki, baş verənlər ABŞ-ın öz əleyhinə çevriləcək və Azərbaycan strateji planlarından əl çəkməyəcək. Azərbaycan qalib ölkədir və düşünürəm ki, regionda yaranan geosiyasi vəziyyəti ABŞ və Ermənistan da qəbul etməyə çalışacaq”.

Politoloq hesab edir ki, bölgədə çox ciddi proseslər gedir, Qərb və Ermənistan burada yeni düzən yaratmağa çalşır: “Onlar istəyirlər ki, Ermənistan üzərində İranın, Türkiyənin və Rusiyanın rolu əngəllənsin. Azərbaycanla Ermənistanı eyni tərəzinin gözünə qoysunlar. Məqsəd isə Azərbaycana təzyiq və Ermənistana “stavka” etməklə regionda öz geosiyasi mövqeyini qorumaqdır”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*